6 May 2022 18:00
1 739
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Teatrımıza “Milli” statusun verilməsi teatrımıza verilən qiymətdir. Hər bir teatrın ən böyük arzusu bu statusları qazanmasıdır”.

Bu sözləri Teleqraf.com-a müsahibəsində Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru Rza Xudiyev deyib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 26 aprel tarixli qərarı ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına “Milli” status verilib.

Rza Xudiyevlə müsahibəni təqdim edirik. Müsahibimiz söhbətə teatr haqda məlumatla başladı:

- 2009-cu ildən teatr “aparıcı teatr” statusu ilə fəaliyyət göstərir. Baş nazirin sərəncamı ilə bizim teatra “Milli” status verildi. Teatrın bütün yaradıcı və texniki heyəti buna çox sevinir. Səhv etmirəmsə, bölgə teatrları arasında bu statusu alan ilk teatrıq. Bütün teatrlara bu sevinci yaşamalarını arzu edirəm. Bu, həm də işçilər üçün maddi stimuldur. Əməkhaqqına mayın 1-dən 50 faiz məbləğində əlavə ödəniləcək.

Naxçıvan Teatrı 1883-cü il mayın 11-də yaranıb. Gələn il Azərbaycan teatrının 150, bizim teatrın isə 140 illiyi tamam olacaq. Bu il həmçinin teatrın “dövlət” statusuna layiq görülməsinin 100 illiyidir. Bu ərəfədə bu statusun verilməsi təbii ki, bizi hədsiz sevindirir.

- Eyni zamanda sizin qarşınıza böyük məsuliyyət qoyur. Teatrın fəaliyyət istiqamətinə necə təsir göstərəcək?

- Naxçıvan Teatrı 1995-ci ildən bu yana artıq öz yolunu müəyyənləşdirmiş teatrdır. Xüsusən Azərbaycanın tarixi, milli xüsusiyyətləri ilə bağlı əsərlər teatrın repertuarında üstünlük təşkil edir. Yenə də bu istiqamətdə öz fəaliyyətimizi davam edəcəyik. Bununla yanaşı xarici dramaturqlarının əsərlərini də səhnələşdirəcəyik. Henrix İbsenin, Aytmatovun, Çexovun əsərlərini, son olaraq Çapekin “Ana” pyesini tamaşaya hazırladıq.

Sizə onu da deyim ki, digərlərindən fərqli olaraq bizim teatr pandemiya dönəmində fəaliyyətini davam etdirdi.

- Necə və hansı formada?

- Fəaliyyətimizi təxmini bir ay – martın ortalarından aprelin ortalarına qədər dondurduq. Daha sonra məşqlərimiz davam etdi. Tamaşalar oynamasaq da tamaşanı hazırlayıb, repertuarı zənginləşdirdik. Tamaşalar Naxçıvan Televiziyası, Naxçıvan Mədəniyyət Nazirliyinin internet saytı vasitəsi ilə canlı yayımlandı. Bu dövr ərzində yeddi-səkkiz tamaşa hazırlandı. Ötən ilin oktyabr ayından isə tamaşalarımızı səhnədə oynayırıq. 2022-ci ilin repertuarından ilk əsər bir həftəyə kimi təhvil veriləcək. İlyas Əfəndiyevin “Xurşudbanu Natavan” əsərini mayın 11-nə kimi oynamaq istəyirik.

Artıq Hüseyn Cavidin “Topal Teymur” əsərini səhnələşdirməyə başlamışıq. Bu tamaşa da Hüseyn Cavidin 140 illiyinə hədiyyə olacaq.

- Teatrınız gənc dramaturqlarla işləyirmi? Yaxud gənc dramaturqlar teatra əsər təqdim edirlərmi?

- Yaxşı əsərdirsə bəli biz onu səhnələşdiririk. Repertuar təsdiq olunanda çoxlu əsərlər təqdim olunur. Hansı qəbul olunursa onun üzərində işlər başlayır. Bədii Şura üzvlərinin hamısı təqdim olunan materialları oxuyur, əsərlə tanış olub öz rəylərini bildirirlər.

Müasir yerli müəlliflərdən Elçin Əfəndiyevin, Əli Əmirlinin, Vaqif Səmədoğlunun əsərlərinə yer ayırmışıq.

Ümumiyyətlə, gənc dramaturqlar çox az müraciət edirlər.

- İlə neçə tamaşa təhvil verirsiniz?

- Dörd tamaşa təhvil verilir. Repertuarda üç əsər təsdiq olunursa çalışırıq bir əsəri də plandankənar hazırlayaq.

- Dediyiniz üç tamaşa dövlət sifarişi ilə hazırlanır?

- Tamaşa hazırlamaq üçün bütün teatrlara bu vəsaiti Mədəniyyət Nazirliyi ayırır. Əgər teatrın qazancın yaxşıdırsa təbii ki, öz maliyyəsi hesabına da tamaşa hazırlaya bilər. Dövlət sifarişi bir az başqa cür olur. Onun üçün ayrıca smeta tutulur. O cür tamaşalar üçün daha çox maliyyə ayrılır və dövlət sifarişi kimi qəbul olunur.

Bizdə digər tamaşalara maliyyə Naxçıvan Muxtar Respublikasının hesabından verilir.

- Bölgə teatrı olaraq başlıca probleminiz nədir?

- Bölgə teatrları içərisində ən xoşbəxt teatr bizik. Çünki dövlət qayğısını daha çox hiss edirik. Bizə Muxtar Respublikanın, dövlətimizin əməyi, qayğısı çoxdur.

- Bu qayğı maddi baxımından da təmin olunur?

- “Milli” statusdan sonra maaşlar hiss olunacaq dərəcədə artacaq.

- Rza bəy, teatr aktyor-rejissor qıtlığı ilə qarşılaşmır ki?

- Teatrda “Təməl studiyası” fəaliyyət göstərir. Hazırda teatrdakı aktyorların bir neçəsi məhz studiyanın məzunlarıdır. Ondan başqa 10 ildir ki, Naxçıvan Dövlət Universiteti Konservatoriyasında aktyorluq ixtisası fəaliyyət göstərir. Əlbəttə, o ixtisası bitirənlərin hamısı aktyor olmur. Ən azından tələbatımızı ödəyə bilirik. Konservatoriyanın üç tələbəsini teatrda işə götürmüşük.

Bəli, rejissor qıtlığımız var. Hazırda teatrımızın ştatında ali təhsilli rejissorumuz çalışır. Ondan öncə də teatrda direktor, baş rejissor işləmiş Kamran Quliyev, rəhmətlik Rəfael Dadaşovun qardaşı Rövşən Hüseynov müqavilə ilə teatrda tamaşalar hazırlayırlar.

- Teatrınız haqda ətraflı məlumat əldə etmək üçün saytınızı axtara-axtara qaldım.

- Doğru qeyd edirsiniz, rəsmi saytımız yoxdur. Amma bu il yaradacağıq.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər