““Azərbaycanfilm” kinostudiyası mənim nəfəsimdir. Mən burayla nəfəs alıram. 50 ildən çoxdur ki, kinodayam. Çox gözəl illər yaşamışam”.
Bu sözləri Teleqraf.com-a 66 yaşını qeyd edən əməkdar artist, kinomuzun Cəlalı, Şahbazı, Muradı Ənvər Həsənov deyib: “Doğum günü mərasimini iki hissəyə bölmüşəm. Bu gün ailəmlə evdə qeyd edəcəm. Dostlarım istirahətdə və şəhərdə olmadıqlarına görə onlara da ayrıca qonaqlıq verəcəm. Çox güman ki, sentyabrda yığılarıq.
Yaşlanmaqdan qorxmuram. Əvvəldən belə şeylərə fikir verən olmamışam. Həyatdır. Heç hədiyyə barədə də çox fikirləşməmişəm. Mənə ən böyük hədiyyə can sağlığıdır. Allahdan özümə can sağlığı arzu edirəm. Qalan hər şey düzələndir”.
Səhhətiylə bağlı danışan aktyor istilərdən şikayətlənib: “Səhhətim yaxşıdır, amma yaydı, havalar dəyişkəndir, ona görə gözlərim yumulur. Amma iş başında - kinostudiyadayam. Ömrümün yarıdan çoxunu kinoya həsr etmiş bir insan üçün bura çox əzizdir. Mən heç kinonun ən çətin dövrlərində belə kinostudiyadan ayrıla bilmədim”.
Yenidən efirdə görünəcəkmi?
“İndi yaydı, istidi. Qoyun sentyabr gəlsin, yenə ekranlarda olarıq. Hələ yenilik yoxdur. Kinostudiyaya gəlirəm, işlərimi görürəm. Belə. Amma sevinirəm ki, uzun illər filmlərə çəkilməməyimə baxmayaraq, yenə də yaddaşlardayam. Bu, məni sevindirir”.
Nərmin