Yazıçı Anar: “Elektron kitablar haqda danışmaq istəmirəm”
Əvvələr insanlar satışda olmayan kitabları kitabxanada oxuya oxuya bilirdilər. Bunun üçün həmin kitabxanaya üzv olur, onun xidmətindən yararlanırdılar. İndi isə elektron kitabxanaların elektron resurslarından yararlanmaqla evdən, ofisdən çıxmadan istənilən kitabı, mətni əldə etmək mümkündür.
Bəs elektron kitabxana nədir?
Ənənəvi kitabxanalarda informasiya xidməti yalnız kitabxananın iş saatı müddətində və məhdud sayda oxuculara göstərildiyi halda, elektron kitabxana sutkanın iyirmi dörd saatı müddətində fəaliyyət göstərir və dünyanın istənilən nöqtəsində yerləşən qeyri-məhdud sayda oxuculara eyni zamanda xidmət edir.
Elektron kitabxanaların informasiya ehtiyatı rəqəmli formada hazırlanmış müxtəlif formatlı sənədlərdən ibarətdir. Bu sənədlərin bir qismi kitabxananın mülkiyyəti olub, mərkəzləşmiş formada elektron kitabxananın Web serverlərində toplanır.
Uzaq məsafədə yerləşən ehtiyatlara kitabxana tərəfindən seçilmiş, dəqiqliyinə və etibarlılığına zəmanət verilən "istifadə üçün açıq" olan internet ehtiyatları aiddir.
Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasından verilən məlumata görə, kitabxanadakı əsərlər elektron formaya keçirilir və bu prosesin nə zaman başa çatacağı bilinmir.
“Qütenberq” layihə
“Kitabxana.net” milli virtual kitabxanasının rəhbəri Aydın Xan Əbilovun sözlərinə görə, XXI əsrin öz tələbləri var. Bu tələblərdən biri də kitabların informasiya kommunikasiya texnologiyaları ilə virtual elektron formada insanlara çatdırılmasıdır: “Kitabxanamız dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyon nəfərlik azərbaycanlıya ünvan¬lan¬mış resursdur. 2009-cu ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə ərsəyə gəlib. Elektron kitabxana ilk olaraq Amerikada həyata keçirilməyə başladı. Məşhur “Qütenberq” deyilən layihə vardı və məqsəd milyonlarla kitabları elektron formaya keçirməkdən ibarət idi.
Azərbaycanda da Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası, “Xəzər” Universitetinin kitabxanası və Axundov adına Mili Kitabxana bu layihəyə qoşuldu. Amma bu kitabxanalar kitabların elektronlaşmasını yox, sadəcə bəzi mətnlərin yığılması və saytda yerləşdirilməsini etdilər. Daha sonra bu layihə dayandırdırıldı və ənənəvi kitabxanaların şəbəkə variantları yaradıldı”.
Üç-dörd elektron kitabxana
Aydın Xan Əbilov elektron kitabxanaların aktuallığından danışdı: “Müasir dünyada internet resursları olmadan inkişaf mümkün deyil. Gənc yazarlarla bizim başlıca məqsədimiz virtual Azərbaycan yaratmaqdır. Əslində çox gecikmişik. Rusiyada 40 min, Avropada 50 min elektron kitabxana olduğu halda bizdə cəmi üç-dörd elektron kitabxana var.
Bizim elektron kitabxanamızda Azərbaycan, rus, ingilis, türk dillərində elmi, tarixi, bədii, ictimai-siyasi kitabların elektron variantları, dərsliklər, kulturoloji intellektual əsərlər yerləşdirilib. Sayı artırmaq üçün isə texniki dəstək lazımdır. Dövlət vəsait ayırmalıdır”.
Müəllif hüquqları
Yazıçı bildirdi ki, elektron kitabxanalar da müəllif hüquqlarının qorunması vacibdir: “Portalın materiallarından istifadə edildikdə müəlliflərə və kitabxanaya istinad mütləqdir. Ümumiyyətlə, elektron kitabxanaların internetdə yerləşdirilməsi mübahisələr yaratdı. Bəzi ölkələrin fikirlərinə görə, elektron kitablar da adi kitablar kimi mütləq müəllif hüquqları ilə tənzimlənməlidir. Hər hansı bir müəllifin kitabı internetdə yerləşdirilirsə, həmin müəllifə qonorar verilməlidir. Digər ölkələr isə deyirlər ki, xeyr, bu, humanitar layihə şəkilində olmalıdır”.
Kitabxanalarmıza uz tutanlar…
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev bildirdi ki, elektron kitablar haqqında danışmaq istəmir.
Yazıçı Nəriman Həsənzadə isə elektron kitabxananın imkanlarını bəyənmir: “Kitabın nəşri və yayımı böyük əmək tələb edir. Gənclər bu gün virtual kitabxana vasitəsilə dünyanın istənilən ölkəsində asanlıqla ana dilində kitab əldə edib oxuya bilir. Amma nəşr olunan kitablar qalır kənarda və kitabxanalarmıza da uz tutanlar azalır”.
Yazıçının sözlərinə görə, xarici şirkətlərin elektron kitabxanalarla məşğul olurlar: “Onlar kitablarımın elektron variantda yayımı ilə məşğul olurlar. Amma ölkəmizdə yerli portalların mövcudluğu barədə məlumatım yoxdur”.
Gənc yazar Mövlud Mövlud deyir ki, elektron kitabdan məlumatsızdır: “Mən elektron kitab görməmişəm. Öz yazılarını internetdə yerləşdirmək necə olur, bilmirəm”.
İlhamə Əbülfət