“Hamımız yaxşı bilirik ki, kino aləmində tez-tez ədalətsizliklər də olur. Pis çıxmasın, işlədirlər, pulumuzu vermirlər. Ya da elə məbləğdə qonorar təklif edirlər ki, o filmə çəkilmək istəmirsən.
Düzdür, əgər həqiqətən mən bilsəm ki, seriala, filmə çəkiləcəyəm və bu, tamaşaçıya böyük zövq verəcək, heç qonorara da baxmaram. Amma ucuz və heç bir dramaturji yükü olmayan ekran əsərinə çəkilməkdənsə, çəkilməmək yaxşıdır”.
Bu fikirləri bir müddət əvvəl mənimlə həmsöhbət olan əməkdar artist Naibə Allahverdiyeva Teleqraf.com-a müsahibəsində söyləmişdi. O vaxtdan ağlımda qalıb. Naibə xanımı son dönəm filmlərində görməmişəm. Maksimum “Qız atası” serialı, minimum “Qardaşlar”...
Həqiqətən də bu sual məni çox düşündürür. Bəs görəsən, həqiqətən də əsl səbəb qonorar azlığı və ya rejissorların aktyorları işlədib pul verməmələridir? Niyə bizim bir çox istedadlı aktyor və aktrisalarımız işsiz, qonorarsız, tamaşaçısız qaldığı halda rejissorlarımız başqa ölkələrin aktyor və aktrisalarına ağız açırlar? Niyə bizimkinə az pul təklif edib, hətta aldadaraq, pulsuz işlədib, əcnəbini istədiyi rəqəmlərə və minnətlə ölkəyə gətirirlər?
Əvvəla, xaricdən aktyor və ya aktrisa gətirmək büdcəyə xeyir vermir. Bunun gediş-gəliş biletləri var, çəkiliş müddətində onu otellərdə qonaq etmək, yedirmək, içirmək var. Türkiyədə unudulduğu vaxt Bakıya gəlməyindən qarpızlanıb “Azərbaycanda bir aktyor və ya aktrisa yox idi ki, məni gətirdiniz də!” deməyinə qarşılıq olaraq, verəcəyin yüklü miqdarda qonorar var və s. Amma bunun yaxşı tərəfləri də var.
Məsələn, eşidəndə ki, əməkdar artist Mehriban Xanlarova yeni filmə çəkilib, o filmə baxmağa gedən az olur. Ona görə yox ki, Mehriban xanım hansısa əcnəbi aktrisalardan geri qalır. Qətiyyən! Sadəcə, bizim psixoloji prinsiplərimiz var:
1. Əşi, özümüzküdür də!
2. Bizdə kino var?
3. Türklər başqadırlar da!
Amma eşidəndə ki, məsələn, Duyğu Qaraca, yaxud Əray Türk Azərbaycan filminə çəkilir, bu zaman kinoteatra axın da başlayır.
Təktərəfli görünməmək üçün, yaz aylarında təqdim olunan və türklərə meylli Azərbaycan filmi olan “The game”-in rejissoru Orxan Bayramova “Salam”dan sonra birbaşa bu sualı verdim:
“Azərbaycanda aktrisa tapmadınız ki, türklərə müraciət etdiniz?”
Cavab belə oldu:
“Mənim azərbaycanlı yox, türk aktyor və aktrisalara müraciət etməyimin məqsədi, eyni məhsulu yeməkdən bezən tamaşaçının ağız dadını dəyişmək idi. Əlimin içi kimi bilirəm ki, bizdə xaricə çıxarılası aktyor yoxdur. Aktyorun qabında olmalıdır. Qabı boşdursa, Qay Riçi kimi rejissor da gəlsin, xeyri yoxdur”.
Xatırladım ki, Orxan Bayramov filmdə Sərxan Gənc, Ayşən Batiqun, Əray Türk kimi türkiyəli ulduzlarla yanaşı, Pərviz Məmmədrzayev, Pərvin Abıyeva, Şirzad Pirallahı kimi “özümüzkülər”ə də rol verib.
İlham Məhərrəmovun yenicə çəkdiyi “Eşqə gəl” filmində də ənənəvi türklərə rast gələcəyimizi bilirik. Lakin bu film hələ vitrinə qoyulmadığı üçün sağ-solundakı məhsullarla müqayisəsi də mümkün olmur, təəssüf ki.
Bu problemin içinə varmaq üçün kino tarixinə nəzər salsaq, görərik ki, sanki əcnəbilərə, əsasən də türklərə meyllilik həmişə bizim canımızda olub.
Vaxt var idi Türkiyənin tanınmış aktrisası Maral Konrat Azərbaycan kinosunun ulduzu idi. Elə bir ulduz ki, bu gün də sönməyib. Konratın 1993-cü ildə yaratdığı Təhminə obrazı bu gün də açıq müzakirələrə səbəb olur. Hər kəsdə sanki qəti əminlik yaranıb ki, Təhminəni heç bir azərbaycanlı aktrisa oynaya bilməzdi. Bu həqiqətən də belədirmi?
Vaxt olub ki, Azərbaycanın Tofiq Tağızadə kimi rejissoru da türklərlə işləyib. “O dünyadan salam” filmində Kefli İsgəndər kimi əsas obrazı türk aktyoru Yılmaz Duru canlandırıb.
Azərbaycan xalqı həmişə tolerant olub. Bu, danılmaz faktdır. Bir zaman filmlərimizdə rus, gürcü, hətta təəssüf ki, erməni aktyorlarının da ulduzu parlayıb.
Bu gün də filmlərdə belə hallar var. Əsasən də müştərək filmlər çoxalır. Əslində, bu sevindirici haldır. Hər ölkənin kinematoqrafında müştərək filmlərin istehsalına yer verilməsi qanundur. Söhbət özəl sponsorların dəstəyi ilə başa gələn kommersiya filmlərindən gedirsə belə, olsun. Məsələn, yenicə təqdim olunan “Yanlış anlama” filmində Şövkət Çoruh, Bahadur Əfə, Duyğu Qaraca, Pelin Sönməz kimi türk aktyorlarla yanaşı xarici mətbuatda İslam Mehrəliyev, Fərda Xudaverdiyev, Pərvin Abıyeva kimi azərbaycanlıların adının çəkilməsi də müsbət haldır. Həmçinin, təqdimata hazırlaşan “Qardaşım mənim” filminin ikinci hissəsində Murad Boz, Burak Özçivit kimi isimlərin yanında Kamran Ağabalayevin ismini görmək də xoşdur. Lakin müştərək film damğası ilə o ekran əsərini xilas etmək də olmur. Bu adlar sadəcə filmin çəkisini, ağırlıq dərəcəsini artırır. Məsələn, “Sara” filmində Rasim Balayevi, “Mələyin öpüşü” filmində Fuad Poladovu görmək nəyə desən, dəyər. Lakin bu azdır.
Hər film çəkən insan rejissor deyil. Vəziyyət elə gətirib ki, pulu olan və ya prodüserlik qabiliyyəti güclü inkişaf edib maliyyə dəstəyi tapanlar daha çox film çəkir, nəinki əsl rejissorlar. Lakin öz istedadlı sənətkarlarımızı qoyub “ucuz adlar”, “keyfiyyətsiz brendlər” dalınca getmək nə rejissorluqdandır, nə də prodüserlikdən. Bu, sadəcə pul qazanmaq istəyidir, hansı ki, həmin pulu başqa yollarla da qazanmaq mümkündür: Məsələn, təndirə çörək yapmaqla.