Teleqraf.com-un “Portret” layihəsində “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan mərhum atası, ədəbiyyatşünas İmamverdi Əbilov haqqında danışır.
– Azər müəllim, atanız İmamverdi Əbilovun dünyasını dəyişməsindən artıq müəyyən vaxt keçib. Yəqin haqqında danışmağa sözləriniz çoxdur.
– Əlbəttə, çoxdur. Amma hələ də onun barəsində ürəyimdəkiləri danışa, yazmaq istədiyimi yaza bilmirəm. Baxmayaraq ki, heç vaxt, heç bir halda ata kölgəsinə sığınmadım. Amma özümü həmişə o kölgədə hiss elədim. Çünki o kölgə fikir, düşüncə işığı kimi həmişə mənim üzərimdə oldu. O işıqlı kölgənin çəkilməsi ilə təkcə mənim deyil, düşünürəm ki, Azərbaycanın fikir həyatında da bir boşluq yarandı.
Səməd Vurğundan bu yana bütün qələm adamları rayona atamın ziyarətinə gediblər. Səməd Vurğun, Mustafa bəy Topçubaşov, Heydər Hüseynov, Rəsul Rza, Süleyman Rüstəm, Süleyman Rəhimov, İlyas Əfəndiyev... Çoxları, lap çoxları onun qonağı olublar, ona daim baş çəkiblər. Mən indi həyatda olmayanların adlarını çəkdim. Sonrakı dövrdə də bütün dəyərli qələm adamlarının hər biri istisnasız olaraq onu ziyarət ediblər.
Hərdən arxiv idarəsindən mənə zəng edirlər, evimizədəki məktubları istəyirlər. Amma vermirəm. Verə bilmirəm. Əlim gəlmir! Evimizdə SSRİ rəhbərlərindən, tutaq ki, Andrey Qromıkodan tutmuş çağdaş Azərbaycan ədəbi, ictimai fikrinin görkəmli nümayəndələrinin imzaladağı avtoqraflar, məktublar var. Atamdan bizə böyük bir kitabxana, məktublar qaldı, yadigar əşyalar, səs yazıları qaldı.
– Maraqlıdır, atanızda hansı cazibə qüvvəsi idi ki, bu cür adamları çəkib yanına gətirirdi?
– Cazibənin səbəbi yəqin ki, dərin etimad və etibar duyğusu, xalq yazıçısı Elçin müəllimin dediyi kimi, vəfadarlıq olub. 1971-ci ildə Salyanda böyük bir toplantı keçirilirdi. Azərbaycan Yazıçılar İttifaqının səyyar plenumu. Təbii ki, mən onda bilmirdim o tədbir nədir... Nə məqsədlə keçirilir... Çünki vur-tut 7-8 yaşım vardı. Sonralar öyrəndim ki, bu, yazıçıların səyyar plenumudur. Plenumu Mirzə İbrahimov aparırdı. Tədbirdə Muğan ziyalıları adından o zamanlar hələ çox gənc olan atama söz veriblər. İmamverdi müəllim çıxış edəndə salonda mənim hələ də xatırladığım və unuda bilmədiyim bəzi mistik hallar baş verdi. Deməli, çıxışına başlayanda deyir ki, yazıçılarımızı Əli bəy Hüseynzadənin yurdunda salamlayıram. SSRİ-nin əyalətlərindən birində Azərbaycan yazıçılarını “Əli bəy Hüseynzadənin yurdunda salamlamağ”ın o illərdə nə demək olduğunu təsəvvür etmək məncə, çətin deyil. Salonda əvvəl dərin bir sükut, sonra arası kəsilməyən alqışlar. Sonralar orda nə baş verdiyini həmin plenumun iştirakçısı olmuş Söhrab Tahir “Mən sənə Təbrizdən baxıram” məqaləsində, həmin tədbirdə məruzəçilərdən biri olan Bəkir Nəbiyev “El ağsaqqalı, elm fədaisi İmamverdi Əbilov” kitabında ətraflı yazdılar.
Bizim evimizdə maqnitofon lentində səs yazıları var. O yazılar böyük bir dövrün şahidləri və mənəvi salnaməsidir. Evimizə kim gəlibsə ora öz xatirə sözlərini qeyd edib. Məsələn, 1969-cu ilə aid lent yazısında Məsud Əlioğlu danışır. Və deyir ki, “Mən istəyirəm bu ziyarətgahın ən böyük şəхsiyyəti Əli bəy Hüseynzadənin şerinən ayrılaq burdan”. Və Əli bəyin “Hali-Vətən” şeirini deyir. Və yaxud, 1975-ci ilə aid başqa bir səs yazısı var. Bəxtiyar Vahabzadə Xudu Məmmədov, Nurəddin Rzayev və Kamil Cəlilovla birgə bizə qonaq gəlib. Atam məmur xislətli adam deyildi. Baxmayaraq ki, gəncliyində raykom katibi vəzifəsində də çalışmışdı. Sadə, mütəvazi və xalqdan ayrılmayan bir insan idi. Belə qonaqlarımız gələndə ailə məclisimiz həm də el-obanın bayramına çevrilərdi. Həyətimizdə, evimizdə adam əlindən tərpənmək olmazdı. Dediyim həmin günün lent yazısında Kamil Cəlilov evimizin aynabəndində “Zəminxarə” çalır. Bəxtiyar Vahabzadənin səsi gəlir. Deyir ki, bu, meracın musiqisidir. Sonra Bəxtiyar Vahabzadə bədahətən bir şeir söyləyir:
Qan udub dövran əlindən, ey Füzuli, sən dedin,
Dövrü cövründən şikayət etməmək mümkün deyil.
Mənsə bir dövranə düşdüm ki, bu viranxanədə,
Dövrü cövründən şikayət eyləmək mümkün deyil.
Bu gün bunu demək asan görünür, amma o vaxt üçün qeyri-adi bir şey idi. Və bizim evdə Azərbaycan ədəbiyyatı üçün sərvət sayılacaq bir qeyd dəftəri var. Bu dəftərdə bizə qonaq gələn bütün adamların öz dəst-xətti ilə yazdıqları ürək sözləri yer alır. Bəxtiyar müəllim bədahətən dediyi bu şeiri də həmin gün o dəftərə yazıb. Üstündən illər keçdi, mən yaşa doldum, Azərbaycan müstəqil oldu. Bəxtiyar Vahabzadə müstəqil Azərbaycanın böyük şairi oldu. O, Kaspar xəstəxanasında müalicə olunanda barəsində “Qan udub dövran əlindən” adlı bir yazı yazdım. Həmin şeiri də o yazıda misal çəkdim. O vaxt bu yazı “Xalq qəzeti”nin ənənəvi cümə sayında dərc olundu. Həmin gün Dilarə xanım mənə zəng vurdu ki, Bəxtiyar müəllim səninlə görüşmək istəyir. Getdim, görüşdük. Dedi, ay oğul, o şeir kimindi? Dedim sizin şeirinizdir. Cavab verdi ki, mənim belə bir şeirim yoxdu axı. “O şeiri bizim evdə, 1975-ci ilin sentyabrında bədahətən demisiniz” – deyə xatırlatdım. Sonradan Bəxtiyar müəllim o şeiri kitabına daxil elədi.
– Bütün bunları yığıb bir kitab etmək fikriniz varmı?
– Artıq belə bir kitabı nəşr etdirmişəm. Kitab “Ömrün və elmin romantikası” adlanır. Məncə çox nadir və həm də çox dəyərli kitabdır. Əsl Azərbaycanşünaslıq sənədidir. Demək istədiyim odur ki, mən 70-ci illər Azərbaycan ədəbiyyatında hamının oxuduğundan əlavə çoxlarının bilmədiyi söhbətlərin canlı şahidi olmuşam. Və o söhbətlərin qoynunda böyümüşəm. Təbii, bütün bunlar atamın sayəsində oldu. Evimiz Muğanda bir ədəbiyyat ocağına çevrilmişdi. Mətbuatda yazıla bilinməyən sözlər, fikirlər bizim evdə danışılırdı. İndi fikirləşirəm, gör atam, onun evi nə qədər etibarlı bir ocaq olub. Hətta o söhbətlər maqnitafona yazılırdı, öz xətləri ilə dəftərə qeyd olunurdu, imzalanırdı...
– Yəqin səslərinin yazıldığından da özlərinin xəbəri vardı, eləmi?
– Əlbəttə... Yadımdadır, bir dəfə Vaqif Səmədoğlu maqnitofonun qabağında xeyli fikirə getdi, danışa bilmədi. Rəfiq Zəka, Vaqif Nəsib dedilər ki, niyə susursan, danış. Danışa bilmədi, dedi ki, yox, artıq səmimiyyət itdi. İndi hərdən o lent yazısına qulaq asıram. Vaqif Səmədoğlu susur, susur, sonra danışmağa başlayır: “Əziz İmamverdi qağa. Sizin evinizə gəldim, hər divarda onun kölgəsini gördüm, səsinizdən üzümə onun nəfəsi dəydi...” Və sonra da “Atamın məktublarına cavab” poemasını söyləyir. Yeri gəlmişkən, Vaqif Səmədoğlunun bioqrafiyası baxımından da əlamətdardır deyə qeyd edirəm, bunu Vaqif Nəsib də yazıb ki, həmin gün atam rayonda Vaqif Səmədoğlunun oxucularla görüşünü təşkil edir və 1976-cı ilin 8 fevralında keçirilən bu görüş Vaqif Səmədoğlunun, ümumiyyətlə, oxucularla ilk görüşü olur. Məmməd Arazın lent yazısında qalan səsi də çox unikaldır. Ürək sözlərini deyib, sonra gur səslə “Qaraçı çal, Qaraçı çal, Qaraçı” şeirini oxuyub. Sonuncu dəfə Məmməd Araz həyat yoldaşı Gülxanım xanımla 1992-ci ilin iyununda gəlmişdi bizə. Həmin lent yazısını işə saldım. Öz gur səsini eşidən Məmməd Arazın o anlarda hansı hissləri keçirdiyini kaş ki, görəydiniz. Vaxtilə ürək sözlərini yazdığı ağüzlü xatirə dəftərində qeyd etdi ki, “Əziz İmamverdi müəllim! Sağ ol ki, məni bu gün 20 ildən sonra 20 il əvvəllə görüşdürdün. Mən bu gün Sizi də, özümü də kəşf elədim…” Atam böyük bir ömür yaşadı. İndi o lent yazılarına qulaq asmaq məni çox ağrıdır. O lent yazılarında kimlər yoxdu?! Hamı ordadı. Evimiz alman layihəsi ilə tikilmiş taxta evdir. Amma o evin divarları arasında hamının səsi yaşayır.
– Bu gün səslərin hamısı dururmu?
– Bəli...
– Yazıb kitab eləmək olar.
– Hə... Bayaq dediyim kitabın bir fəsli də həmin lent yazılarından ibarətdir.
- Onları hissə-hissə “Ədəbiyyat qəzeti”ndə də çap etmək olmazmı?
– Olar, amma ehtiyat edirəm ki, deyərlər atasının təbliği ilə məşğuldur.
– Azər müəllim, atanızın dostlarından danışırsınız, bəs onun düşmənləri olmayıbmı?
– Bir dəfə, 1987-ci ildə evimizdə qardaşım Etibar rəhmətlik Xəlil Rzadan soruşdu ki, aranızda ən diplomat qələm sahibi kimdir? Xəlil bəy qəhqəhə çəkib güldü, cavab verdi ki, atan! Soruşduq, niyə? Dedi, həm mənimlə, həm də Mirzə İbrahimovla dostluq edir (gülür).
Düşmənləri deməzdim. Gözü götürməyənlər var idi. Məsələn, raykom katibi həzm edə bilmirdi ki, bir əyalət müəlliminin evinin qapısını bu qədər görkəmli adam açır. Məqam axtarırdılar, atamı çıxdaş etmək, sındırmaq üçün. Bir dəfə Bəxtiyar Vahabzadə “Leninlə söhbət” poemasını yazmışdı. Orda Leninə belə bir müraciət vardı ki, əgər bir ölkədə rüşvət varsa və onun olması üçün imkan varsa o ölkədə siyasətdən danışmağın faydası yoxdur. Atam “Leninlə söhbət” poeması haqqında bir məqalə yazmışdı və Bəxtiyar Vahabzadənin bu fikrini sitat gətirmişdi.
– Neçənci ildə?
– Çoxdan. Və bu məqaləni “Amerikanın səsi” radiosunda oxumuşdular.
– Buna görə İmamverdi müəllimi incitmirdilər ki?
– Əslində o vaxt incitmək üçün raykom katibinin əlinə ipucu keçmişdi. Amma atamın arxasında böyük dostları vardı. Məsələn, ona çox dəyər verən akademik Həsən Əliyev var idi. O isə Azərbaycanda çox böyük nüfuz sahibiydi. Hər hansı bir rayon məmuru Həsən Əliyev kimi bir insanın dəyər verdiyi bir adama qarşı çıxa bilməzdi. Buna cəsarət edə bilməzdi. Xatırlayıram, o günlərdə Həsən Əliyevin özü bizə gəldi. Bizim evdən raykom katibinə zəng vurdu. Təsəvvür edin, katiblə deyil, ədəbiyyat müəllimi ilə görüşüb geri qayıtdı və məsələ öz-özünə həll olundu.
– Bildiyim qədəri ilə atanız Rəsul Rza ilə də dost olub.
– Hə, özü də çox yaxın dost olublar. Təbii, dost sözünü bir az ehtiyatla işlədirəm. Çünki indi elə bir dövr gəlib ki, kimlərsə keçmişdəki böyük qələm sahiblərini özlərinə dost adlandırır. Atam Rəsul Rza haqqında 1960-cı ildə nəşr olunmuş ilk kitabın müəllifidir. Baxın, ötən əsrin 60-cı illərində bir kənd müəllimi yeni şeirin tədqiqatçısı və təbliğatçısı kimi Azərbaycanda tanınırdı. Bu çox mühüm məsələdir. O illərdə Rəsul Rzanın kitablarından birinə yazdığı avtoqrafı xatırladım sizə. “Yeni şeirin qahmarı dostum İmamverdiyə…” İndi bu avtoqrafdakı sözlərdən dəyərli nə ola bilər bir ədəbiyyat adamı üçün. Mənim fikri istiqamətim də elə İmamverdi müəllimdən gəldi. Ədəbiyyat haqqında düşüncələrim məhz onun təlqinləri ilə modern xəttdə gəlişdi. Rəsul Rzanı evimizdə, özü də müxtəlif illərdə dönə-dönə görmüşəm. Sonuncu dəfə 1977-ci ildə Fikrət Qoca, Xəlil Rza, rejissor Fikrət Ağazadə ilə birlikdə, aprel ayında, yağışlı havada gəlmişdi. Qalacaqdılar, amma Fikrət müəllimin Vyetnama səfəri vardı deyə qala bilmədilər. Bibim oğlu ilə həyətdə balıq kababı hazırlayırdıq. Rəsul Rza yanımıza gəldi, balığın növü ilə maraqlandı.
– Onda sizin neçə yaşınız vardı?
– 14-15 yaşım olardı. Rəsul Rza gözlərinin rənginə, yerişinə qədər yadımdadır. Rəsul Rza soruşdu ki, İmamverdi, Həzrət Əlinin şəkli qalır sizdə? Atam dedi ki, elə həminki yerindədir. Yəni Rəsul Rza evimizə o qədər bələd idi ki, şəklin hansı divarda olmasından da xəbəri vardı. Uzun illərdən sonar şəklə yenidən baxmaq istədi. Mən gözümü açandan o şəkli evimizin divarında görmüşəm. Bu günə qədər də həmin yerindədir. Rəngli bir şəkildir. Sonrakı dövrün şəkillərindən deyil. Nənəm Sürəyya xanım dünyasını dəyişəndə Rəsul Rza atama zəng edib ki, İraqa gedirəm, gələndən sonra görüşərik. Hətta o dövrün “Kommunist” qəzetində Qasım Qasımzadə, Bəxtiyar Vahabzadə və Rəsul Rza nənəmin vəfatına görə başsağlığı vermişdilər. Rəsul Rza İraq səfərindən qayıdanda Həzrət Əlinin həmin şəklini gətirib atama bağışlamışdı. O şəkli ziyarət etmək üçün uzaqdan-yaxından bizim evimizə nə qədər mömin adamlar gəlirdi. O şəkil mənim üçün həm də Rəsul Rzanın yadigarı olaraq əzizdir. Onun atama göndərdiyi bir avtobioqrafiyası var. Rəsul Rzanın çap olunmuş avtobioqrafiyasında unudulan çox məqamlar yazılıb orda. Bu barədə atamın hüzür məclisinə gələndə Anar müəllimə də dedim. Hətta sonra bizdəki nüsxəni də ona göstərdim. Rəsul Rza ilə bağlı başqa nadir bir sənəd də var ki, o sənəd heç Anar müəllimdə də yoxdur.
– Nə sənəddir ki o?
– Məmmədhüseyn Rzayevin şeiridir. Mən 2000-ci ildə Rəsul Rza haqqında yazdığım məqalədə onun bu şeirindən iki bəndini misal gətirmişdim. Anar müəllim kitabında o şeiri sitat gətirir və qeyd edir ki, bunu Azərin yazısına istinad edib yazıram. 7 bənddən ibarət şeirdir. Rəsul Rzanın öz xətti ilə yazılıb, altından da qeyd olunub ki, İmamverdi, dayımın şeirini sənə göndərirəm… Yaxud Nigar Rəfibəyli bir məktubunda atama yazıb ki, “Rəsulun şeir yaradıcılığına siz məndən də yaxşı bələdsiniz. Rəsul Rza yaradıcılığının diqqətli və həssas tədqiqatçısı kimi sizin nəzərinizə bir şeyi çatdırmaq istəyirəm. Nədənsə bunu sizə yazmağa daxili ehtiyac duyuram”.
– Maraqlıdır, nə idi Nigar xanımı yazmağa daxili ehtiyac etdiyi məsələ? Nəyi yazmışdı?
–Moskvada Onkoloji xəstəxanada müalicə olunarkən Rəsul Rzanın qayğısından danışır və yazır ki, “Onun bir insan, bir həyat yoldaşı kimi mənə göstərdiyi qayğı və hörmət heç bir ölçüyə gəlməyəcək dərəcədə böyükdür. İki ay Moskvada qaldım, 35 gün xəstəxanada yatdım. Qışm lap sərt vaxtı idi. 25-27 dərəcə şaxta olurdu. Mən yatan xəstəxana – Onkoloji institut mərkəzdən 15 km uzaqda idi. Rəsul bütün bu soyuqlarda hər gün mənim yanıma gəlir, həkimlərlə görüşür, aparılan müalicələrlə yaxından tanış olurdu. Nə lazımsa, əsirgəmirdi. Onun keçirdiyi həyəcan və iztirabı təsvir etmək mümkün deyil... Mənə elə gəlir ki, bir dərya göz yaşı töksəm də, Rəsulun gözündə parlayan yaşları əvəz edə bilməz”.
– Yəqin Anar müəllim də gəlib-gedib sizin evinizə.
– İlk dəfə gəncliyində atası ilə, Əli Kərimlə birlikdə gəlib. Sonra bu gəlişlər bir ənənə şəklini alıb... Söhbətimizin əvvəlində soruşdunuz ki, nə idi bu cür insanları sizin evinizə gətirən? Doğrudan, nə idi? Məsələ də burasındadır. Vallah, bilmirəm. Məsələn, Elçin gənc yazıçı kimi də gəlib. Baş nazirin müavini olanda da… Yəqin atama hədsiz etibar ediblər. Evimiz indi mənim üçün mistik bir hücrə kimidir. Məsələn, orda bir piano var, mənə çox əzizdir. Onu ilk dəfə Qəmbər Hüseynli çalıb. O pianoda Qara Qarayev çalıb. Bəstəkar Adil Gəray vardı, o çalıb. Yadıma gəlir, Emin Sabitoğlu bizə gəlmişdi və dedi ki, pəncərələri bağlayın. Bağıladıq. Pianoda bir musiqi çaldı…
– Bəs pəncərəni niyə bağlatdırdı?
– Sən demə, bu, Azərbaycan Cümhuriyyətinin himni imiş. Sovet dövründə, günəşin qürub vaxtında Muğandakı bir evdən Azərbaycan Cümhuriyyətinin himni yayılır ətrafa. Mən o pianonun sanki, yaddaşını hiss edirəm. indi mənə dünyanın sərvətini də versələr, o pianonu heç nəyə dəyişmərəm. Hərdən olur ki, rayona məhz o pianonun dillərinə sığal çəkmək üçün gedirəm. Evimizə gedirəm. Pianoda nə isə çalıb geri qayıdıram… Bəlkə də kimsə inanmaz dediklərimə. Amma bu mənim gerçəyimdir.
– Görəsən, o evi rəsmi şəkildə muzey kimi qorumaq mümkündürmü?
– Təbii ki... Amma muzey kimi deyil, mən o məkanın “İmamverdi Əbilov Ədəbiyyat Araşdırmaları Mərkəzi” kimi davam etməsini fikirləşmişəm. Hətta istəyirəm hər il o evdə respublika səviyyəli ədəbi tənqid müşavirələri keçirilsin. Vaxtilə Fransanın səfiri Novruz bayramını keçirmək və atama baş çəkmək üçün bizim evə gəlib. Xatirə dəftərində səfir Jean Pierre Quinhutun yazdıqları məni sadəcə bir oğul kimi deyil, bir azərbaycanlı kimi duyğulandırır: “Hörmətli İmamverdi bəy... XXI yüzilliyin ilk Novruz bayramına təsadüf ruzgürları məni Sizin hüzurunuza gətirdi. Deyərdim ki, bu heç də təsadüf deyil. Sizin keçdiyiniz bu həyat yolu eynilə Azərbaycanın keçdiyi yola bənzəyir. Mən Sizin evi tərk edərkən, özümlə Azərbaycan adlı ölkəniz haqda çox şey, dəyərli bilgilər götürmüş olacağam – Sizin ölkəniz mənim üçün səbr, cəsarət və sadəlik timsalıdır. Böyük Yaradanımız olan Tanrı öz kölgəsini Sizin üzərinizdən əskik etməsin. Gələcək nəsillərin Sizdən ibrət götürməsini arzu edirəm”.
Kitabxanamızın bir qismi İhsan Doğramacının atama bağışladığı çox nadir kitablardan ibarətdir. Təsəvvür edin, əyalətdə yaşayan bir ədəbiyyatşünasın, orta məktəbdə ədəbiyyatdan dərs deyən bir müəllimin şəxsi kitabxanası təmir olunur və onun açılış lentini Türkiyənin səfiri kəsir.
– Bir ədəbiyyatşünas alim kimi atanızın əsas tədqiqat predmeti nə idi?
– Əsasən, Rəsul Rzanın yaradıcılığı. Bunu onun oğlu kimi deyil, Azər Turan olaraq deyirəm, İmamverdi Əbilov çox dəyərli ədəbiyyatşünasdır. Hətta o vaxtlar mətbuatda belə bir məqalə getmişdi ki, İmamverdi Əbilovun “Rənglər” barədə mülahizələri Rəsul Rzanın “Rənglər”i qədər mücərrəddir. İndi də hərdən eşidirik, deyirlər ki, bizdə tənqid yoxdur. Bu məsələ o vaxtlar da aktual olub. Bir tənqidçi isə kənddə yaşayıb, orta məktəbdə dərs deyirmiş… Və burda Yazıçıların qurultayında Cəfər Cəfərov məruzə edir, məruzəsində deyir ki, “Bizdə tənqid yoхdur” deyən səslərə, əlbətdə haqq qazandırmaq çətindir. Mən inanmıram ki, bu cür düşünənlər Məmməd Arifin, Məmməd Cəfər Cəfərovun, Əziz Şərifin, Əkbər Ağayevin, Kamal Talıbzadənin, Orucəlinin, İslam İbrahimovun, Əziz Mirəhmədovun, Yəhya Seyidovun, Məsud Vəliyevin, Pənah Хəlilovun, Gülruх Əlibəyovanın, Qulu Хəlilovun, Yaşar Qarayevin, İmamverdi Əbilovun və başqalarının üzərinə qələm çəkməyi özlərinə rəva bilsinlər”. Görürsünüzmü, Bakının ədəbiyyat kürsüsündən Cəfər Cəfərov kimi estet zövqlü bir alim əyalətdə yaşayıb-yaradan bir alimə dəstək verir.
Bayaq dediyim kimi, İmamverdi Əbilov ilk dəfə Əli bəy Hüseynzadə məsələsini gündəmə gətirib. Onun yetmişinci illərdə çap olunan “Ədəbiyyatımızı vəhdətdə öyrənək, öyrədək” adlı məqaləsi o taylı-bu taylı ədəbiyyatımızın vəhdətdə öyrənilməsini təklif edən cəsarətli yazılardan biriydi. Xatırlayıram, Yaşar Qarayev “Ədəbiyyat qəzeti”ndə bu məqaləni təqdir edən fikirlər yazmışdı.
– Azər müəllim, siz özünüz atanız haqqında ayrıca məqalə yazmısınızmı?
- Yox, ayrıca heç nə yazmamışam. Hələ ki, yaza bilmirəm…
– Bəs atanız haqqında yazmağa bir ehtiyac hiss edirsinizmi?
– Kitab yazmaq fikrindəyəm. Bilirsiz, bəzən elə mövzular olur ki, sən ona məğlub olursan. Fikirini, hissini tam şəkildə ifadə edə bilməyəcəyindən ehtiyatlanırsan və ya ehtiyatlanmayıb yazanda da görürsən ki, artıq məğlubsan.
– Heç mübahisələriniz olurdumu?
– O qədər... Hər dəfə o təmkinli və nikbin olardı. Mən isə çox bədbin. Çox amansız mübahisələrimiz olub (gülür).
– Əsasən nə ilə bağlı?
– Bütün mövzularda. Dünyagörüşümüz fərqli idi. Amma sonda o qalib gəlirdi. Mübahisə etdiyimiz vaxtlarda yox, sonralar anladım ki, sən demə, hər dəfə atam haqlıymış.
– Vəsiyyəti oldumu?
– Hə... Dünyasını dəyişəndən sonra oxudum vəsiyyətini. Mənə ünvanlamışdı. Evdəki arxivin dəyərindən və onu necə qorumalı olduğumdan yazmışdı.
– Dünyasını dəyişən anda yanında idinizmi?
– Bakıdaydım. Qəzetdə işdəydim. Qəzet çıxan gün idi. Günortadan sonra bacım zəng vurdu. Dedi, tez gəl. Getdim. Sanki məni gözləyirdi. Başının üstündə dayananda gördüm gözləri hərəkətsizdi. Bir az arxaya çəkildim. O hərəkətsiz gözlər mənə tərəf döndü.
– Görəsən, İmamverdi müəllimin imzası nə üçün oturub-durduğu, dostluq etdiyi adamların imzası qədər məşhur deyildi? Sizcə, nə idi ona qarşı biganəliyin səbəbi?
– Biganəlik deməzdim. Bəlkə özü də çox görünməyi sevmirdi. Bir də qələm adamı üçün əyalətdə yaşamağın ağırlığı, çətinliyi də olur. Məndə bir video var. Akademiyanın prezidenti Eldar Salayev, Fəraməz Maqsudov. Ağamusa Axundov, Bəkir Nəbiyev, Asəf Nadirov, Ziya Bünyadov, Nəriman Quliyev – Akademiyanın Rəyasət Heyətinin bütün üzvləri həyətimizdədi. Bir əyalət müəlliminin evində. Çoxlu şəkilləri var. Lap çox. Bir dəfə rəhmətlik Zəlimxan Yaqub dedi ki, gedib İmamverdi müəllimə baş çəkək. Şair yolda məndən soruşdu: görəsən, nə vaxtsa İmamverdi müəllim bu dünyada olmayanda bu şoran torpağa bizi nə cəzb edəcək?
İndi vaxtaşırı evimizə baş çəkməyə gedirəm. Hər dəfə də yolda Zəlimxan Yaqubun sözlərini xatırlayır, düşünür, düşünürəm… İndi görünür o torpağa məni İmamverdi müəllimin - atamın ruhu cəzb edir.