Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi “Cənnətim Qarabağ!” adlı rubrikaya start verir.
Bu barədə Teleqraf.com-a Teatr Muzeyindən məlumat verilib.
Qeyd olunur ki, layihə Prezident İlham Əliyevin 2022-ci ilin ölkədə “Şuşa ili” elan edilməsi haqqında Sərəncamına əsasən həyata keçirilir. Layihə çərçivəsində ilk təqdimat Xalq artisti Barat Şəkinskayaya həsr olunur. Layihə çərçivəsində aktrisanın həyat və yaradıcılığına dair material və muzeyin fondundan bir neçə eksponat təqdim edilib.
Teatr və kino salnaməmizin əvəzsiz simalarından biri olan, Xalq artisti Barat Şəkinskaya 28 iyun 1914-cü ildə Şuşada bəyzadə ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra B.Şəkinskaya ailəsi ilə birgə əvvəl Ağdama daha sonra Gəncəyə köçüb. Təhsilini burada 2 saylı birinci dərəcəli qız məktəbində və ardınca pedaqoji məktəbdə davam etdirib. 30-cu illərdə şəhərdəki bir sıra dram dərnəklərində, daha sonra Gəncə Türk İşçi Teatında aktrisa kimi çalışıb.
Yaradıcılığının əsas dövrü 1935-ci ildən etibarən Akademik Milli Dram Teatrı ilə bağlı olub. O, bu teatrın səhnəsində C.Cabbarlının “Sevil”, “Almas”, “Solğun çiçəklər”, Q.Musayevin “Qızıl çeşmə”, U.Şekspirin “Maqbet”, “Romeo və Cülyetta”, “Otello”, M.İbrahimovun “Həyat”, S.Rəhmanın “Xoşbəxtlər”, “Nişanlı qız”, F.Şillerin “Məkr və məhəbbət”, Ə. Haqverdiyevin “Pəri cadu”, S.Vurğunun “Fərhad və Şirin”, İ.Əfəndiyevin “Atayevlər ailəsi” və s. əsərlərin tamaşalarında oynadığı Gülüş, Almas, Sara, Gülümsər, Ledi, Cülyetta, Dezdemona, Atlas, Gülər, Maral, Zərifə, Luiza, Pəri, Şirin, Dilşad kimi rolları ilə adını teatr tariximizə yazdırıb.
"Azərbaycan səhnəsinin Cülyettası" deyə çağırılan Barat Şəkinskaya teatr fəaliyyəti ilə yanaşı Azərbaycan kinematoqrafiyasının istehsalı olan bir sıra məşhur filmlərdə - "Görüş"də Şövkət (1955), "O olmasın, bu olsun"da Sənəm (1956), “Qızmar günəş altında”da (1957) Sərdarovun arvadı, "Qəribə Əhvalat"da Tükəzban (1960), "Telefonçu Qız"da Sürəyya (1962) kimi canlandığı irili-xırdalı rolları ilə yaddaşlarda iz qoyub.