Fevralın 9-dan “Bizim Kino Günləri 2017” layihəsi çərçivəsində “Qatil” bədii filminin kinoteatrlarda nümayişinə başlanır.
Teleqraf.com xəbər verir ki, xalq yazıçısı Elçinin eyniadlı pyesinin motivləri əsasında lentə alınan Kamran Şahmərdanın “Qatil” filminin nümayişi Nizami Kino Mərkəzində, “Park Cinema”, “CinemaPlus” kinoteatrlar şəbəkəsində və Şüvəlan Mədəniyyət Evində baş tutacaq.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ekranlaşdırılan film “Azərbaycanfilm” kinostudiyasında, Finlandiyanın “Black and White Studio”, Gürcüstanın “Studio 33A” və “Vars Studio” şirkətlərinin iştirakı ilə istehsal olunub.
“Qatil” filmi Bakıda keçirilən 6-cı Avropa Film Festivalı, Finlandiyanın “Qara və Ağ” Teatr Festivalı və Gürcüstanın 17-ci Tbilisi Beynəlxalq Film Festivalında iştirak edib.
Filmin ssenari müəllifi xalq yazıçısı Elçin, quruluşçu operatoru Mixail Maqalaşvili, quruluşçu rəssamı Rəşad Mehdiyev, icraçı prodüserləri Azər Quliyev, Katri Lətt, prodüseri Müşfiq Hətəmovdur.
Psixoloji dram janrında çəkilən ekran əsərində baş rolları Eka Çxeidze və Apollon Kublaşvili canlandırırlar. Filmi Elxan Cəfərov və Mehriban Zəki səsləndirirlər.
Nərmin