Bu gün mərhum xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasından 92 il ötür.
Teleqraf.com xəbər verir ki, Bəxtiyar Vahabzadə 1925-ci ildə Şəkidə anadan olub.
Bədii yaradıcılığa 1943-cü ildə “Ana və şəkil” adlı ilk şeirini çap etdirdikdən sonra başlayıb. O vaxtdan dövri mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunub.
Bəxtiyar Vahabzadənin “Mənim dostlarım” adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapıb. Müasir Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadə öz yaradıcılığı ilə bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb.
Böyük söz ustası xalqımızın yüz illər boyu təşəkkül tapmış yüksək milli-mənəvi dəyərlərinin qorunması, adət-ənənələrimizin yaşadılması naminə 60 ildən artıq bir müddət ərzində yorulmadan yazıb yaradıb.
Yetmişdən çox şeir kitabı ilə böyük oxucu sevgisi qazanan Bəxtiyar Vahabzadə 2 monoqrafiyanın, 11 elmi-publisist kitabın və yüzlərlə məqalənin müəllifi olaraq alim kimi də öz sözünü deyib. Haqsızlığa, ədalətsizliyə qarşı üsyan Bəxtiyar şeirinin əsas leytmotivlərindəndir.
Görkəmli söz ustası hələ ötən əsrin 60-cı illərində ölkəmizdə sovet imperiyasına qarşı milli azadlıq duyğularının alovlanmasında mühüm rol oynayıb. 1959-cu ildə yazdığı “Gülüstan” poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirib, imperiya pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğurundakı ədalətli mübarizəsinə qoşulub.
Onun pyesləri Azərbaycan, eləcə də xarici ölkə teatrlarının səhnələrində uğurla tamaşaya qoyulub. Şair 2009-cu il fevralın 13-də, 83 yaşında, uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib.