Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabr ayının 12-də Azərbaycan Dövlət Mahnı Teatrında şair, dramaturq, Əməkdar İncəsənət Xadimi Zeynal Xəlilin anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
Teleqraf.com-un xəbərinə görə, tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı İlqar Fəhmi, Azərbaycan Yazıçılar Birliyinin “İrs” komitəsinin sədri, şair Sona Xəyal və başqaları Zeynal Xəlilin zəngin həyat yolu, fəaliyyəti və yaradıcılığından söhbət açıblar.
Qeyd edək ki, Zeynal Xəlil 1914-cü ildə Gəncə şəhərində sənətkar ailəsində doğulub. 1936-cı ildə “İstək” adlı ilk şeirlər kitabını ictimaiyyətə təqdim edib. Onun “Tarac” (1936), “Poemalar”, “Qılınc” (1940), “Tatyana” ( 1942), “Düşüncələr”, “Etibar”, “Arzular”, “İki dünya”, “Lalə”, “Bənövşə”, iki cildlik “Seçilmiş əsərləri” və s. kitabları oxucular tərəfindən rəğbətlə qarşılanıb.
Zeynal Xəlilin bir dramaturq kimi də ədəbiyyatımızın inkişafında xidmətləri böyükdür. Onun ilk pyesi “İntiqam” bir çox teatrlarda tamaşaya qoyulmuş və müvəffəqiyyət qazanmışdır. Belə əsərlərindən biri də uzun müddət səhnədən düşməyən “Qatır Məmməd” pyesidir.
Cəmi 59 il ömür sürmüş şairin poetik dünyasında hər fəslin öz rəngi duyulmaqdadır. Gecədə şairin şeirləri səsləndirilib və “Qatır Məmməd” filmindən fraqmentlər nümayiş olunub. Zeynal Xəlilin sözlərinə bəstələnmiş “Ay işığında”, “Kimlər gəldi, kimlər getdi” və digər mahnılar ifa edilib.
Nərmin