10 Noyabr 2016 16:04
947
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 16-21-i arası Nizami Kino Mərkəzində Benedikt Kamberbetçin rol aldığı “Frankenşteyn” tamaşası rus dilində alt yazılarla təqdim ediləcək.

Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, tamaşa British Council Azərbaycan, Mədəniyyət və Turizm Nazirliyi, Birləşmiş Krallığın Bakıdakı səfirliyi, Cool Connections şirkəti ilə birgə TheatreHD layihəsi çərçivəsində nümayiş olunacaq.

Britaniya Milli teatrının quruluş verdiyi “Frankenşteyn” tamaşasının rejissoru Denni Boyldur. Tamaşa Nik Diranın Meri Şellinin romanı üzrə yazdığı pyesin əsasında hazırlanıb.

Səhnə əsəri doktor Viktor Frankenşteynin ölən insanların parçalarından yaratdığı varlıqdan bəhs edir. Varlığın çox çirkin olduğuna görə doktor onu taleyin ixtiyarına buraxır. Həyatdan etibar və sevgi gözləyən tənha, uşaq kimi sadəlövh və qorxunc varlıq hər dəfə hiddət, nifrət və qəzəblə qarşılaşır. Son həddə çatan varlıq onu yaradan adamı tapıb intiqam alacağını qərara alır.

Tamaşa iki variantda nümayiş olunur. Doktoru və varlığı canlandıran aktyorlar Benedikt Kamberbetç və Coni Li Miller hər iki obrazda səhnəyə çıxırlar.

Baş rolları Benedikt Kamberbetç, Li Miller, Ella Smit, Con Killoran, Stiven Elliot, Karl Conson, Deniel Millar, Lizzi Uinkler və başqa aktyorlar ifa edir.

Tamaşa Londonda və ümumilikdə Britaniyada ən çox uğur qazanmış tamaşalardan biridir.

Nərmin


Müəllif: