Azərbaycanlı qızlar olduqca gözəldirlər. Amma rəssamla yaşamaq, onu sənətdən ayırmamaq, sənətkarın və sənətin qayğılarını dərk eləmək kimi üstün keyfiyyətlərə sahib xanımlar çox azdır.
Bu sözləri Teleqraf.com-a “Avtoportret” layihəsinin ilk qonağı, İtaliyanın Milan şəhərində yaşayan, məşhur Antonio Battaqlia qalereyasının rəssamı Elay Adam deyib. Müsahibəni təqdim edirik.
Başlanğıc
- Elay bəy, sizi daha geniş tanımaq istərdik.
- Mən Elay Adam 1985-ci ildə Naxçıvanda doğulmuşam. Kiçik yaşlarımdan piano dərsləri almışam. Buna səbəb anamın həm də piano müəlliməsi olması idi. Gecələr anamın pianoda müşaiəti ilə mahnılar oxuyurduq. Hər gün evimizdə ədəbiyyatdan, şairlərdən, alimlərdən söhbətlər olurdu. Bu söhbətlər bizdə sənətə, elmə maraq oyatdı. Atam Naxçıvan Dövlət Universitetində ədəbiyyat müəllimi işləyirdi. Hazırda təqaüddədir. Anam Əliabad qəsəbəsində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyir. Həqiqətən musiqinin bizim inkişafımızda böyük rolu olub.
- Rəssamlıqda sizi cəlb edən nə idi?
- Məktəbdə oxuyanda riyaziyyatdan hazırlığa gedirdim, kvadrat tənliyin xüsusi formaları məni axtarış etməyə yönəltdi. 10-cu sinifdə kvardat tənliyin 6 xüsusi formasına görə, həll etmədən cavablarının məlum olduğunu yazdım. 11-ci sinifdə “Elm” qəzetində çap olundu. Riyaziyyatı çox sevirdim. İndi məni əsasən estetika, harmoniya, aestetika, formal dil, görunəbilirlik ve görünməzlik maraqlandırır. Hansı ki, bunların əsasında sənət və antiart dediyimiz anlayışlar dayanır. Ümumiyyətlə, sənəti belə də ifadə etmək olar: göstərilə bilən və göstərilə bilməyən. Birincidə insanın materialı necə şəkilləndirməsi əsas götürülür. İkincidə isə yaradıcı insanın duyğu və ifadələri tamaşaçını o qədər dərinə çəkir ki, təqdim olunandan daha artıq şeylər görür, material üzərindəki jest hərəkətləri bəs edir, artıq burda göruləbilən predmetlər yox, ona təsir edən sənətkarın jest vurğularıdır.
Rəssamları qarşılıqlı təhlil edirdim
- Yeni axtarışlara can atmağınıza təkan verən nə oldu?
- Naxçıvanda oxuduğum dövrlərdən danışmaq istərdim. Həmin dövrlərdə sənət düşüncələri var idi. Rəsm çəkməkdən çox, öz-özümdə rəssamları qarşılıqlı təhlil edirdim. Kim, nə zaman, nə edib. Oxuduğum kitablarda yazılmışdı ki, sənət tarixi məsələdir. Sənətkarın dahiliyi özündən öncəki rəssamlarla ünsiyyətindən yaranır. Təbii ki, əsrlər öncə yaşamış rəssamla faktiki olaraq, ünsiyyət mümkün deyil. Sadəcə, onun formal dil imkanlarını duymaq, nəyə işarə verdiyini anlamaq sənətkarın dialoqudur. Bu alqoritmanı düzgün hesablamaq gələcəkdə sənətə yön verə biləcək tapıntıların meydana gəlməsi ilə nəticələnir.
- Keçmişlə bu günü müqayisə edəndə rəssamlıqda nə kimi dəyişikliklər gözə çarpır?
- Müasir incəsənətin gələcəyi sənətin sənayeləşməsinə yönəlir. Yəni sənət o qədər yüksəlib ki, artıq əsərlərin istehsal prosesi təkcə insan əməyindən yox, həm də müxtəlif maşınların, avadanlıqların köməyindən ibarətdir. Bunu bir çox estetlər bəyənməsə də, sənət diktəçiləri qəbul edir. Əslində biz sənəti yaradan fəlsəfənin dərininə getsək, görərik ki, bu anlayış Dadaizimdən də öncə sənət sözündə gizlin idi. Sənət sözü ərəbcə sənaye sözündən götürülüb. Bu anlayışı Bakıda oxuduğum müddətdə qismən də olsa, anlayırdım. Rəsmin konsept anlayışını araşdırırdım. Bu gün davam etdiyim üslubu Bakıdakı qalereyalara da təqdim etdim. Amma qəbul olunmayacağını bilirdim. Çünki fiqurativ rəsm anlayışına zidd idi.
- Üslubun mahiyyətini bir az aça bilərsizmi?
- Üslubun əsas mahiyyəti texniki nailiyyəti işıq-kölgə illüziyasından istifadə etmədən, fiquru görünəbilirliyin və görünməzliyin sərhədində saxlamaqdır. Bilirdim ki, belə anlayış mövcud deyil. Çünki dahi rəssam Maleviçin "Qara kvadrat" əsəri monoxrom rəngi sənətin sonu olaraq təqdim edir. Həmçinin "Sənətin divarı" əsəri də bütün rəssamları inandıra bildi ki, monoxrom rəng sondur və burada fiqurativ rəsm bitir. Amma bilirdim ki, bu qədər kəskin keçiddə unudulmuş anlayışlar var. Hər bir yeniliyin təqdim olunma mühiti olmalıdır. Çünki ideyalar səmaviləşdikcə, qəbul olunma ehtimalı ideyaya tərs mütənasib dayanır. Sənətin keçmişini bilmədən, radikal olduğunu görə bilməzsən. Sənin radikal ideyanı təyin edən səndən öncəki rəsm nümunələridir.
Milana aparan səbəb
- Milana getmək nəticə etibarilə sizə nə qazandırdı?
- Milana gəlməyimdə əsas səbəb müasir incəsənət təhsili almaq və üzərində çalışdığım gizli üslubu təqdim etmək idi. 2013-cü ildə Bakıda olarkən, dostum Sərxan Məmmədova oxumaq üçün Milana gedəcəyimi dedim. Elə o andaca maliyyə məsələlərini öz üzərinə götürdü və mən Milana gəldim. Təhsil aldığım Brera İncəsənət Akademiyasının müəllimlərini, tənqidçilərini tanıyana qədər bir az vaxt keçdi. Müəyyən müddətdən sonra boyakarlıq müəllimimə bir rəsm üslubu üzərində axtarışlar etdiyimi dedim. Mənə bir çox suallar verdilər. Necə bir üslubdu, hansı axına daha yaxındır və s. Bir az izah etdim, ancaq söz fikri nə qədər izah edə bilər ki? Həmin gün iki rəsmimi götürüb dərsə gəldim. Əsərlər ilk baxışdan müəllimlərin və tənqidçilərin marağını cəlb etdi. Yeniliyə görə məni təbrik etdilər. Sənəti öyrənmək üçün doğru yerdə olduğumu başa düşdüm. Tələbələr də belə etmək olarmı, olmazmı sualları arasında qalmışdılar.
- Bundan sonra italyan rəssamlar sizə dəstək oldumu?
- Müəllimlərin dayağını təhsil aldığım müddətdə hiss etdim. Məni sərgilərə çağırır, yeni üslubu geniş kütləyə təqdim edirdilər.
- Yeni üslubunuzu Azərbaycanda necə qarşıladılar?
- Uzun aradan sonra Bakıya qayıtmışdım. Sahil bağı tərəfdə gəzərkən, xalq rəssamı Tahir Salahovla qarşılaşdım. Görüşmək üçün yaxınlaşdım, həmişəki kimi təbəssümlə qarşıladı. Bakıda Akademiyanı bitirərkən, diplom müdafiəmdəki dəstəyinə görə təşəkkür etdim. Məndən soruşdu ki, indi nə işlə məşğulam? Dedim, davam edirəm, sənəti öyrənirəm. Milanda təhsil alıram. Yeni üslub üzərində çalısıram. Dedi, necə bir üslubdur, görmək olarmı? Məmnuniyyətlə dedim. Dedi ki, o zaman bu gün saat 4-də Mariot oteldə olacam, ora gələrsən. Sağollaşdıq…
Tez-tələsik evə qayıdıb 4 rəsmimi bağlama etdim. Dediyi yerə gəldim, görüşdük. Müasir tendensiyalardan və rəssamlardan danışmazdan öncə bu üslubda işlədiyim ilk rəsm nümunələrindən "Qara portret N1”-i göstərdim. Məni təbrik etdi. Dedi ki, bu yeniliyə görə səni təbrik edirəm, diqqətli ol, istedadını düzgün istiqamətləndir.
Bir sənətkardan bu sözləri eşitmək qürurverici idi. Beləcə, söhbətin axışı müasir sənət axınlarından və rəssamlardan danışmağa yönəldi. Sənətdə daim yeniliklər və uğurlar arzuladı. Tahir Salahovla baş tutan görüşümüz də yaddaşıma belə həkk oldu.
Mən tanrı deyiləm ki, görünməzləri göstərim
- Başqa mühitdə, özü də təsviri sənətdə kifayət qədər zəngin tarixə malik bir ölkədə yeni üslub yaratdığına iddia etmək böyük cəsarət tələb etmirmi?
- Sənətdə uğur qazandıqca, yeni axtarışlara başladım. Məncə, rəssamın ən böyük uğuru üslubunun orjinallığı, imzasının tanınmasıdır. Kəşf elə bir şeydir ki, bir anda baş verir. Səni bir an öncəki sadə düşünən insan titulundan sənət dahisinə çevirə bilər. Bu, anlıq məsələdir. Ani bir aydınlanma. İmzanın tanınması isə tarixi prosesdir. Burada bir çox amillər rol oynayır. O sənətkar xoşbəxtdir ki, tapıntısını dərk edəcək mühiti tapa bilir.
- Hansısa çətinliklərlə üzləşdinizmi?
- Uğur qazanmaq üçün cətinliklərə dözməlisən. Ailəmi istədiyim vaxt görə bilmirəm. Onlar Naxçıvanda yaşayır, tez-tez görməyə gedə bilmirəm. İldə ən çox iki dəfə 4 günlük, bir həftəlik gedib görə bilirəm. Sənət çox tələbkar və qısqancdır. Heç nə ilə yanaşı durmaq istəmir. Səni hər dəfə seçim qarşısında qoyur. Sanki "ya onlar, ya da mən" deyir. Səni arxasınca sürüyür. Əl çəkmirsən, palçıq, yağış, soyuq, canlı barikadalar səni taqətdən salır, ancaq əl çəkmirsən, yenə döyüşürsən. Məhv olmağına az qalanda, sənə hardansa vəhy gəlir, sanki sənət mələyi peyda olur, səni seçir, öz qəhrəmanına çevirir. Həmin an yeriməyin sənə uçmaq kimi gəlir. İnsanlara gülümsəyirsən, səbəbini bilmirlər, ancaq sən bilirsən ki, onlara yeni nəsə göstərə bilmisən. Mən tanrı deyiləm ki, görünməzləri göstərim. Amma görünməzlik haqqında anlayışı insanların görmə çərçivəsinə sala bilərəm. Bunun üçün çox xoşbəxtəm. Hər kəs dua edəndə var-dövlət istəyir. Doğrudur, o da lazımdır, ancaq mən kəşf etmək istəyirəm. Hər zaman hansısa bir işıq "məni izlə" deyir və məni yenidən döyüşlərin içinə atır.
Sənətlə insanın vəhdəti
- Bəs sizə yeni üslubun qəbul olunmayacağını söyləyən bir insan oldumu?
- Bakıda olduğum müddətdə dostlarımdan biri rəssam Sakit Məmmədovu şəxsən tanıdığını dedi. Dedi, istəyirsənsə, sizi görüşdürüm. Təbii ki, qəbul etdim. Getdik. Görüşə 7 rəsm apardım. Ustad bizi çox yaxşı qarşıladı, bir az söhbətləşəndən sonra "Narıncı qadın portretini" göstərdim. Bu üslubda əsərlərin fərqli xüsusiyyətlərindən biri də odur ki, fərqli baxış nöqtələrindən fərqli işıq-kölgə görə bilirsən. Sakit Məmmədov bunu hiss etmişdi. Əsərə fərqli yönlərdən baxıb “bənzərsiz üslubdu, təəssüf ki, uzun müddət qəbul olunmayacaq, amma sən bu üslubda davam elə”, - dedi.
Sonra birlikdə onun da əsərlərinə baxdıq. Unudulmaz gün oldu. Həmin gün sənətlə insanın necə vəhdətdə olduğunu gördüm.
- Görünməzlik haqda fikirləriniz nə zaman formalaşıb? Azərbaycanda oxuduğunuz vaxtlardamı, yoxsa, İtaliyada?
- Görünməzliklə bağlı ilk oyunlarım uşaq olanda başlayıb. Evin divarlarında bir rəngin üzərindəki izləri, batıqları, çıxıntıları nəyəsə oxşadırdım. Deyirdim ki, ata divarda bayquş var, bizə baxır. Deyirdi, hardadır, göstər görüm. Deyirdim, qanadları, ayaqları, başı, gözləri, dimdiyi də var, boynunu döndərib bizə baxır. Sonra karandaşı götürüb, gördüklərimi olduğu kimi çəkirdim. Çəkdiklərim divarda da qalırdı. Artıq monoxrom səthdə rəsm görmək mənə adi gəlirdi. Ağlıma da gəlməzdi ki, bir gün həmin monoxrom üzərində görmə gələcək axtarışımın əsasını təşkil edəcək. Məktəbi bitirdim, riyaziyyatı yaxşı bilirdim deyə, tanıyanlar elə bilirdi ki, ya riyaziyyatçı, ya da iqtisadçı olacam. Amma rəsmdə özumü tamamlanmış hiss edirdim. Rəsm çəkəndə bildiyin elmlərin hamısını istifadə edirsən və sənət belə yaranır. Ona görə, rəsmə xüsusi sevgim var idi. Beləcə, rəsmi seçdim. Öncə dediyim kimi, Naxçıvanda rəsm fakultəsində oxuyarkən, praktik rəsmlə daha az məşğul olurdum. Daha çox üslubların təhlilini, nəzəri bilgiləri, rəssamların sənət haqqında dediyi fikirləri qarşılaşdırırdım. Bu düşüncələrin ətrafında suallarıma cavab axtarırdım.
Antonio Battaqlia qalereyasının rəssamı
- Heç fikirləşirdiz ki, bir gün əsərlərinizi böyük pul qarşılığında satacaqsız?
- Azərbaycanda oxuduğum zamanlarda satışa aparılan əzbərlənmiş rəsmlərdən qaçırdım. Gənc rəssamlar çox sevinirdilər ki, rəsmləri tez bir vaxtda satılır. Amma bilmirdilər ki, bu cür rəsmlər sənət ola bilmir və dekorasiyaya çevrilir. Məni qorxudan bu idi: əsərlərimin nə zamansa dekorasiyaya çevrilməsi. Uşaqlığıma qayıtmalıydım. Çünki orda satmaq həvəsi yox idi. Və uşaqkən niyə görünməyəni görmək istədiyimi araşdırmalıydım. Araşdırmalarım artıq görünməzi aşkar edib, göstərmək yox, elə görünməzi olduğu formada saxlamaq ideyasına yönəldi. "Gizli üslub" artıq öz xüsusiyyətlərini və özünəməxsus xarakterik kordinatlarını müəyyən etdi.
- İtaliyada bu üslubu sevdirə bildinizmi?
- İtaliyada bu üslubun sevilməsinin səbəbi özünəməxsus olması oldu. 2017-ci ildə Brera İncəsənət Akademiyasını bitirdim və məzuniyyət sərgimdəki rəsmlər birbaşa Antonio Battaqlia qalereyasına götürüldü. Bu qalereya İtaliyada tanınmış qalereyalardandır. Belə sənət heyəti, tənqidçiləri olan qalereyanın rəssamı olmaq qürurvericidir. Artıq digər beynəlxalq qalereyalarla da əlaqələrim var. Zamanla onların da zallarına "görünməzlik" gələcək.
Dahilərin fikir burulğanından çixa bilmək çox çətindir
- Əsərlərinizdə azərbaycanlı olduğunuzu bildirən ornamentlərdən istifadə edirsizmi?
- Əsərlərimdə Azərbaycana aid ornamentlərdən, fiqurlardan, elementlərdən sırf azərbaycanlıyam deyə istifadə etmirəm. Çünki sənətin bəşəriliyini milli ornamentlər, elementlər, fiqurlar yox, bənzərsiz forma yaradır. Məsələn, kubizm bəşəri bir tapıntı idi və bundan bütün dünya bəhərləndi. İmprestionizm də həmçinin. Sənətdəki bütün tapıntılar ilk öncə bəşəridir.
Bizim rəssamlar çox vaxt bu ardıcıllığı səhv salırlar. Öncə milli elementlər əlavə edirlər, sonra çalışırlar ki, onu bəşəriləşdirələr. Belə olan halda əsərləri folkarta çevrilir.
- Azərbaycanlı gənc rəssamların bugünkü fəaliyyəti sizi qane edirmi?
- Azərbaycanlı rəssamların müraciət etdiyi rəsm axınları daha çox realist, fiqurativ, impressionist, hətta köhnəlməsinə baxmayaraq, kubist, abstraktsionist olur. Belə axtarışlar məhdud çərçivədən kənara çıxa bilmir. Sanki şirəsi getmiş meyvənin dadını hiss etmək istəyirsən. Bir də ki, bu təsirlərdən çıxa bilməmələri başa düşüləndi. Bu qədər təsirli axınları yaratmış dahilərin fikir burulğanından çixa bilmək çox çətindir. Çox vaxt bu burulğan batırır. O dahilər ki, onların ətrafında güclü insanlar dayanmışdı. Yoxsa, bu qədər təbliğatı rəssam heç vaxt təkbaşına edə bilməzdi.
- Yaxşı, bəs bir rəssama nə lazımdır?
- Rəssama nə lazım ola bilər ki? Yeniliyə hazır cəmiyyət, bədii tənqid və ziyalı mühiti. Yaradıcı insanın inkişafına tənqid qədər təsir edə biləcək ikinci bir şey yoxdur. Bu gün gənc rəssamların sənət tendensiyalarından xəbərsiz olması tənqidçilərmizin olmamasından irəli gəlir. Akademiya rəssam yetşidirir, ancaq tənqidçi yetşidirmir. Və belə olan halda sənətin tələbləri meydana çıxmır. Bunlar hamısı zəncirli sistemdir. Gərək sənətdə ardıcıl və yanaşı anlayışlar formalaşsın. Tənqidçilər yarandıqca, sənət də, ədəbiyyat da, musiqi də zirvələrə qalxacaq.
Zəncirləri qırmaq
- Sənətdə fədakarlıq olmasa, inkişaf mümkündürmü?
- Əlbəttə, mümkün deyil. Məsələn, musiqiçi Ceyms Braun uzun müddət birlikdə çalışdığı musiqçi dostlarını qovmuşdu. Deyirdi ki, mən artıq, daha radikal musiqilər ifa etmək istəyirəm. Yeni musiqi qrupu yaratmışdı. Amerikada həmin ərəfələrdə açıq-saçıq söz söyləmək qəbul edilmirdi. Amma Ceyms Braun "Sex Machine" mahnısını ifa etdi. Bu mahnı ilk hip- hop nümunəsidir. Üstəlik məzmunca da radikaldır. Yəni tamamilə yeni səs, yeni anlayış, yeni bir axın idi. Hansı ki, bu gün hip-hop çox geniş şəkildə yayılıb və janr olaraq, musiqiyə daxil edilib. Beləliklə, yeni musiqi janrının əsası qoyuldu.
Pol Qogen zənci qadınları rəsmə gətirdi. Onları Avropada təqdim etdi. Pikasso Afrika motivlərini rəsmə gətirdi. Cekson Pollokun “drip-peyntinq” üslubu tamamilə qəbulolunmaz və bir o qədər də tənqid olunan idi.
Avropa və Amerika sənətini zirvəyə aparan, hakim və diqtəçi edən əsas səbəb güclü tənqidçilərin olması idi. Əgər musiqi, sənət, ədəbiyyat yüksəlirsə, elm yüksəlir. Əsl güc budur. O, ətrafındakı bütün əraziləri, mühitləri, qurupları öz təsirinə salır və onları idarə etməyə başlıyır. Bu üsulu Amerika incəsənəti çox geniş manipulasiya vasitəsi kimi istifadə edir. İncəsənətə ayrılan milyardlarla yatırımın məqsədi Amerika incəsənətinin gücünü diktə etməkdir. Və bu güclə qlobalizmi yaratmaqdır. Həmin qlobalizm ki, zirvəsində bunu təsis edənlər dayanır. Bəzən rəssamlar bu təsirlərdən uzaqlaşmaq üçün, sanki müasir axınları inkar etmək istəyirlər. Amma bu qədər təsir gücü olan diktəçi sənəti inkar etmək mümkünsüzdür.
Sənət və sevgi
- Deyirlər, dünyanın ən gözəl qadınları Azərbaycandadır. Bir rəssam kimi nə düşünürsüz, doğrudurmu?
- Müsahibənin əvvəlində sənətin çox qısqanc olduğunu qeyd etmişdim. O, səni özündən başqa sevgi və qayğı tələb edən hər şeydən çəkindir, bütün diqqətini, sevgi və gözəllik anlayışını materiya ilə dialoquna cəmləyir. Bu dialoqa gözəl olan hər şey daxildir. Yəni sənət prizmasından baxanda, sevgi bütün gözəlliklərə eyni ölçüdə paylanır və sənətkar bu sevgini bir insanın üzərinə cəmləyə bilmir. Ya da cəmləmək istəmir.
Estetikaya tətbiq olunan gözəllik qanunlarının demək olar ki, hamısı qadın gözəlliyindən götürülüb. Yalnız bir qisim mövzular var ki, orda daha çox döyüş və qəhramanlıq səhnələri təsvir olunub. O əsərlərdə yalnız kişi fiqurları təsvir olunub. Digər gözəllik mövzuları qadının gözəllik xətləri ilə tamamlanıb. Azərbaycan qızları olduqca gözəldirlər. Amma rəssamla yaşamaq, onu sənətdən ayırmamaq, sənətkarın və sənətin qayğılarını dərk eləmək kimi üstün keyfiyyətlərə sahib xanımlar çox azdır.
- Yəni bu yaşa qədər sevdiyiniz xanım olmayıb?
- Sənət özünü təbiətlə tamamlayır. Sənət sevgisi sonsuzdur. Qadın sevgisi isə elə bir qadınla da tamamlanır. Sənətkara qarşılıqsız, təmənnasız, sonsuz sevgi bəxş edən varlıq yalnız və yalnız təbiətdir. Sevdiyim qadınların olmamasına səbəb ardıcıl təhsilə ayırdığım vaxtla bağlı olub. 11 il ali təhsil almışam. Bu vaxt ərzində tanıdığım qadınlara da zaman ayıra bilməmişəm. Yəqin ki, heç vaxt ailəm olmasa, bunun da səbəbi sənətdəki disiplini qorumağa çalışmağım olacaq. Sənətdə yaşam qaydaları çox əsasdır. Bu qaydaları pozmaq yaradıcılıq əhvalını korlaya bilər. Onun üçün bütün sənət adamları bu qaydalara əməl edirlər.
Geri dönüş
- Nə vaxtsa vətənə qayıtmaq fikriniz varmı?
- Vətən hər zaman çağırır. Çünki bütün ideyalarım orda yaranıb. Nə qədər uzaqlara getsəm də, kəndimiz üçün darıxıram. Amma sənət insanı hər zaman uzaqlara aparır. Yeni üfüqlərə açılmaq istəyir sənətkar. Çünki sənətin bir dili var, tərcümə olunmur. Folkart anlayışının isə tərcüməyə ehtiyacı var. Bəlkə nə zamansa vətənə qayıdıb sənətə marağı olanlarla danışmaq, onların sənət haqda fikirlərini öyrənmək istərdim. Bilmək olmaz, bəlkə gələcəkdə evim də, emalatxanam da olar, tez-tez gəlib-gedərəm, orda da işləyərəm.