Teleqraf.com-un “Düşünmək vaxtı” rubrikasının qonağı yazıçı İlqar Rəsuldur.
Onunla müsahibəni təqdim edirik:
- Sizcə, dünya sənətin eniş, tənəzzül dövrünü yaşayır? Belə bir zənn yaranır ki, məsələn, rəngarəng görünən ötən əsrlə müqayisədə indi sənət bir az sönük görünür.
- Məncə yox. Sənət iqtisadiyyat deyil ki, zamanla tənəzzül dövrünü yaşasın. Sadəcə, hər dövrün öz xarakteri, öz zövqü, öz tələbatı var. Ola bilsin, indiki əsr əlvan rəngləri sevmir sadəcə. Həm də ola bilsin, indi sənətdə rənglərin yox, xətlərin, cizgilərin əlvanlığı önəmlidir. Bizim ötən əsrə baxıb indiki sənəti müqayisə etmək imkanımız var deyə, belə düşünürük bəlkə. Amma o da var ki, ötən əsrdəkilər zamanında indini görə bilsəydilər, bəlkə boz görüntüyə üstünlük verərdilər. Məncə, bu məsələdə birmənalı danışmaq olmaz. Biz nə desək, nə düşünsək, öz zövqümüzdən çıxış etmiş sayılacağıq. Dünya və zaman isə az qala on milyard zövqü yola verir.
- Milan Kundera yazır ki, müasir ədəbiyyat XX əsr ədəbiyyatını təqlid edir. Bunda həqiqət payı varmı? Varsa, niyə ötən əsrin təsirindən çıxa bilməmişik?
- Məncə, bəzən biz deyilən fikirlərə çox ciddi yanaşırıq. Halbuki adamlar sadəcə, istənilən məsələ barədə öz fikirlərini deyirlər. Hətta təcrübədən çıxış etsələr belə. Gerçəklik odur ki, hər dövr özündən əvvəlkinin davamıdır, əlbəttə, müəyyən qədər oxşarlıq, uyğunuq olacaq. Bir də axı, sənətdə niyə qonşu dövrlər arasında kəskin fərq olmalıdır? Axı niyə bütövlükdə ədəbiyyat (yazıçı) özünü zorlamalıdır ki, əvvəlkindən kəskin fərqlənsin? Məncə, fərqliliyin yaranması öz-özünə və zamanın axarında baş verməlidir. Bəlkə yüz ilə, bəlkə iki yüz ilə. Bəlkə daha az, bəlkə daha çox müddətə. Kimdə (dövrü nəzərdə tuturam) necə alındı, elə yəni. Əsas odur ki, əsərlər yaransın və ədəbi prosesi başqa mərhələyə daşısın. Yəni bu proses qırılmasın. Onsuz da, o fərqli nəsə gec-tez kimdənsə çıxır.
- Yazıçı yaradıcılığında vətəndaşlıq mövzularından və ya mövqeyindən imtina etməlidirmi? Bu məsələni az qala yeni dövrün tələbi kimi ortaya qoyanlar da var. Məsələn, vaxtilə Orxan Pamuk buna bənzər bir duruma görə kəskin tənqidlərə məruz qalmışdı.
- Məncə, gerçək yaradıcılıq hər hansı mövqeləri və ya imtinaları qəbul etmir. Sən oturub yazırsan, əsər özü gedib harasa çıxır. Düzdür, bu cür istedad hər adama verilmir. Bu bəlkə də, yaradıcılığın ali mərhələsidir. Sən yazırsan, amma hara gedib çıxacağını bilmirsən. Məsələn, sonluğu planlaşdırırsan, amma hadisələr gedib gözləmədiyin yerə çıxır. Yəni sən mətn yazmırsan əslində, sənin vasitənlə mətn yazılır. Sən prosesi yox, proses səni idarə edir. Bu bir az qəliz məsələdir deyə, üzərində çox dayanmaq istəməzdim. Dediyim odur ki, bu yaradıcılıq halında düşünülmüş, yaxud tələb edilən, tövsiyə edilən mövqe və mövzu önə keçə bilmir.
Məncə, yazdığın bir bədii əsərdə, məsələn, millətin, məmləkətin taleyinə, tarixinə, incəsənətinə, ümumiyyətlə, bəşər tarixinə, mədəniyyətinə aid nələrinsə olması oxucunun zənginləşməsi, əlavə məlumatlanması baxımından yaxşıdır. Bu artıq yazıçının dünyagörüşünün, bilgilərinin miqyasından və özü üçün müəyyən etdiyi missiyadan asılı olan məsələdir.
- Dini kitabları bədii nümunələr kimi qəbul etmək olarmı, həmin kitablarda bədii ədəbiyyatın payı nə qədərdir?
- Əslində dini kitabları da insan yazır. Olsun Allahın adından, amma insan yazır və o kitablar da nələrisə danışır, necə deyərlər “nağıl edir”. Bütün nağıllarda yetərincə ədəbiyyat payı var.
- Belə bir fikir var ki, “Yazıçı Allahla yox, Şeytanla dərdləşir”. Bəzən bu müəmmalı qaranlıq əsərlərdə hiss olunur, sözün açığı. Siz bu haqda nə düşünürsünüz?
- Bu sualınıza cavab əvəzi “Lənətlənmiş mələk” adlı romanımdan bir parçanı əlavə edirəm:
“Şeytanın öz gedişi ilə yaratdığı boşluq ona darıxdırıcı gəldi. Hə, o, Şeytan üçün darıxırdı, deyəsən. İstər-istəməz ağlından özünün də gözləmədiyi bir fikir keçdi:
“Yer üzündə baş verənlər Allahın məğlubiyyəti olmasa da, hər halda Şeytanın qələbəsidir. Həm də bu qələbə öz başlanğıcını ən pis halda cənnətdə almanın yeyilməsindən (əgər elədirsə), ən yaxşı halda Adəmlə Həvvanın ailəsindən, yəni Qabilin Habili öldürməsindən (əgər bu olubsa) götürüb və bu günlərədək davam edir. Bəlkə də, bəşəriyyəti xilas etmək üçün insan elə ilk vaxtlardan Şeytanla hansısa anlaşma yapmalı idi. Çünki Şeytan öz vədlərini bu dünyada və daha tez yerinə yetirir. Çünki Şeytana arxalananlar bu dünyada daha varlı, daha firavan yaşayırlar. Çünki Şeytana arxalananları bu dünyada alçaltmaq, əzmək, rəzil etmək o qədər də asan olmur. Hə, bu daha etibarlı anlaşma olardı. Bu anlaşma həm də yer üzündə Allahın xilası olardı. Çünki insan yaxşı yaşayınca, çox vaxt Allahı nəinki qınamır, heç xatırlamır da. Əslində, belə bir qudurğan məxluqun Allahı xatırlamaması daha böyük ibadət olardı Yaradana”.
Gülümsündü. Ağlından keçənlər özünə xoş gəlmişdi, deyəsən. Onları küfr saysa da”.