16 Aprel 2022 21:08
2 123
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Atam kinonun böyük fanatı idi. O kinonun xalqa çatdırılması lazım olan sənət olduğuna inanırdı və bunun üçün hər şeyi edirdi. O istəyirdi ki, insanlar kinoya baxanda həm ləzzət alsınlar, həm də öyrənsinlər”.

Bunu Teleqraf.com-a Eldar Quliyevin qızı Nərminə Quliyeva deyib.

Onun sözlərinə görə, Eldar Quliyev vaxtaşırı onu və bacısını filmlərinin çəkilişlərinə aparırmış: “Xatırlayıram ki, bacım İradə xanımla “Nizami və “Gümüşgöl əfsanəsi” filminin çəkilişlərində olmuşuq. Çəkiliş meydançasında söz sahibi o idi. Uşaq vaxtı “Səmt küləyi” filmini çox sevirdim. “Babək”, “Bir cənub şəhərində” filmləri kult filmlərdir, çox sevilir, maraqla izlənilir. Amma mən son illər çəkdiyi filmlər arasından “Girov”u xüsusi qeyd etmək istəyirəm”.

O qeyd edib ki, Eldar Quliyevin planları, ideyası həddən artıq çox idi: “Amma son illər xəstəliyinə görə o ideyalarını gerçəkləşdirə bilmirdi”.

Nərminə xanım “Eldar Quliyev necə ata idi” sualımıza “Çox yaxşı ata idi. Mehriban, qayğıkeş...”, - deyə bildirib.

Eldar Quliyev 18 yanvar 1941-ci ildə Bakıda anadan olub. 1960–1966-cı illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində, Sergey Gerasimovun kursunda təhsil təhsil alıb. 1967-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləmişdir. "Biri vardı, biri yoxdu…" adlı ilk qısametrajlı filmini çəkib. Kifayət qədər bədii və sənədli filmin müəllifidir. 1969-cu ildə ilk böyük ekran əsəri olan "Bir cənub şəhərində" filmi ilə özünü təsdiqləyib və bu filmlə Azərbaycan kinosunda yeni bir mərhələnin təməlini qoyub.

1979-cu ildə "Babək" filmini çəkir və bu film professionallıq səviyyəsinə, kütləvi və batal səhnələrin miqyasına görə heç də xaricdə istehsal olunan bu tipli filmlərdən geri qalmırdı. Həmin illərdə "Babək" filmi 52 ölkə tərəfindən satın alınıb. Bunlarla yanaşı "Ən vacib müsahibə", "Var olun, qızlar…", "Ürək… Ürək…", "Nizami", "Nə gözəldir bu dünya…", "Girov", "İstanbul reysi", "Dərvişin qeydləri" və s. filmlərə quruluş verib.

Xalq artisti 16 aprel 2021-ci ildə müalicə aldığı Respublika Müalicəvi Diaqnostika Mərkəzində vəfat edib.


Müəllif: Nərmin Muradova