Teleqraf.com gənc yazarlar arasında sorğu keçirib: “Sizcə, müstəqillik dövründə çəkilən ən yaxşı filmimiz hansıdır?”
Səslənən fikirləri təqdim edirik:
Sevinc Elsevər: Müstəqillik dövründə çəkilən yaxşı filmlər var. "Fəryad"ın adını çəkə bilərəm. Vaqif Mustafayevin "Hər şey yaxşılığa doğru", "Fransız " filmləri də çox yaxşı işlərdi.
Sərdar Amin: Xeyli müddət idi bu filmin "Fəryad" olduğunu düşünürdüm. Düzdür, yenə də "Fəryad" filminin dramatik sujet xətti, aktyor işi adamı həyəcanlandırır. Ancaq yüksək sənətkarlıq baxımdan qiymətləndirsək bu filmi üstələyən filmlərimiz var. Filmlər həm də ciddi mesajlarla süslənmiş simvollarla, mətləbin vizual formada – kino dilində verilməsi yönündən qiymətləndirilməli olduğu üçün daha çox diqqətimi çəkən rejissor işi Vaqif Mustafayev xəttidir. Sənət əsərlərinin qiymətləndirilməsində konkretliyi qəbul etməsəm də sorğuda bunu etməyə məcbur olduğumdan V.Mustafayevin "Hər şey yaxşılığa doğru" qısametrajlı filminin adını çəkəcəm.
Ən son filmlərimizdən isə Asif Rüstəmovun "Axınla şağaı", Mirbala Səlimlinin "Qırmızı bağ" filmlərinin diqqət çəkən olduğunu düşünürəm. Bütün bunlarla yanaşı, Azərbaycanın müstəqillik dönəmin ən yaxşı filminin yaxın illərdə gənclər tərəfindən çəkiləcəyinə daxili əminliyim var.
Cəlil Cavanşir: Müstəqillik dövrü Azərbaycan filmləri haqqında çox da nikbin danışa bilməyəcəm. Ciddi mənada məni heyrətləndirən olmayıb. Amma kino işçilərinin əziyyətini tamam yerə vurmaq istəmirəm. "Buqələmun", "Pərdə", "Nabat", "Axınla aşağı" filmləri, məncə, uğurludur.
Aqşin Evrən: Fikirləşmədən desəm, Yavər Rzayevin "Sarı gəlin" filminin adını çəkə bilərəm. Ancaq bir az fikirləşsəm, "Sarı gəlin"in adını iki dəfə çəkərəm. "Oğlan evi" komediyası bizim ölkəmizin standartları üçün yaxşı idi. Son illər "Nabat" filmini tərifləyirlər, ancaq o qədər də bəyənmədim. Tapıntı yaxşıdır, lakin bəşəri ideyaların dili ilə danışmaq istəyən filmə yapışdırılmış boz qurd – ideologiya filmi kökdən salan yamaq kimi görünür. Bir də rejissor sanki qısametrajlı filmi dartıb tammetraj edib. Şiddətlə iddia edirəm: Azərbaycan tarixinin ən möhtəşəm filmləri hazırda ssenari halındadır. Rejissor-ssenarist Amil Məmibəyli və Ayşad Səfərəliyevin ssenarilərini buna misal olaraq göstərə bilərəm. Sevindirici haldır ki, nazirlik bu iki istedadlı gənclə yaxından maraqlanır.
Cavid Zeynallı: Mənə görə Yavər Rzayevin “Sarı gəlin” filmi müstəqillik illərində çəkilən uğurlu işlərdən biridir. Bu filmin çəkilməsindən təxminən 20 ilə yaxın vaxt keçib. Elçin Musaoğlunun “40-cı qapı”sını, Rövşən İsaxın “Aktrisa”sını baxılan, tamaşaçı tərəfindən müsbət qarşılanan əsərlər kimi qeyd edə bilərəm.
Həmçinin son 5-6 ildə “Azərbaycanfilm” kinostudiyasında çəkilən bir neçə uğurlu filmin adını çəkə bilərəm. Məsələn, Elçin Musaoğlunun “Nabat”, Oqtay Mirqasımın “Qisas almadan ölmə”, Elxan Cəfərovun “Yarımçıq xatirələr” filmlərini xatırlayıram. Babək Şirinsifətin hazırda istehsalatda olan “Üçüncü günün adamı”, İlqar Nəcəfin “Nar bağı” filmlərindən çox şey gözləyirəm, arzu edirəm, ümidlərimizi doğrultsunlar. Bəyənmədiyim, sevmədiyim, uğursuz hesab etdiyim filmlərin sayı isə uğurlu hesab etdiklərimdən çoxdur.
Ramin Paşazadə: Məncə, müstəqillik dövrümüzdə çəkilmiş ən yaxşı film rejissor Elçin Musaoğlunun "Nabat" filmidir. Rejissor bu filmi həqiqətən yüksək ustalıqla işləyib ortaya çıxarıb. "Nabat" filmini izləyəndən sonra başa düşdüm ki, Elçin Musaoğlu sənətkarlığı ilə hətta Nuri Bilge Ceylanı da üstələyir. Film haqqında çox şey demək olar. Sadə dildə mürəkkəb məsələdən danışır. Qarabağ haqqında çəkilmiş ən gözəl, pafossuz filmdir. Film milli kinomuzda minimalist tərzin ilk nümunəsidir.
Bu işin ən yaxşı cəhəti odur ki, intellektual film olsa da, istənilən tamaşaçı öz payını götürə bilir. Həm də sanki müharibə mövzusunda qısametrajlı filmlərdən ibarət tammetrajlı filmdir. Müstəqillik dövrümüzdə yaxşı filmlər çəkilsə də, məncə, "Nabat" birinciliyini hələ ki, heç bir filmə vermək fikrində deyil. Elçin Musaoğlu bizim illərlə dünyaya demək istədiyimiz sözləri sənəkarlıqla dünya tamaşaçısına göstərməyi bacarıb.
Mirmehdi Ağaoğlu: İlk növbədə “Sarı gəlin” filmi yadıma düşür. Qarabağ konflikti barədə çəkilmiş, pafosdan uzaq, fokusu müharibəyə yox, yalançı vətənpərvərliyə, müharibənin qəhrəmanlıq tərəflərinə yox, sadə insanların faciəsinə, müharibə zamanı sadə insanların üzləşdiyi ağrılara yönəldə bilib. Bu baxımdan “Sarı gəlin” dəyərli filmdir. “Axınla aşağı”nın da adını çəkmək istərdim. Bu filmi bəyəndim. Bizim rejissorların bəziləri film çəkəndə Tarkovskilik eləmək istəyirlər, kameranı qoyub çay içməyə gedirlər ki, sənət yaradırıq. “Axınla aşağı”da isə bu cür “sənətkarlıq” iddiaları yoxdur.
Bir də “Pərdə” filminin adını çəkmək istərdim. Bu film bütün qüsurları ilə birlikdə kino sahəsində cəsarətli addımdır. Həm cəsarətli mövzu seçildiyi üçün, həm də dövlət hesabına deyil, müstəqil şəkildə çəkildiyi üçün.
Bəxtiyar Hidayət: Fikrimcə, müstəqillik dövründə çəkilən ən yaxşı film “Bəxt üzüyü”dür.
Rövşən Danyeri: Son illər çıxan bütün filmlərə baxmağa çalışıram. Amma tam ürək rahatlığı ilə, tam zövq aldığım bir film olmayıb. Sanki Azərbaycan rejissoru özünə güvənmir. Ən azından filmdə bunu hiss edirsən. Film boyu rahat ola bilmirsən, rejissorun hər an səhv edəcəyini düşünürsən. Bu mənada sənət filmlərindən heç birinin adını çəkə bilməyəcəm. Müstəqillik dövründə, xüsusən də son illər kommersiya filmləri yüksəlişdədir. Bu da normaldır. Düşünürəm ki, son illər çəkilən kommersiya filmləri daha çox öz kriteriyalarını ödəyə bilir, nəinki festival filmləri.
Ömər Xəyyam: Bu, “ən” məsələsi ən çətin məsələlərdən biridi. Birincisi, cavab verənin yaşı önəmlidi, yəni məsələyə gözlərini hardan qoyub baxmağı. İkincisi, çəkilən filmlər dövrünə görə qiymətləndirilməli. Mən xeyli cavanam, xeyli beynəlxalq meyilliyəm, ol səbəb müasir poza verib, postmodern rakursdan gözlərimi quraşdırıb deyirəm ki, “bizim film” deyə-deyə kinomatoqrafiyanı rəzil günə qoyublar. Ki, sənət gərək lokallıqdan arına; yerli, xüsusi məsələdən təmizlənə. Məsələn, bizdəki mental problemlər, ya da hansısa kənddəki ailə-məişət müstəvisində konfliktdən film düzəltsən, olacaq reportaj, düzmü deyirəm? Rejissor gərək həmən məsələni dekor kimi götürə, fon kimi quraşdıra, amma qoyduğu problemi beynəlxalq səviyyədə həll eləyə. Axı sənətin dili yoxdu, düzmü deyirəm? Bizim kinoçəkənlərin sənəti çox “bizim” olur, dili də təmiz türkcə.
Məsələn, elə götürək “Nabat” filmini. Filmin gözü əladı, Tarkovski, İran kinomatoqrafiyasından təsirlənmələr, amma və lakin pafos o qədərdi ki...
“Axınla aşağı” filmi – ki axınla zatən aşağı getmək olur – pis deyil. Lap təzələrdən “Pərdə” – mentallıq problemi qoyulub, amma çox “bizim” filmdi. Məsələ nədi, - əvvəldəcə ona görə arqumentlərimi qeyd etdim ki, deməsinlər bu, nə danışır, nəmənədi – istər teatr olsun, istər film, pafosdan arına gərək. Milli Elmlər Akademiyası ola bilər, amma “milli film” ola bilməz, olmamalı, öz dilimizcə desək, uzaq Avstriyada maraqlı deyil Novruzəlinin problemi, amma film diliylə elə qəşəng göstərmək olar ki, burda məsələ türk-ingilis dili müstəvisində yox, sənət dili müstəvisində həll olunmalıdı. Qarabağ problemindən bəhs eləyən filmlər bərbad, bayağı. Bu mövzuda müstəqillik dövründə çəkilmiş Yavər Rzayevin “Sarı gəlin” filmi çox gözəldi. “Sarı gəlin”, ümumiyyətlə, gözəl filmdi. Bir də “Kuklalar” filmi var. Müdhişamiz bir film! O birilərdə detallar var, hətta bəzilərində texniki göstəricilər də əladı, amma və lakin kompleks şəkildə, bütünlüklə film deyil. Məsələn, bizim şairlərin də çoxu misra-misra yadda qalır, tam mətni az adam xatırlar. Bunu niyə dedim, bilmirəm.
Qismət Rüstəmov: Məncə, sənət filmi kimi "Nabat"ı, mental tabulara atəş açmaq cəhdi kimi "Pərdə"ni, kommersiya filmi kimi "Oğlan evi"ni uğurlu saymaq olar. Hərçənd, tam mənası ilə ürəkdən "əladır" deyiləsi filmlər əfsus ki, hələlik yoxdur.
Orxan Zaman: Müstəqillik dövrü baxdığım filmlər içərisində mənə görə ən yaxşısı Emil Quliyevin çəkdiyi "Pərdə"dir. Düzdür, Elçin Musaoğlunun " Nabat" filmi haqqında da xoş sözlər eşitmişdim, amma baxa bilməmişdim o filmə. Ona görə ki, mən baxmaq istədiyim vaxt bütün saytlardan götürülmüşdü. Hə, gələk "Pərdə" filminə. Niyə "Pərdə"ni sevmişəm onu da deyim. Əvvəla, filmdə özümüz varıq, ikincisi rejissor dialoqlara xüsusi diqqət yetirib, əvvəlki filmlərimizdən fərqli olaraq burda dialoqlar bayağılıqla işlənməyib. Aktyorlar öz rollarını rahatlıqla ifadə eləyə bilib. Fikrimcə, film uğurlu alınıb. Yuxarıda qeyd eləmişdim ki, filmdə özümüz varıq. Bu, məncə, kinoda vacib nüansdır. A.Kiarostaminin filmləri niyə gözəldir? Çünki orda farsların məişətini, nə düşündüyünü, hansı həyat prinsipləri ilə yaşadıqlarını rahatlıqla görə bilirsən. Emil Quliyev də "Pərdə"də buna nail ola bilmişdi. Mental dəyər dediyimiz, əslində heç bir dəyəri olmayan o "dəyərin" insanların həyatına vurduğu zədələri, travmaları göstərə bilmişdi. Fikrimcə, bu filmi müasir dünya kinosuna inteqrasiya kimi dəyərləndirmək olar.
Elmin Nuri: “İcazənizlə, mən bir yox, bir neçə filmin adını çəkmək istərdim. Bu dönəmdə ekranlaşdırılan filmlərdən ən çox bəyəndiyim "Küçələrə su səpmişəm"dir. Kinomuzun bəxtsiz rejissorlarından olan Nicat Feyzullayevin şah əsəridir. Eyniadlı povestin və ssenarinin müəllifi İsi Məlikzadəni də unutmaq olmaz. "Dərvişin qeydləri"ni, "Buta"nı, heç bəyənmədim. Müharibə mövzusunda olan "Girov", "Nabat" filmlərinin də adını çəksək, pis olmaz. "Ovsunçu" (rejissor Oqtay Mirqasımov), "Çölçü" (Şamil Əliyev) kimi filmlərin səthi də olsa, mistik mehi adamı özünə çəkir.
Açığı deyim ki, mən istəyən film hələ çəkilməyib. Nə zaman ki, Çəmənzəminlinin "Qızlar bulağı", Fərman Kərimzadənin "Xudafərin körpüsü", "Məmməd Orucun "Köçürülmə", Ordubadinin "Qılınc və qələm", Seyid Yəhya Bakuvinin həyatından film çəkilsə, onlar mənim filmlərim olacaq".
Sevinc Fədai