20 May 2022 09:55
2 265
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu yaxınlarda 70 illik yubileyini qeyd edən əməkdar artist, peşəkar dublyaj aktrisası Nəcibə Hüseynova Teleqraf.com-un suallarını cavablandırıb.

- Nəcibə xanım, yubileyinizi tamaşaçılar, həmkarlarınızla birgə qeyd etdiniz. Uzun illərdən sonra səhnəyə qayıdış və yeni tamaşa...Söhbətimizə bununla başlamaq istəyirəm. Kimin təşəbbüsü idi?

- İş yoldaşım, dublyaj rejissoru Rəmziyyə Jilqamlı bir gün mənə dedi ki, pyes yazmışam, istəyirəm baş rolu siz oynayasınız. “Venesiyada qürub çağı” adlanan pyesi əlimə aldım və çox maraqla oxudum. İçərisində intriqa vardı və oxucunu özünə çəkə bilirdi. Rəmziyyə xanım onu da etiraf etdi ki, pyesi məxsusi mənim yubileyimə həsr edib.

Elə o vaxtdan düşünürdüm ki, hara gedim, kimə deyim ki, bu pyesi səhnələşdirsin. Həmçinin kiminlə tərəf müqabili olacam? Günlərin birində Rəmziyyə xanım gəldi və dedi ki, Murad Dadaşovla danışıb və o təklifi çox yaxşı qarşılayıb. Və əlavə edib: “Məndən asılı olan nəsə olsa, deyin”. Belə qərara gəldilər ki, tamaşa məhz Xəzər Media Mərkəzinin öz səhnəsində hazırlanıb, təqdim olunsun.

Bəs mənim partnyorum kim olacaq sualı yarandı. Rəmziyyə xanım bildirdi ki, Sabir Məmmədov əsəri oxuyub, bəyənib və tamaşada oynamağa razılıq verib. İnanırsınız, bütün bunlar məndən xəbərsiz baş verib.

Səhv etmirəmsə, ötən ayın sonlarında məşqlərə başladıq. Həftədə bir, yaxud iki dəfə məşq edə bilirdik. Çox qısa vaxt ərzində tamaşanı hazırladıq. Tamaşanın müəllifi də, rejissoru da, təşkilatçısı da Rəmziyyə xanımdır. Tərtibat işləri ilə Xuraman xanım məşğul olub.

Bu tamaşa, görülən bu qədər iş sözün həqiqi mənasında mənim üçün hədiyyə oldu.

- Neçə ildir səhnədən uzaq düşmüsünüz?

- İşlədiyim Lənkəran Dövlət Dram Teatrından hesablasaq 40 ildir. İnstitutu bitirəndən sonra bizim kursu Lənkərana göndərdilər. İndiki Lənkəran Dövlət Dram Teatrının təməlini biz qurmuşuq. 8 il yarım teatrda çalışdım. Həmişə zarafata salıb, gülürəm: “Fellini kimi 8 yarım deyə bilərəm”. Fellini bunu filmləri üçün deyirdi, mən isə teatrda işlədiyim müddəti nəzərdə tuturam.

Arada qısa müddət Tədris Teatrında bir tamaşada, Yuğ Teatrında Kamal Abdullanın “Bir, iki, bizimki” əsərində rol almışam. Bunları nəzərə alsaq 25 il olur.

Bir-iki filmə də çəkilmişəm. Amma daha sonra dublyaja və bizdə çəkilən filmlərin səsləndirilməsinə cəlb olundum.

- Uzun aradan sonra teatr səhnəsinə addım atmaq, həmkarlarınızın qarşısında çıxış etmək, yubiley yaşınızı qeyd etmək...Bütün hislər bir-birinə qarışıb. Bununla necə baş etdiniz?

- Əlbəttə, çox böyük məsuliyyət və qorxu hissi var idi. Kənardan baxıb kimsə fikirləşə bilər ki, neçə ildir qıraqda oturmuşdun, elə orada da qalardın, niyə səhnəyə çıxmısan? Bax bunu eşitmək qorxusu var idi içimdə. Təsəvvür edin, mən necə həyəcan keçirirdim.

- Tamaşa bitdi. Tamaşaçılardan istədiyinizi ala bildiniz?

- Alınan nəticə məni şoka saldı. İnanırsız, daha yaxın bildiklərimə tamaşanın necəliyi ilə bağlı bir neçə dəfə sual vermişəm. Onların səmiyyətinə inanaraq belə qərara gəldim ki, yaxşı bir iş alınıb.

- İlk dəfədir ki, Sabir müəllimlə tərəf müqabili olursunuz?

- Bəli, ilk dəfədir. Sabir müəllim əvvəl Sumqayıt Teatrında, indi isə Akademik Milli Dram Teatrında çalışır. Onunla yalnız dublyajda qarşılaşmışıq. Çox vaxt mən dublyaj rejissoru, o mənim aktyorum olub. Biz heç dublyajda da tərəf müqabili olmamışıq.

İndi mənim halımı təsəvvür edin.

- Tamaşalar, adətən bir neçə dəfə oynanılandan sonra mükəmməlləşir.

- Tamamilə doğrudur. Mən, hətta bir ifadə işlətdim, teatr işçiləri bunu yaxşı bilir, dedim bu tamaşamızın ictimai baxışıdır. Adətən teatrlarda belə olur: əsas məşq, sonra ictimai baxış keçirilir, daha sonra üç premyera oynanılır.

Üç tamaşaya aktyorlardakı hiss, həyəcan, çatışmazlıqlar, nöqsanlar aradan qaldırılır. Bizdə isə hamısı birində oldu.

- Bu yaxınlarda Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin apardığı monitorinqin nəticələri açıqlandı. İradlar da yetərincədir. Sovet dönəmində kinostudiyanın dublyajı ilə indiki dublyaj dəfələrlə müqayisə olunub. İki dublyajda çalışmış və bu gün dublyaj sahəsində mütəxəssisləşmiş Nəcibə xanımın narahatlığını bilmək, iradlara münasibətini və təkliflərini eşitmək istəyirəm. Və nə edə bilərik ki, yenə əvvəlki keyfiyyətli dublyaja qovuşaq?

- Əvvala ondan başlayaq ki, iki dövrün dublyajı arasında texniki böyük fərq var. Bu hiss olunur, həqiqi film effekti yoxdur.

İkinci, mütəxəssis məsələsi... Hazırda bizdə mütəxəssis yetişdirən məktəb, məkan yoxdur. Mən indiki nəslə “evdə öyrənənlər” deyə xitab edirəm.

Eyni zamanda mətnlərlə bağlı çox irad bildirilir. Amma tərcüməçilərimiz bu işə yeni başlayıb pillə-pillə, addım-addım, kəlmə-kəlmə işi öyrənən insanlardır. İrad tutmaq çox asandır. Bu işin içində olan adam başa düşür ki, film tərcümə etmək necə ağır, zəhmət tələb edən bir işdir. İstər-istəməz bunu qeyd etməliyik, bəs tərcümənin müqabilində alacağı nədir? Qəpik-quruş. Halbuki ona nə qədər vaxt, enerji sərf edir.

İnsan faktoru olan yerdə təbii ki, səhv var, olmalıdır da. İdeal heç vaxt heç nə olmur. Müqayisə edirik, elə bilirsiniz ki, biz kinostudiyada işləyəndə belə səhvlərlə üzləşməmişik? O qədər olub ki...Səhv tərcümələr də olub. Mətninə, mənasına görə nə qədər səhvlər görmüşük. Amma son mərhələ səsləndirmə prosesidir. Və orada dublyaj rejissoru ilə aktyorların birgə iş prosesində aktyor da, rejissor da səhv tutur.

Digər tərəfdən vaxt, yəni sinxronluq nəzərə alınmalıdır. Mütləq sözü vaxta görə yerləşdirmək lazımdır.

Deyirsiniz ki, monitorinq keçirilib, iradlar var. Pis çıxmasın, heç kəs də inciməsin, zurna səsi hamıya xoş gəlir, amma vay o zurnaçının halına. Heç kim bilmir ki, o səsləri çıxarmaq üçün nə qədər əziyyət çəkilir. Mən həmin tədbirdə olmamışam. O iradları bildirənlərə bizim yoldaşlar izah etməyə çalışıblar ki, dublyajda vaxt, ölçü məsələsi önəmlidir. Cavabında “dəxli yoxdur, siz bu cümləni belə yox, belə deməlisiniz”, deyiblər. Onu deməyə nə var ki...Hamı deyə bilər. Siz gəlin, bizə əyani olaraq bunu göstərin. Biz bizə irad tutan adamları studiyamızda görməyi çox istəyərdik. Bunu tam səmimiyyətimlə deyirəm. Hansısa məqamda haqlıdırlar, amma haqlı olmadıqları məqamlar da var. Onlar sinxronu nəzərə almırlar. Və yaxud da bu deyəcəyim sözlərimə görə üzr istəyirəm. Elə şeyləri irad tuturlar ki, guya bizim millət o qədər dayazdır ki, bu cümləni başa düşməyəcək. Niyə başa düşmür ki? Mən bununla razı deyiləm. Vaxtına, ölçüsünə görə biz cümləni yığcam edib lakonik ifadə etmişik. Mənə elə gəlir ki, illərlə filmlərə baxan insanlar bunu çox rahat başa düşə bilər. Çox istərdim ki, sizin vasitənizlə həmin insanlar bizi eşitsin və başa düşsünlər. Gəlsinlər studiyaya və biz həmin məsələni əyani olaraq onlara göstərək. Yaxud onlar bizə sübut etsin ki, düzəliş edib dedikləri cümlələri həmin vaxt ölçüsünə yerləşdirilə bilərlər. Yalnız ondan sonra mən onlarla razılaşa bilərəm.

- Nəcibə xanım, kinostudiyanın dublyajında mexanizm necə qurulurdu?

- Əvvala film tərcüməçiyə verilirdi. Hamısı peşəkar, təcrübəli tərcüməçilər idilər. İndi bizimlə işləyənlər kimi deyildilər. İndikiləri biz yavaş-yavaş öyrəşdirmişik.

Tərcümə olunan mətn redaktəyə cəlb olunurdu. Ardınca sinxron uyğunlaşdırma üçün mətni tənzimləyən adamın, rusca ona “ukladçik” deyilirdi, onun işi başlayırdı.

Ondan sonra mətn dublyajın rejissoruna verilirdi. Rejissor rolları bölüşdürür, hər rolu bir nəfərə tapşırırdı. Bu məqamda yenə maddi imkan məsələsinə toxunacam. Aktyor bir rola cavabdeh idi, amma indi bizdə bir aktyorun öhdəsinə kütləvi filmdirsə, iştirakçı çoxdursa, dörd-beş rol düşür. Bu adam o qədər mahir olmalıdır ki, səsləri bir-birindən fərqləndirsin.

Mən ona görə deyirəm ki, çox əziyyətli işdir.

- Dörd-beş rol səsləndirmək qonorara təsir edir?

- Qətiyyən. Bəli, bu problem də var. Dublyaja kifayət qədər maliyyə ayrılmır. Bu qədər əziyyət çəkilir və sonra ağız büzüb “bu nədir” demək çox asandır. Mən istəmərəm ki, o insanların zəhməti yerə vurulsun. Heç vaxt buna razı olmaram. Bütün bu mərhələləri bilmək və bir balaca özünü o yerə qoymaq, daha sonra danışmaq lazımdır.

- Belə bir fikir var ki, dublyaj yenə bir mərkəzdən - kinostudiyadan idarə olunmalıdır. Bununla razısınız?

- 20 ildir ki, bu söhbət davam edir, amma ortada nəticə yoxdur. Hansının daha yaxşı olacağını bilmirəm. Sadəcə mənə elə gəlir ki, bunun məktəbi olmalıdır, yaxud tərcüməçilər yetişdirilməlidir. İradların qarşısını almaq üçün ilk bunu etmək lazımdır.

“Ukladçik”lər olmalıdır. Onun da işi olduqca çətin və mürəkkəbdir. Tək-tük elə adamlar qalıb. Onlar köhnə dövrü görmüş, təcrübəli adamlardır. Amma təəssüf ki, onların istədiyi pulu heç kim vermir.

- Nəcibə xanım, mən bilən sovet dönəmində də məktəb yox idi..

-Bəli, yox idi. Sadəcə o zaman mətn mərhələ-mərhələ süzgəcdən keçirdi. Bununla belə yenə kobud səhvlərlə qarşılaşırdıq. Bir ifadə var idi, indiki cavanların da dilinə düşüb, deyib gülürlər. “Ay yolkalar, taxtalar...” Rus dilindən hərfi tərcümə olunmuşdu.

Şəxsən mənim başıma gələn bir hadisəni danışım. Mətni oxuyuram, birdən belə cümləylə rastlaşıram - Sən Sonanın qardaşısan? Göydəndüşmə bir sual...dayandıq, duruxub qaldıq. Səsyazmanı dayandırdıq və araşdırdıq. Filmə baxıb, təklif olunmuş vəziyyəti başa düşməyə çalışdıq. Filmdə “Nu brat ti sonnıy?”. Yəni “Sən yuxulusan?” demək istənilib. Tərcüməçi bunu tuta bilməyib. Yəni o dövrdə də səhvlər olub.

Amma görünür, dublyaj rejissoru və aktyorların savadı, dünyagörüşü, maarifli adam olmasının rolu var ki, o da öz sözünü deyib.

Əgər süzgəcdən keçən mətndəki səhv kiminsə nəzərindən qaçıbsa, son məqamda aktyorun savadı ilə düzələ bilər. Efirdə aktyorun səsi gəlir və hamı səhvi görəndə aktyorun savadına irad bildirir. Bunu həmişə deyirəm, aktyor savadlı olmalıdır. Ən azından bir –iki dili başa düşməlidir. Mükəmməl bilirsə, bu, lap əla.

Çox sevinirəm ki, indi dublyaja ingilis dilini bilən uşaqlar gəlib.

- İlk səsləndirdiyiniz filmi, obrazı xatırlayırsınız?

- “Yovşan- acı ot” rus filmində ikinci dərəcəli böyük bir qadın rolu vermişdilər. Ondan sonra ard-arda digər filmlər gəldi.

- Valeh Kərimov etiraf edib ki, sizin Təhminəni səsləndirdiyinizi çox sonralar bilib.

- Elədir. Filmin səsləndirməsi başlananda kiçik qrup və səsləndirməyə baxan dublyaj rejissoru işə cəlb olunur. Və yalnız oradakılar bilir ki, kim kimi səsləndirir. Təsəvvür edin, film hazır oldu, Kino evində baxış keçirildi və mən orada deyildim. Bizdə dublyaj rejissorunun assistenti işləyən bir nəfər mənə yaxınlaşdı və dedi ki, filmə baxdım, çox yaxşı idi, görəsən o qızı kim səsləndirib. Soruşdum kimi deyirsən. Deyir, Təhminəni. Əvvəl fikirləşdim ki, mənimlə zarafatlaşır. Ona görə “nə bilim, heç mənim də xəbərim yoxdur, üstəlik filmə də baxmamışam” deyib uzaqlaşdım. Sonra məni fikir götürdü ki, doğrudan o ciddi deyirmiş, yəni mənim səsimi tanımayıb. Sonra məlum oldu ki, bəli, o, həqiqətən tanımayıb. Çox maraqlıdır ki, Təhminənin səsi tamam başqa cür səslənmişdi.

- Bunun sirri nə idi?

- Görünür, Təhminənin obrazı, halları, rejissorun qarşıma qoyduğu məqsədlər, tapşırıqlar nəticəsində elə alınmışdı.

Aktyor, aktrisa ona verilən tapşırığı yerinə yetirir. Əgər rejissora bu cür lazımdırsa, deməli bu cür olmalıyam. Başqa bir filmdə mən tamam dəyişilirəm.

Rasim Ocaqov “Ölsəm, bağışla...” filmindəki baş qəhrəman Gülyanı səsləndirməyi mənə tapşıranda, dedi istəyirəm onu səsinlə yaşlandırasan. Gülzar o filmə çəkiləndə çox cavan idi. "Şahid qız” filmində gözəl, göyçək Sənubər xanımı mən səsləndirmişəm. “Sahilsiz gecə”də Mehriban Xanlarovanın həm cavanlığını, həm yaşlı vaxtını səsləndirmişəm.

- Səsləndirdiyiniz hansı rolu oynamaq ürəyinizdən keçib?

- Mən səsləndirəndə elə bilirəm, o rola şərik çıxıram. Onun özüdür, amma səsi, hənirtisi, gülüşü, ağlamağı mənimdir. Mən ona can, nəfəs vermişəm. Yenidən o rolu oynamağı niyə arzulayım ki?

- Bir tərəfdən elədir, digər tərəfdən aktrisasınız...Aktrisa ekranın önündə olmaq istəyir, nəinki arxasında.

- Tam səmimi deyirəm, elə bir arzu, fikir ürəyimdən keçməyib. Çünki mən onu istəyərək, sevərək səsləndirmişəm. Sanki onu artıq ifa etmişəm. Ona görə ehtiyac duymamışam.

- Amma əminəm aktrisa kimi demisiniz ki, burda mən bu situasiyanı belə, yaxud elə oynayardım.

- Bax burda incə bir məqam var. Bəli, situasiyaya uyğun duyduğumu rejissora deyirəm, o razılaşırsa, deməli o, mənim nüansım olur. Deməli o, mənəm. Aktrisa o cür oynamadı, amma mən onu o cür səsləndirdim deyə bilirəm.

Bilirsiniz, mən o rolu korlaya, yaxud əksinə sevdirə də bilərəm. Bu gün eşidəndə ki, səsləndirdiyim rollar bəyənilir, sevilir, fikirləşirəm ki, uğurlu alınıb. Bunu sevirlər, tanıyırlar. Deməli, mənim uğurumdur.

- Yubileyiniz münasibəti ilə sizi bir daha təbrik edirəm. Özünüzə olan arzunuzu eşitmək istəyirəm.

- 70 yaş az deyil, şəxsi həyatı bura qarışdırmıram. Əlbəttə, öz arzularım, planlarım var.

Amma bilirsiniz, mənim ən böyük arzum nədir? Çox istərdim ki, bizim millət öz ana dilini unutmasın. Öz ana dilini başqa dillərlə qarışdırıb pis günə qoymasın. Lap elə bu cür deyirəm. Çünki indiki tendensiyanı görürəm və bu, məni olduqca narahat edir.

Mənim dilim olmasa deməli millət kimi yox olacam. Mən bunu istəmirəm. Ziyalılara da səslənirəm. Çox vaxt onların da dilindən mənim üçün qəribə görünən cümlələr eşidib təəccüblənirəm. Bizim ziyalılar düşünmürlər ki, bununla biz dilimizi itirəcəyik, biz millət olaraq məhv olacağıq.

Ətrafımda olanlar da bunu bilir. Bəzən belə bir halla qarşılaşıram. Hansısa sözü işlədirlər və deyirlər ki, bu söz dünyada qəbul olunub. Mən həmin an onu dayandırıram və deyirəm o sözü dəyiş, bu cür de. Bəli, mən bunu edirəm. Bəlkə bununla böyük şey boynuma götürürəm. Amma mən ana dilimdə dil açmışam, ana dilimdə oxumuşam. Uzun illər bu dildə danışmışam, mənim körpələrim bu dildə dil açıb. Onları niyə çaşdırmalıyam?

Dili zənginləşdirmək: yeni sözlər, yeni tərcümələr tapmaq lazımdır. Çox təəssüf ki, bir çox hallarda hansısa bir sözün açıqlanması, izahı verilir, amma tərcüməsi verilmir. Çünki tərcüməsi yoxdur. İzahını özüm də bilirəm. Mənə onun konkret tərcüməsini verin. Ki, sabah mən onu səsləndirəndə cavanlara deməyə sözüm olsun.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər