29 Noyabr 2018 21:45
3 679
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilib.

Namizədlik sənədinin məhz Naxçıvan adı ilə təqdim edilməsində əsas məqsəd ölkəmizin qədim və tarixi regionu olan Naxçıvan əhalisinin ənənəvi mədəniyyətinə və xalq yaradıcılığına dünya miqyasında işıq salmaq və onu tanıtmaq, eyni zamanda bu ənənələri YUNESKO səviyyəsində qorumaqdır.

Bəs yallılar haqqında nə bilirik?

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri Elxan Məmmədov Teleqraf.com-a deyib ki, Azərbaycanda yallı deyiləndə ilk ağla gələn Naxçıvan, xüsusilə onun Şərur bölgəsi olur: “Şərur yallısı qədim dövrlərdən ayrı-ayrı yaş qrupları üzrə olan kollektivlərin ifaçılığı sayəsində şöhrət qazanıb, fərqlənib və seçilib”.

O qeyd edib ki, Şərur yallıları arasında insanların mütəmadi olaraq əl-ələ, qol-qola verib oynadığı rəqslərdən biri “Köçəri” yallısıdır: “ Təkcə elə “Yallı” sözünün etimoloji təhlilinə baxarkən biz əminliklə “Köçəri”nin birbaşa Azərbaycan xalqına aid yallı növü olduğunu görə bilərik.

“Yallı”nın bir komponenti olan “yal”, yəni cərgədir, zəncir xəttidir. “Yallı”nı oynayanlar bir və ya iki cərgədə, bəzən də bir neçə cərgədə dururlar. Öz hərəkət düzümünə, quruluşuna görə yeni ad – “Yallı” (yəni cərgəyə duranlar) adı kəsb yaranıb. “Yal” həm də yamac, dağ ətəyi deməkdir”.

Şöbə müdiri deyir ki, Naxçıvanda heç bir toy, şadlıq məclisi “Yallı”sız keçmir. “Şərur torpağı isə öz “Yallı” ustaları ilə bütün Azərbaycanda tanınır. Belə ustalara Şərurun hər kəndində rast gəlmək olur.

Yaxın zamanlaradək bu rayonda yüz addan çox yallı var idi. Bunlardan bəziləri haqqında qocaman sakinlər xatırlayırlar. Bunlar “Dönə”, “Cınq-cınq”, “Gopu”, “Qaz-qazı”, “Haxışda”, “Köçəri”, “Üçaayaq yallısı”, “İki ayaq yallısı”, “Qaladan-qalaya”, “Tənzərə”, “Ürfanı” və digər yallılardır”.

YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilən “Köçəri” yallısı beynəlxalq festivallarda hər zaman uğur qazanıb. Elxan Məmmədov deyir ki, 1972-ci ildə SSRİ kimi dövrün nəhəng bir dövlətini təmsil edən Şərur Xalq Yallı Ansamblının ifası ümumdünya folklor festivalında fərqlənib, birinciliyə layiq görülüb:” Bundan başqa “Köçəri” yallısı Şərur Xalq Yallı Ansamblının repertuarında 1977-ci ildə Rusiyada Əməkçilərin Birinci Ümumittifaq Xalq Yaradıcılığı Festivalında, 1980-ci ildə Macarıstanda Azərbaycan Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi Günlərində, 1987-ci ildə Türkiyənin İskəndəriyyə şəhərində keçirilən Beynəlxalq Folklor Bayramında, 1998-ci ildə yenə Türkiyənin Bayburt şəhərində keçirilən “Dədə Qorqud” Festivalında, həmçinin həmin il Rusiyanın paytaxtı Moskvada, Ukraynanın bir neçə şəhərində tamaşaçılara təqdim olunub.

Onu da xüsusilə qeyd edək ki, 1984-cü ildə Polşada, 2001-ci ildə Misirdə keçirilən İsmailliyyə Beynəlxalq Folklor festivallarında laureat olan Şərur Xalq Yallı Ansamblı “Köçəri” yallısını hər iki festivalda ifa edib.
2005-ci ilin may ayında İstanbulda 57 ölkənin təmsil olunduğu Beynəlxalq Folklor Festivalına “Köçəri”, “Tənzərə”, “Göyçəməni” və digər yallılarla qatılan Şərur Xalq Yallı Ansamblı birinciliyə layiq görülərək diplom və medallarla geri dönüb”.

“Şərur” Xalq Yallı Ansamblına rəhbəri Kimya Babayevanın sözlərinə görə, Naxçıvan yallısının kökündə Şərur yallısı durur: “Çünki öz musiqisi, xarakteri və sayına görə Azərbaycanda çox geniş yayılan Şərur yallısı olub, bunun da bir əsrə yaxın yaşı var. Yallı qədim oğuz elindən gəlib, ona əsaslanaraq deyirik ki, yaşı bilinmir, 1924-cü ildə qrup şəklində yaradılıb.

O dövrdə əsasən toy şənliklərində ifa olunurmuş. 1936-1937-ci illərdə Üzeyir Hacıbəyli Şərur rayonu Cəlilkənd kəndindən SSRİ Ali Sovetinə deputatlığa namizəd göstərilib. Bəstəkar gəlib seçicilərlə görüş keçirən zaman konsert proqramında kiçik yallı qrupu çıxış edir, bu da bəstəkarın diqqətini çəkir. O, hətta bir neçə operasında da yallıdan istifadə edib.

1938-ci ildə “Şərur” Yallı Ansamblı Üzeyir Hacıbəylinin təşəbbüsü ilə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti dekadasına dəvət alır. O ildən Şərur yallı ansamblı kollektiv kimi fəaliyyətə başlayıb və böyük səhnələrdə, xaricdəki beynəlxalq folklor festivallarında çıxış edərək Azərbaycanı təmsil edib.
Bu gün də Şərur yallısı adını qoruyub saxlayır. Kollektivin hazırda 25 üzvü var. Unudulmuş yallılarımız bərpa olunur.

Yallının 100 -ə yaxın növü məlumdur, təəssüf ki, zaman -zaman yallılara etinasiz yanaşılıb deyə bəziləri unudulub. Hazırda 30 -a yaxın yallı ifa olunur.

Yallıların həcmi kiçik olduğuna görə bəzən bir kompozisiya şəklində 3 yallı da ifa olunur. Bunu bir yallı adı altında veririk. Biz yallını böyük səhnələrdə gətirmişik deyə yallılar da sayla ifa olunmalıdır, musiqi ilə başlayıb musiqi ilə qurtarmalıdır. Biz çalışdıq ki, yallılarımız professional şəkildə inkişaf eləsin”.

Kimya Babayeva deyir ki, yallının dili yoxdur, onun musiqisi, hərəkətləri bizim milliyimizi xarici vətəndaşlara çatdırır: “Şərur yallısının özünəməxsusluğu odur ki, o özünü oynayır. Bizim yallılarımız həm sayına, həm də hərəkətlərinin müxtəlifliyinə görə digər yallı növlərindən fərqlənir. Azərbaycanın müxtəlif bölgələrində də yallılar ifa olunur, amma onlar sayca azdır. Daha geniş yayılmış yallı Şərurdadır”.

AMEA Folklor İnstitutu, Folklor və yazılı ədəbiyyat şöbəsinin böyük elmi işçisi Əpoş Vəliyev deyir ki, Naxçıvan Muxtar Respublikasının rayon və kəndlərində xalqımızın keçmişi, tarixi ilə bağlı bir çox qədim adət və ənənələrimiz bu gün də yaşayır.

Onun sözlərinə görə, bu diyarın musiqi folkloru geniş janr tərkibinə, zəngin ənənələrə malikdir: “ Bu janrlardan biri bu gün də öz ritmini, ahəngini, birliyini təravətdə saxlayan xalq rəqsləridir. Bu baxımdan, Naxçıvan xalq rəqsləri folklorşünasların, filoloqların, etnoqrafların, arxeoloqların hər zaman diqqətini cəlb edib, bu zəngin irs haqqında müxtəlif məqalələr yazılıb, onların tarixi, etimologiyası, etnoqrafiyası, poetik mətni barədə müəyyən fikirlər irəli sürülüb.

Xalq rəqslərinin janr, ifaçılıq, ifadə vasitələri baxımdan ən qədim növlərindən biri də yallı rəqsləridir. Naxçıvan toylarını yallısız təsəvvür etmək çətindir. Yallı Naxçıvanın ənənəvi musiqi irsinin qədim mədəniyyət abidəsidir.
Naxçıvanda yallının 100-dən artıq növü olub. “Tənzərə”, “El yallısı”, “Gopu”, “Qazı-qazı”, “Hoynərə”, “Şərur yallısı”, “Köçəri”, “Dörd ayaq”, “Urfanı”, “Arazı”, “Siyaqutu”, “Xələfi”, “Qənimo”, “Nareyi”, “Qaladan-qalaya”, “Üçayaq”, “Üçaddım”, “Köçdü balaban”, “Gülümeyi”, “Haxışda”, “Zarı-zarı”, “Tello”, “Dönə yallı”, “Çolağı”, “Çınq-çınq”, “İkiayaq yallı”, “Qaleyi”, “Ləyli xanı”, “Güleynar”, ”Kürdün ağırı”, “Çöp-çöpü”, “Ciran-ciran” və sair kimi yallı növləri var.

Əsrlər boyu Naxçıvan istər Qafqaz, istər Yaxın və Orta Şərq, istərsə də Avropa xalqları arasında “yallıların vətəni”, “yallıların məskəni” kimi tanınıb”.

Əpoş Vəliyev bu rəqs növünün xarakteri haqqında da məlumat verib: “Bu rəqs əvvəllər aydınca əmək xarakteri daşıyardı. Yallı böyük bir dəstənin birgə iştirakı ilə ifa olunur. Dəstənin başında əlindəki yaylığı (dəsmalı) yellədərək qabaqda gedən “yallıbaşı” durur. Başqa iştirakçılar isə qollarını açaraq bir-birilərinin çeçələ barmağından tutur, ya da əllərini bir–birilərinin çiyninə qoyurlar.

Yallılar əsasən zurna alətinin müşayiəti altında oynanılır. Naxçıvanda zurnaçılar dəstəsi 3 nəfərdən ibarətdir: zurna (solo), züyçü (dəmkeş), çubuq nağara. Çubuq nağarası iri diametrli nağaradır. İfaçı sağ əli ilə ağzı düyülmüş iri çubuqla, sol əli ilə isə yuxarıdan ağzı düz kiçik çubuqla ifa edir.

Xoreoqrafik məzmunlarına görə yallılar iki qrupa bölünür:

Oyun yallıları – “Köçəri”, “Qaz-qazı”, “Çöp-çöpü” və rəqs yallıları – “Dönə yallı”, “Siyaquşu”, “Tənzərə”, “Urfanı” və s. Tərkibinə görə isə yallılar 3 cür olur: qadın, kişi və qarışıq.

Naxçıvan yallıları diyarın tarixi, etnoqrafiyası, mərasimləri, mifoloji inancları, adət-ənənələri, ifaçılıq mədəniyyəti ilə sıx bağlı şəkildə təşəkkül tapıb və tarixi təkamül yolu keçib. Yallıların qorunması, yaşadılması və gələcək nəsillərə ötürülməsi vacibdir”.

Qeyd edək ki, “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” ilə yanaşı, hazırda kamança hazırlanması və ifaçılıq sənəti, dolma hazırlama və paylaşma ənənəsi, Azərbaycan muğam ifaçılığı, lavaş bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında, Qarabağın Çövkən ənənəvi atüstü oyunu isə YUNESCO-nun təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer alır.


Müəllif: Aytən Yusifova

Oxşar xəbərlər