19 Dekabr 2018 23:43
1 279
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Musiqili Teatrında şairə Nurəngiz Günün 80 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçirilib.

Teleqraf.com-un məlumatına görə, tədbirdə tanınmış ədəbiyyat və incəsənət xadimləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin direktoru akademik Rafael Hüseynov Nurəngiz Günün həyat və yaradıcılığından, Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən bəhs edib.

Onun sözlərinə görə, müəllimləri Nurəngiz Günü Akademik Milli Dram Teatrında görmək istəsə də, o, radioya üz tutaraq diktor kimi fəaliyyətə başlayıb: “Nəticədə bu mühit içərisində olan ədəbi aləmlə yaxından tanış oldu, həm də yaradıcı şəxs kimi özünü ifadə etməyə başladı. Nurəngiz xanım kimi qəliblərə sığmayan bir insan diktor işləyirdi. Diktor olaraq hazır mətnləri oxumalı idi, o mətnlərin içərisindən çərçivələri sındırıb kənara çıxmaq isə cəza demək idi. Nurəngiz xanım neçə dəfə cəzalanıb. Ona görə də 1960-70-ci illərdə onu Azərbaycan radiosunun ən şıltaq diktoru adlandırmışdılar”.

Rafael Hüseynov qeyd edib ki, Nurəngiz Günün çox şeirlərinin ünvanı Vətən olub: “Ancaq bir şeirinin adı da, içərisi də Vətəndir. O şeir Vətənə həsr olunsa da, əslində Nurəngiz Günün öz tərcümeyi-halı deməkdir. Səni ta qədimlərdən tanıyıram Vətən, səni qədəmlərindən tanıyıram Vətən. Nurəngiz Gün Vətənini ata-babalarının ruhundan, onların keçdiyi yoldan, yaşadıqları ömürdən tanıyırdı. Ona görə də bu Vətəni gözəl etmək üçün öz yaradıcılığı, qələmi ilə faydalar verməli idi”.

Onun sözlərinə görə, Nurəngiz Gün daha sonra Azərbaycan Televiziyasında diktor kimi fəaliyyət göstərib və o zaman ədəbiyyata daha yaxından nüfuz edib: “O illərin radio və televiziya məkanında çalışmış insanlar söyləyirdilər ki, heç vaxt Nurəngiz xanımın əlindən Rəsul Rza və Nazim Hikmətin kitabları düşməzdi. Nurəngiz Gün bir tərəfdən Rəsul Rzadan tərbiyə alaraq, Nazim Hikmətdən örnək götürərək fikrini ifadə etmək xoşbəxtliyi qazanırdı, digər tərəfdən müəyyən qədər mühafizəkar olan ədəbi mühitdə maneələrlə üzləşməli olurdu. Bu səbəbdən, xüsusən ruhunun azadlığı ucbatından Nurəngiz Günün ədəbiyyatdakı yolu, irəliləyişi rəvan olmayıb. O, 25 yaşından şeirlər yazmağa başlasa da, 40 yaşında böyük ədəbiyyata gəlib. Nurəngiz Gün ədəbiyyata gələndən çərçivələri dağıdıb, qadının içərisindəki bütün sərbəstliyi, azadlığı ifadə edib. Bu isə heç də cəmiyyət tərəfindən həmişə rahat qəbul olunmayıb. Hətta şeir oxunuşunda belə qeyri-adi olduğunu nümayiş etdirirdi”.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev bildirib ki, Nurəngiz Gün böyük irs yadigar qoyan maraqlı nasirlərdən biridir: “Onu ömrüm boyu mehriban, məlahətli qadın kimi tanımışam. Üzündən gülüş heç zaman əskik olmazdı. Şeirlərini oxuyandan sonra bu təbəssümün, insanlara mehriban münasibətin arxasında böyük iztirab və kədərin durduğunu başa düşdüm. Şəxsi həyatı ilə bağlı da ağrıları vardı. Azərbaycanın faciələrindən sonra şəxsi ağrıları ictimai ağrılara döndü. Xalqın başına gətirilən müsibətlərini öz müsibətləri kimi qavrayırdı və bunu ifadə edirdi”.

Anar Rzayev vurğulayıb ki, yaradıcılığa gec başlasa da, Nurəngiz Gün qısa müddətdə dəyərli əsərlər yaradıb: “Bir xoşbəxtliyi də odur ki, Jalə kimi qızı var, anasının xatirəsini əziz tutur, uzun zaman yaşatmağa çalışır. Təəssüf ki, Nurəngiz Gün haqqında keçmiş zamanda danışırıq. Özü bu məclisdə iştirak etsəydi, hər şey daha gözəl olardı. Amma nə etməli, həyatın qanunu budur. Yaşayanların borcu da bu dünyadan gedənlərin xatirəsini əziz tutmaqdır. Allah ona qəni-qəni rəhmət eləsin”.

Daha sonra tədbirdə Xalq artistləri Nazpəri Dostəliyeva, Aygün Kazımova, Gülüstan Əliyeva, gülyanaq və Gülyaz Məmmədovalar, Əməkdar artist Lalə Məmmədova, Xatirə İslam və digər müğənnilərin ifasında sözləri Nurəngiz Günə məxsus mahnılar səsləndirilib.

Sonda şairənin qızı, Milli Məclisin deputatı Jalə Əliyeva çıxış edərək tədbir iştirakçılarının və sənətə, incəsənətə qiymət verən hər kəsin qarşısında baş əydiyini söyləyib.


Müəllif: Nərgiz Cavadzadə

Oxşar xəbərlər