5 Oktyabr 2016 17:57
1 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 5-də C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Əməkdar Rəssam Lətifə Quluzadənin “Nağıllardan süzülən rənglər” adlı rəsm sərgisi açılıb.

Teleqraf.com xəbər verir ki, muzeyin direktoru, Əməkdar Mədəniyyət İşçisi Sevinc Mikayılova uzun illər Azərbaycan Dövlət Kukla Teatrında rəssam kimi çalışmış Lətifə Quluzadənin yaradıcılığından söz açıb.

Bildirib ki, Lətifə Quluzadə öz həyat və yaradıcılığını uzun illər çalışdığı doğma kollektivinə bağlayıb. O, yüksək sənətkarlığa malik bir rəssamdır və dekorativ tətbiqi sənətin müxtəlif janrlarında yaddaqalan əsərlər yaradıb.

Xalq Artisti Cənnət Səlimova, Kukla Teatrının direktoru Rəşad Əhmədzadə, Xalq Rəssamı Nazim Bəykişiyev, Əməkdar İncəsənət Xadimi, rəssam Rafiq Kərimov və başqaları L.Quluzadənin dekorativ tətbiqi sənətin müxtəlif janrlarında, hətta keramika sahəsində rəngarəng obrazlar qalereyası yaratdığını bildiriblər. Tükənməz enerjiyə, maraqlı düşüncə tərzinə malik rəssam teatrın səhnəsində həmişə nağıla bənzər süjetlər, eskizlər yaradaraq balaca tamaşaçıları sevindirdiyini söyləyiblər.

Rəssamın sənət dünyasını əks etdirən və əfsanəvi nağıl qəhrəmanlarına həsr etdiyi “Nağıllardan süzülən rənglər” sərgisi böyük maraqla qarşılanıb.

Tədbirdə fırça ustasının həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Sonda L.Quluzadə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, sənətinə verilən qiymət üçün doğma kollektivinə və xalqına minnətdar olduğunu söyləyib.


Müəllif:

Oxşar xəbərlər