21 Aprel 2016 14:35
1 746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hamının qarşılaşdığı mənzərədir… Kimdən soruşursan ki, "nə bacarırsan?", deyir, hər işi. İnsan həm ustadır, həm fəhlədir, həm bağbandır, həm sürücüdür, həm kababçıdır, həm mühafizəçi və s. Bir sözlə, cəmiyyətdə nəyə ehtiyac varsa, ondandır. Əslində heç kimi qınamalı da deyil, pul qazanmaq və bir tikə çörəyi üçün çalışmaq hər kəsin haqqıdır. Amma bunu da normal etsək, daha gözəl olmazmı?! Hər hansı iş üçün hamımız yaxşı sənətkar axtarırıq, soruşub-öyrənirik, dostdan-tanışdan soraqlaşırıq… Vay o gündən ki, qarşına çıxan “sənətkar” sən deyən olmaya… Adətən, nəticə təxminən belə olur. Bu universal "mütəxəssis" ya aldatmaqla, yəni pulu alıb işi görməməklə yadda qalır, ya gördüyü iş heç nəyə yaramır, ya da sonda müştərisi ilə əlbəyaxaya çıxır...

Bu baxımdan ölkə Prezidentinin Fərmanı ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması bu sahəyə bəslənən ümidləri artırır. Məncə, indiyə qədər ilk peşə-ixtisas təhsili ilə bağlı köklü islahatlar aparan, Almaniya, Cənubi Koreya və digər ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq edən, “Müasir Azərbaycan Peşəkarları” Layihəsi çərçivəsində pilot peşə məktəbləri, resurs mərkəzləri yaradan nazirliyin hədəfləri bəllidir. Nəinki sosial-humanitar, eyni zamanda mühüm iqtisadi əhəmiyyət kəsb edən bu sahəni qaldırmaq və praktik bir strukturun yaradılması. Bütün bunlar yeni qurumun səmərəli fəaliyyətinin təmin edilməsinin ümumilikdə ölkə üçün nə qədər əhəmiyyətli olduğunu deməyə əsas verir.

Bunun üçün məncə, ilk növbədə, qanunvericiliyə müvafiq dəyişikliklər olunmalı, peşə təhsili olmayan işçilər işə götürülməməlidir. Amma bu qayda bir günün içində deyil, yubanmadan, amma tədricən tətbiq olunmalıdır. Vaxtı olanlar gündüz, çalışanlar axşam kurslarına cəlb olunmalı, çoxdan ixtisas alanlar isə ixtisasartırmaya cəlb olunmalıdırlar... Bununla da, həm ixtisaslı mütəxəssis çatışmamazlığı aradan qalxar, həm də bu gün dünyanın əksər ölkələrində hələ də kağız üzərində qalan ömürboyu təhsil proqramının əhəmiyyətli bir hissəsi reallaşar. Belə olarsa, qeyri-peşəkar "peşəkar"lardan da hamının canı xilas olar.

Fikrimizi daha aydın ifadə etmək üçün belə deyək. Məsələn, sürücülük vəsiqəsi olan şəxs öz fərdi maşınını, hansısa bir yük maşınını sürə bilər. Amma sərnişindaşıma ilə məşğul olan sürücülər eyni zamanda xidmət işində çalışdıqları üçün onlar əlavə peşə təhsili almalıdırlar. Deyək ki, həmin şəxs gün ərzində 6 saat sərnişin avtobusu sürür, 3 saat istirahət edir, sonra isə uyğun bir məkanda gündə 2 saat olmaqla, 3 aylıq kurslara cəlb edilir. Ən azından bu sahədə kobud rəftarın, məsuliyyətsizliyin nəticələri ona izah olunur, peşəsi xidmət sahəsi olduğu üçün rəftarının, psixologiyasının rolu nəzərə çatdırılır. Sonda insan düzgün xidmətin o qədər də çətin olmadığını anlayır, psixoloji baxımdan hazırlanır və yekun sınaqdan keçirilir. Və yaxud taksi sürücüləri, bənnalar, avtomobil ustaları, süpürgəçi, kababçı, çörəkçi, ərzaq daşıyan, satıcı, kassir, mühafizəçi, bələdçi, ofisant, bağban və digər sənət sahibləri...

Hamının rastlaşdığı mənzərədir, dəbdəbəli restoranda ofisantlar bəzən barmağını az qala stəkanın içərisinə salaraq götürürlər. Müştəri isə bir də həmin məkanın adını belə tutmur... Taksi, avtobus sürücüsüyəm deyib, aftoşluq edənlərdən, ustayam deyib sinəsinə döyən, işi çətinə düşəndə müştərini belə döyməkdən çəkinməyən, kababı ibtidai insan kimi bişirən, bağbanam deyib yaşıllığın anasını ağladan, bərbərəm deyib, müştərinin başına “oyun açan”, çörəkçiyəm deyib, çörəyi çirkli yeşiklərdə marketlərə daşıyan "kadr"lardan isə danışmağa dəyməz.

Odur ki, Peşə Təhsili üzrə Dövlət Agentliyindən gözləntilər çoxdur, lap çox. Yəni, hər il məktəbi bitirən təxminən 100-150 minlik kontingentin 35-40 mini ali məktəbə, 5-10 mini orta ixtisas kolleclərinə daxil olur. Azərbaycanda və ya xaricdə fərq etməz. IX siniflərdən məktəbi tərk edənləri də nəzərə alsaq, yerdə qalan təxminən 100 minlik "xammal"ı rəndələmək bu qurumun üzərinə düşür...

Bu, o qədər də asan görünməsin. Bütün bu işlər qaydaya düşərsə, cəmiyyətin bu qisminin ümumi münasibətlər müstəvisində də qarşılıqlı etimad yaranar. İnsanlar öz işinə daha vicdanla və məsuliyyətlə yanaşmağı öyrənər, bir çox hallarda olduğu kimi, heç kim bir-birinə fırıldaqçı gözüylə baxmaz... Bu, hamımıza lazımdır, hətta həmin "çoxixtisaslı" peşə sahiblərinə də... Onda hamımıza gərək olan bu iş üçün nə etmək lazımdır?! İşə başlamaq... Elə isə uğurlar...!

Bu sahədəki dünya təcrübəsi də maraqlı və öyrənməli cəhətlərlə zəngindir. Məsələn, inkişaf etmiş bir sıra Avropa ölkələrində peşə təhsili orta təhsilin bir qolu kimi IX sinifdən sonra, bəzi ölkələrdə isə hətta daha aşağı siniflərdən ayrılır. Yəni uşaqlar maraq və bacarıqlarına görə qruplaşdırılır və istiqamətləndirilir. Peşə təhsili üzrə təmayül siniflərində və ya ixtisaslaşmış məktəblərdə oxuyan şagirdin tədris proqramı da tam fərqli hazırlanır. Azərbaycanda orta təhsildə təmayülləşmənin tətbiqinə başlandığını nəzərə alsaq, bir istiqamət kimi də peşə yönümlü ixtisaslaşmanın götürüləcəyini güman etmək olar.

Peşəkara, öz sənətinin ustasına dəyər verən atalar da belə yerdə yaxşı deyib, qanana da qurban, qanmayana da, dad yarımçıq əlindən...

Bəşarət Məmmədov,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Müəllif: Bəşarət Məmmədov