Tiflisdə 17-ci Beynəlxalq Film Festivalı keçiriləcək.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi, Tiflis meriyası və Milli Kinematoqrafiya Mərkəzinin dəstəyi ilə baş tutacaq.
Tiflisdə keçirilən mətbuat konfransında bildirilib ki, 17-ci Beynəlxalq Film Festivalı siyasətə həsr olunub. Dünyanın bir çox ölkələrinin kinematoqrafçıları tərəfindən təqdim olunan filmlərdən 10 bədii və sənədli film seçilib. Filmlər qlobal və lokal gərginlik, siyasi həyat, çətinliklər və digər vacib məsələlərdən bəhs edir.
Festival noyabrın 28-də almaniyalı rejissor Marqaret Fon Trottanın “Roza Lüksemburq” filmi ilə açılacaq. Festivalda azərbaycanlı rejissor Kamran Şahmərdanın ekranlaşdırdığı “Qatil” adlı bədii filmi nümayiş olunacaq. Filmdə baş rolları Eka Çxeidze və Apollon Kublaşvili oynayır.
Festival noyabrın 3-də iranlı rejissor Abbas Kiarostaminin “Məni evə götür” filminin nümayişi ilə başa çatacaq.