Bu gün xalq artisti Flora Kərimovanın 79 yaşı tamam olur. Teleqraf.com Flora Kərimova ilə qısa müsahibəni təqdim edir.
- Flora xanım, doğum gününüz Ağdamın işğal gününə düşür. Bu mənada sizin 23 iyul günü ilə bağlı təəssüratınız maraqlıdır...
- Mənim təəssüratım... Allah ömür vəfa etsə, Ağdamdan səsim eşidiləndə gözəl olacaq. O zaman doğum günümdə sevinəcəm.
- Yəqin ki, ilk təbriki qızınız və oğlunuzdan aldınız...
- Hər gün qızıma və oğluma səhhətimlə bağlı hesabat verirəm ki, sağ-salamatam. Bir az telefon zənglərinə gec cavab verəndə narahat olurlar və tez bir-biri ilə danışırlar. Qızım mənə yazır ki, mama necəsən? Cavab verirəm ki, mənə bir şey olsa, hamıdan tez siz eşidərsiniz. Qızımdan bir Floranın olmasını arzu edirəm, oğlumdan iki cəngavər nəvəm var. Floranı qızımdan qoparmayınca, bu dünyadan getməyəcəm.
Hər dəfə yaşımı eşidəndə təəccüb edirəm. Sən demə, 79 yaş bir göz qırpımı imiş. Çox əziyyət çəkdim, amma buna heyfsilənmirəm.
- Azərbaycan-Ermənistan sərhəddində Tovuz istiqamətində baş verən döyüşlərdə şəhid verdik. Bütün mədəniyyət xadimləri, incəsənət nümayəndələri ordumuza oldular. Amma təəssüf ki, bunu sizin də tanıdığınız Ülviyyə Alovlu üçün demək olmaz. Həmin xanımın məlum fikirlərilə bağlı mövqeyiniz maraqlıdır...
- Ülviyyə Alovlu, ayıb olsun sənə! Yaxın günlərdə yazısını oxudum, itirdiyimiz şəhidlərimizə hörmətsizlik edib "Sizin generalınız" deyərək özünü bu millətə aid etmir. Hansı haqla sən və sənin kimilər Vətən uğrunda həyatını itirənlər haqda belə hədyanlar yaza bilər?!
Sanki düşmən millətin nümayəndəsi haqqında "Sizin generalınız" deyir. Milləti aşağılamaq, təhqir etmək cürətini sənə kim verir?!
- Ülviyyə Alovlunu məhkəməyə vermişdiniz. Məhkəmə işi nə yerdədir?
- Bəli, onu məhkəməyə vermişəm, amma pandemiya qanının arasına girdi. O adam başdan-ayağa şərdir, üzədurandır, yalançıdır.
Onun "sizin general" ifadəsini oxuyanda başımdan tüstü çıxdı. Sən bu torpaqda necə yaşayırsan?! Bu düşüncələrdən, sözlərdən sonra hansı üzlə cəmiyyət arasına çıxacaqsan? Özünə "alovlu" deyən zavallıdan közərti də qalmayıb. O, bu sözlərlə Vətən yolunda canından keçənlərin ailələrinə dağ çəkir. Şəhidlərimizin ailələrini necə ovudum? Generalımızı qoruya bilmədik. Generalın, polkovnikin, əsgərin ölümü ilə bağlı millət ayağa qalxdı. Onlar bu torpağı Vətən deyib sevdilər, qədrini bilərək ölümə getdilər.
"Vətənə borcum var" hissi ilə canlarından keçdilər. Məhəbbətə məhəbbətlə cavab verilir. Vətənin də onun uğrunda şəhid olan övladına borcu var. Düşmənlərimiz o qədər həyasızcasına üzümüzə dururlar ki, artıq ümidimi itirmişdim.
ABŞ Konqresi Azərbaycan torpaqlarının işğal faktını tanıdı. Məhz bundan sonra bizim münasibətimiz lap kəskinləşdi. Bu, onların təxribata əl atmasına səbəb oldu. Kimlərinsə hesabına qəhrəman cildinə girən qorxaqlar artıq mübarizə üsulunu dəyişib, xarici ölkələrdə bizim cavanlara hücuma keçdilər.
50 nəfərin üzərinə yüzlərlə təxribatçı cumdu. Bir nəfər də olsun bizimkilərdən qorxub qaçan olmadı. Qəhrəman kimdir?! Bizimkilər düşməndən qaçmadı. Bu da bunların qəhrəmanlığı. Onlar nökər kimi sahib kölgəsində yaşayırlar.
- Flora xanım, özünüzü koronavirusdan necə qoruyursunuz?
- Həm şəhərdə, həm də bağ evində oluruq, özümüzü qorumağa çalışırıq. Tanışlarım arasında yoluxan yoxdur. Mən həm də həkiməm və düşünürəm ki, bu xəstəliyə ciddi münasibəti qorumaq lazımdır.
Koronavirus paralel xəstəliyi olanlar üçün çox təhlükəlidir.
Düzdür, qadağalar çətindir, evdə otururuq. Amma başa düşməliyik ki, ailə üzvlərindən biri virusa yoluxarsa, onu itirə bilərik. Əgər sağ qalmaq istəyiriksə, qaydalara riayət etməkdən başqa çarəmiz yoxdur.