“Məzar yeri” layihəsi 1
Teleqraf.com “Məzar yeri” adlı yeni layihəyə başlayır. Bu layihə çərçivəsində ömürləri Türkiyədə mühacirətdə keçən Azərbaycan siyasilərinin, yazıçılarının, fikir adamlarının yaşamları və onların son mənzilləri oxuculara çatdırılacaq.
Teleqraf.com və İstanbul Azərbaycan Kültür Evinin birgə əməkdaşlığı çərçivəsində İstanbulda yaşayan azərbaycanlı tələbələrə, gənclərə mühacirlərimiz haqqında bilgilər veriləcək, onların həyat və yaradıcılıqları haqqında tədbirlər keçiriləcək.
Layihə ilk olaraq İstanbulu, daha sonra isə Türkiyənin bölgələrini əhatə edəcək.
***
Ötən həftə İstanbul Azərbaycan Kültür Evi olaraq İstanbulda yaşayan, təhsil alan gənclərlə birlikdə Qaraca Əhməd məzarlığına doğru yollandıq. Məqsədimiz bir zamanlar Azərbaycanda milli dövlətin qurulmasında iştirak edən və ya onun strukturlarında çalışan siyasət və fikir adamlarını ziyarət etmək idi.
Kültür Evinin gənclər qolu tərəfindən təşkil edilən bu tədbirə 20-yə yaxın gəncimiz qatılmışdı.
İstanbulun Üsküdar ilçəsində yerləşən Qaraca Əhməd məzarlığı dünyanın ən böyük məzarlıqlarından biri hesab edilir və ora məşhur şəxslərin əbədi istirahət yerinə çevrilib.
Əli bəy Hüseynzadə Turanın məzarı
İlk ziyarət edəcəyimiz məzar XX əsrin birinci rübündə Azərbaycanda hakim olan türkçülük, çağdaşlıq, islamçılıq fikirlərinin bir arada olmasını vurğulayan, başqa sözlə, bayrağımızın təsvirini çizən Əli bəy Hüseynzadə Turan oldu.
Çox çətinliklə məzarın qarşısına yığışa bildik. Çünki Əli bəyin və xanımının dəfn olunduğu yer olduqca sıx idi. Nədənsə zamanında Türkiyədə tibb sahəsində də kifayət qədər tanınan, Türkiyənin 20-30-cu illərinin siyasi həyatında rol oynayan bir şəxsin məzarı aradan ötən on illiklərə rəğmən olduğu kimi qalıbdır.
Doğrusu, Əli bəyin məzarının bir küncdə, digər məzarlardan seçilməyəcək şəkildə olması insanı üzürdü.
Düzdür, öldükdən sonra insanlar arasında hər hansı bir ictimai təbəqələşmə olmur, hər kəsin son mənzilinin ölçüsü eynidir. Lakin Türkiyə və Azərbaycan tarixində önəmli bir rol oynamış bir şəxsin heç olmasa məzarının ziyarət etmək istəyənlər tərəfindən rahat tapılması üçün daha uyğun bir məzarüstü abidənin düzəldilməsinə ehtiyac var.
İstanbul Azərbaycan Kültür Evinin başqanı Hikmət Elp də məzar üstündə gənclərə Əli bəy Hüseynzadə haqqında geniş məlumat verdikdən sonra bu məsələyə toxundu, Atatürkə danışmanlıq edən bir ictimai-siyasi xadimə büstün qoyulmasının, məzarının təmir edilməsinin vacibliyini bildirdi.
Əli bəyin məzarında sonralar oğlu, tanınmış rəssam Səlim Turan da dəfn olunub. Bir az kənarda isə xanımı Ethiye Turan son mənzildə də onu tərk eləmir... Qızı Feyzavər xanımın da vəsiyyəti burada dəfn olunmaqdır...
Əli bəy Hüseynzadə 1889-1895-ci illərdə İstanbul Darülfünununun Əsgəri- Tibbiyyəsində təhsil alıb. 1892-ci ildən etibarən “Turan” imzası ilə yazmağa başlayıb. “Türkçülüyün tarixi” əsərinin müəllifi Yusuf Akçura Misirdəki “Türk” qəzetində çap olunan məşhur “Üç tərzi-siyasət” məqaləsinə Əli bəyi ilk panturanist kimi təqdim edir: “Hüseynzadə Əli bəy müsəlman türklər arasında “ilk turani”, yəni panturanistdir” desək, xəta etmiş olmarıq zənnindəyəm. Onun şairanə turançılığı 1908-ci ildən sonra İstanbulda digər turançıları, başlıca Gökalp Ziyanı yaradıb”.
1918-ci ilin 24 iyulunda Əli bəy “Hilali-Əhmər” qəzetində “Azərbaycanda düşündüklərim” adlı yazısında isə belə yazırdı: “Hilali-Əhməriyyənin bayrağı bizimkinin eyni olan, fəqət al rəngli milli bayrağında bəyaz hilal qarşısında beş şüali yerinə səkkiz şüalı bir ulduz bulunan bir məmləkətdən, Qafqasiya Azərbaycanından, Azərbaycan Cümhuriyyətindən, daha doğrusu, Qafqasiya Türk Dövlətindən bir az bəhs etmək istərəm. Daha iki həftə olmadı ki, bu gənc dövlətin müvəqqəti paytaxtı olan Gəncə şəhərini tərk etdim. Müvəqqəti paytaxt deyirəm, çünki Azərbaycanın təbii paytaxtı, neft mənbəyi olan Bakıdır. Tiflissiz Gürcüstan nə isə, Bakısız da Azərbaycan odur. Bakını Azərbaycan üçün çox görən kim olursa-olsun, Azərbaycan xalqının ən mənfur düşmənidir!”.
Əli bəylə bağlı maraqlı bir hadisə də İstiqlal məhkəmələri dönəminə aiddir. Belə ki, 1926-cı ildə Türkiyədə Atatürkə sui-qəsd planının üstü açılır. Keçmiş ittihadçı Qara Kamalla əlaqədə şübhəli bilindiyi üçün onu da İstiqlal məhkəməsinə çıxarırlar. Lakin o, özünü bu şəkildə müdafiə edir: “Mən Qazi paşa həzrətlərinə hörmət və qiyməti daima izhar etdim... Mən Bakıda Qazinin mənqəbəsini1 nəşr edərkən bunlar burada sui-qəsd ilə məşğul imişlər. Mən nasıl aralarında ola bilərəm. Mən millətpərvər bir insanam, türkəm”.
Əli bəyin Atatürkə böyük sayğısı vardı. İllər sonra Atatürkün ölüm xəbərini eşidərkən olduqca sarsılmışdı. Qızı Feyzavər Alpsar həmin günü belə xatırlayır: “Karaköydən gəmiyə minib evə getdim, atam məni qarşıladı. Atatürkün vəfat etdiyini dedim. “Təəssüf” dedi. Bir də gördüm ki, atam Ağaoğlu Əhmədin fotosunun qabağında durub, “mənim heç kimim qalmadı”, deyib ağlayır. Atamı ilk dəfə onda ağlayarkən gördüm”...
... Əli bəyi, övladının və xanımının məzarını ziyarət etdikdən sonra Mirzəbala Məhəmmədzadənin məzarına doğru yol aldıq. Amma yolumuzun üstündə başqa bir məzar da vardı: Nihal Atsız.
Türkiyədə 1944-cü il türkçülük davası və “Bozqurdlar”, “Ruh adam” kimi əsərləri ilə tanınan, millətçi cameənin sevimli yazarı olan Nihal Atsızın bu gün də bir çox fikirləri ilə aktualdır, haqqında kitablar yazılır, əsərləri təkrar-təkrar yayımlanır. Nihal Atsızla məzarının yanında onun yaxın dostu, əqidədaşı Nejdet Sançarın da məzarı yerləşir.
Mirzəbala Məhəmmədzadənin məzarı
Mirzəbala Məhəmmədzadə 13 avqust 1898-ci ildə Abşeronun Zirə kəndində balıqçı ailəsində doğulub. Bir neçə il sonra Zirədə dolanışıq çətin olduğuna görə atası ailəni Çəmbərəkəndə köçürür. Mirzəbala 1907-ci ildə Bakıdakı 7-ci rus-türk məktəbinə daxil olur, 1914-cü ildə buranı tamamlayır. Rus-türk məktəbini bitirdikdən sonra Mirzəbala 3-cü ali ibtidai məktəbi də başa vurur, sonra isə Həbib bəy Mahmudbəylinin rəhbər olduğu Bakı texniki sənaye məktəbində rus dilində təhsilini davam etdirir. Bu dövrdə onun məktəb yoldaşları arasında gələcəyin məşhur dramaturqu Cəfər Cabbarlı da vardı. Mirzəbala texnikumda oxuduğu zaman qeyri-leqal “Məhəmmədiyyə” təşkilatına daxil olur. Texnikum həyatı, gizli dərnəklər, toplantılar onu daha geniş meydana doğru sürükləyirdi.
1915-ci ildə o, artıq Məhəmmədəmin Rəsulzadənin nəşr etdirdiyi “Açıq söz” qəzetinə yazılar yazır, həftəlik “Bəsirət” adlı jurnala baş redaktorluq edir. Bu dövrdə Mirzəbala Müsavat Firqəsinin də üzvü olur.
Cümhuriyyət dönəmində Mirzəbala Məhəmmədzadə “Azərbaycan” qəzetinin müxbiri olur. 1918-ci il iyulun 23-də əvvəlcə həftəlik, sonra isə ayda iki dəfə çap olunan “Gənclər yurdu” adlı jurnalın redaktorları T.F.Hacızadə ilə yanaşı, Mirzəbala Məhəmmədzadə idi. Müsavatın nəzdində yaranmış “Gənclər cəmiyyəti”nin orqanı olan bu jurnal 35 nömrə çap edilir, noyabrın 15-də bağlanır.
Bu dövrdə Mirzəbalanın Tiflisdə “İki inqilab arasında” adlı risaləsi çap olunur. Əsər 1905-1917-ci illər arasındakı ictimai-siyasi-mədəni mühitdən bəhs edir.
Parlament qurulduqdan sonra Mirzəbala C.Cabbarlı ilə birlikdə orada türkcə stenoqrafçı olur. 1919-cu il sentyabrın 16-da Azərbaycan Dövlət Teatrında onun “Bakı uğrunda mübarizə” pyesinin ilk tamaşası göstərilir. 1919-cu ilin oktyabrında isə o, Müsavatın Bakı komitəsinin üzvü seçilir.
Rusiya Cümhuriyyəti işğal etdikdən sonra Azərbaycanda Sovet hökuməti qurulur. Rus işğalına və yeni hökumətə qarşı M.Rəsulzadənin başçılığı ilə Müsavatın gizli Müqavimət Komitəsi yaradılır. Komitənin sədri M.Məhəmmədzadə, onun müavini Ə.Məhəmmədzadə (Yurdsevər), katibi isə C.Cabbarlı olur. Komitə “İstiqlal” adlı qəzet nəşr edir. Komitənin apardığı əsas mübarizə Qarabağ, Zəngəzur, Naxçıvan, Dilican, Göyçə kimi ərazilərin Ermənistana verilməsinin qarşısını almaq idi. Çekanın həbs və qətliamlarından yaxa qurtarmaq üçün Mirzəbala İrana - Ənzəli şəhərinə sığınır. Burada da təqib olunduğu üçün Tehrana, oradan da Təbrizə yola düşür. Həmin illərdə Rəsulzadənin İstanbulda nəşr etdirdiyi “Yeni Qafqaz” jurnalına məqalələr yazır, şəxsi evlərdə müəllimlik edir. Texnikum məzunu olduğu üçün Sulduz mahalında şose yolu inşasında elmi-texniki nəzarət məsləhətçisi vəzifəsində çalışır. 1927-ci ildə Mirzəbala İstanbula yola düşərək yenidən Rəsulzadənin yanında yer alır. Həmçinin İstanbul Universitetinin hüquq fakültəsinə daxil olur. Bu dövrlərdə o, “Yeni Kafkasya”, “Azəri-Türk”, “Odlu Yurt”, “Bildiriş”, “İstiklal”, “Kurtuluş”, “Müsavat bülleteni” kimi qəzet və jurnallarda yazılar yazır.
Bolşeviklərin Türkiyəyə təzyiqindən sonra Rəsulzadə kimi o da qardaş ölkəni tərk etməyə məcbur olur. 1932-ci ildə Polşanın paytaxtı Varşavaya yerləşən Mirzəbala burada fəaliyyətini davam etdirir. 1936-cı ildə Varşavada keçirilən Müsavatın üçüncü qurultayında yaxından iştirak edir. Almanlar Polşanı işğal etdikdən sonra Mirzəbala İstanbula qayıdır. 1949-cu ildə Azərbaycan Kültür Dərnəyinin yaradılmasında iştirak edir. Rəsulzadənin ölümündən sonra o, Müsavatın lideri olur.
Mirzəbala Türkiyə Təhsil Nazirliyinin yayımladığı “İslam ensiklopediyası” və müstəqil hazırlanan “Türk İslam Ensiklopediyası” üçün elmi məqalələr yazır. 1955-1959-cu illər arasında Münhendəki Sovetlər Birliyini Öyrənmə İnstitutunda çalışır və bu qurumun çap etdiyi “Dergi” adlı jurnalda məqalələr yazır.
Mirzəbala mətbuatda "Mirza Bala", "V.Nuhoğlu", "A.Kut", "M.B.Mehmetzade", "M.B.Daşdemir", "Ali Kutluk" və b. imzalardan istifadə edib. Onun imzası ilə 4 kitab nəşr olunub: “Azərbaycan Misaki-Millisi” (Azərbaycan İstiqlal Bəyannaməsinin təhlili. İstanbul, 1927); “Ermənilər və İran” (İstanbul, 1927), “Milli Azərbaycan hərəkatı” (Berlin, 1938), “Azərbaycan tarixində Türk Albaniya” (Ankara, 1951).
Almaniyada ürəyindən müalicə olunduqdan sonra İstanbula gələn Mirzəbala 8 mart 1959-cu ildə evində infarktdan vəfat edir. 9 mart 1959-cu ildə Kadıköy Osmanağa məscidində cənazə namazı qılındıqdan sonra Qaraca Əhməd məzarlığında dəfn edilir.
Sevindirici haldır ki, Mirzəbala Məhəmmədzadənin məzarı üzərində bir neçə il bundan öncə abidə ucaldılıb. Məzarının yaxınlığında xanımı Bahirə Kutlukun da məzarı var.
Mirzəbalanın məzarının yanında daha iki şəxsin də məzarı yerləşirdi: Əjdər Kurtulanla oğlu İldəniz Kurtulan və Əli Azərtəkin...
(davamı olacaq)
Dilqəm ƏHMƏD
Fotolar: Məhəmməd İsmayılov