25 May 2022 16:30
2 488
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Prezident mükafatçısı, Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Münəvvər Əliyevanın doğum günüdür.

Aktrisa 25 may 1971-cı ildə Sumqayıt şəhərində anadan olub. 1992-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirdikdən sonra bir müddət Yuğ Dövlət Teatrında aktrisa işləyib.

1994-cü ildən Akademik Milli Dram Teatrının aktyor truppasının üzvüdür. Bu teatrda o, müasir və klassik dramaturqların tamaşalarında oynayıb: “Hökmdar və qızı”nda Səltənətbəyim, “Köhnə ev”də Cana, “Hələ "sevirəm" deməmişdilər...” tamaşasında Sona, “Afət”də Alagöz, “Kaş araba aşmayaydı!..” pyesində Landa, “Əmir Teymur”da Meliça və digərləri.

Həm aktyor oyunu və rejissor yanaşması, həm də casərətli səhnələri ilə böyük ajiotaj yaradan “Qatil” tamaşası isə aktrisanın yaradıcılığında xüsusi yer tutub.

Teatr fəaliyyəti ilə yanaşı aktrisa “Sarı gəlin”, “İlahi məxluq”, “Xeyirlə şərin rəqsi”, “Cavad xan”, “Niyyət”, “Mələyin öpüşü” filmlərində maraqlı obrazlar yaradıb.

Teleqraf.com əməkdar artistin doğum günü təəssüratlarını öyrənib. Onunla qısa müsahibəni təqdim edirik.

- Mənim üçün doğum gününün xüsusi önəmi yoxdur. Bu, adi günlərdən biridir. Sadəcə bir fərq olur, bütün günü əlimdə telefon təbrik zənglərinə cavab verir, mesajlar oxuyuram.

- Doğurdanmı doğum gününüzü qeyd etmirsiniz?

- Heç vaxt özümə ad günü keçirməmişəm. Yalnız bir dəfə olub, o da məktəb illəri dönəminə təsadüf edib. Bilirsiniz ki, əvvəllər son zəng mayın 25-i keçirilirdi, onda biz 10-cu sinifi bitirirdik. Məhz o gün doğum günümü qeyd etdim. Çünki neçə illər birlikdə oxuduğum uşaqlardan ayrılırdım, vida məqamı idi. Bəlkə elə bundan dolayı doğum günüm məndə vida duyğusu ilə assosiasiya olunur?

Teatrda hər tamaşamın premyerası mənim üçün doğum günü deməkdir.

- Onda doğum gününüzdə tamaşa oynamaq ikiqat bayram olar sizin üçün. Bu gün də səhnədə olacaqsınız?

- Bircə bu gün yox. Amma əksər doğum günlərimdə tamaşa oynamışam. Bəzən elə olub ki, hətta ağır tamaşada, məsələn, “Qatil”də oynamışam. Həmin tamaşada tərəf-müqabilim tərəfindən möhkəm döyülürdüm, çırpılırdım, təhqir olunurdum, məni saçlarımdan tutub yerlə sürüyürdü. Ad günündə bu tamaşanı oynamaq çoxlarına qəribə görünə bilər. Amma mənim üçün əsl hədiyyə, əsl bayram idi. O tamaşadan çıxanda bədənim göm-göy olurdu.

- Bu gün tamaşanız yoxdur, günü necə başa vuracaqsız?

- Ailəmlə evdə olacam. Kim istəsə, buyurub gələ bilər. Hansı dost özünü mənə doğma, yaxın hesab edirsə, qapım üzünə açıqdır. Onsuz da qapımız evimizə gələn insanların üzünə həmişə açıq olur. Bu ənənə mənə ailəmdən keçib. Biz qapımızı bağlamırdıq...

- Kənd evlərində qapı bağlamazdılar. Hamı bir-birinin evinə rahatlıqla gəlib gedərdi. İndi vəziyyət dəyişib.

- Mən də uşaqlıqdan elə görmüşəm. Böyük ailə idik. Qohum- əqrəba, qonum-qonşu gəlib deyərdi ki, bu qapını niyə bağlamırsınız?.. Qonaqlı-qaralı ailə olmuşuq, evimizə çox adam gəlib-gedərdi.

Bəlkə təkrar olacaq, amma yenə deyirəm, mənim də qapım bizə gəlmək istəyən hər kəsin üzünə açıqdır. Doğum günüm olduğu üçün demirəm, bu, həmişə belədir. Gəlmək istəyən olsa buyurub gəlsin.

Amma etiraf edirəm, bəzən elə olub ki, doğum günümdən qaçmaq istəmişəm, qaçmışam da... Təkliyə çəkilmişəm. Onda qohumlardan, bacı-qardaşlardan da xahiş etmişəm ki, heç kim bizə gəlməsin və narahat olmasın.

- Deyirsiniz ki, təkliyə qaçırsınız. O təklikdə xoşbəxtsinizmi?

- (Uzun pauza...) Bunu necə deyim, bilmirəm. Ən azından özümü hüzurlu hesab edirəm. Xoşbəxtlik anlamı... Bütünlüklə xoşbəxt olmaq mümkün deyil. Xoşbəxtlik anlarla yaşanır. Deyə bilmirəm xoşbəxtəm, yox, belə deyil. Deyə bilmərəm ki, o təkliyə qaçanda xoşbəxt oluram. Əlbəttə, insanın yanında ruh əkizi olsa, xoşbəxtliyə qovuşa bilər.

Təklik niyə yaxşıdır? Zəmanə çox dəyişib. Ətrafdakı insanların təbiiliyinə, dostluğuna, səmimiyyətinə inanmadığın üçün əlbəttə, təklikdə qalmaq daha yaxşıdır.

- Sanki arınırsan, durulursan...

-Bəli. Özün-özünü analiz edirsən. Həyatını, olanları, keçənləri... Nəticədə bir az da adamlardan qaçmağa başlayırsan. Çünki inam qalmır.

- O anlarda Müvənnər xanım sevdiyi teatrdan, səhnədən də uzaq durmağa çalışır?

- Heç vaxt. Teatrdan təkliyə qaçmağı heç vaxt ağlımın ucundan da keçirməmişəm. Məişətdən, haylü-küylü yerlərdən qaçaram, teatrdan yox. Teatrda toplu şəkildə insanlar çox olsa da, tamaşa zamanı hamı səni sakitcə dinləyirlər. Orda səs-küy olmur. Sadəcə mən danışıram. O an mən rolumu, enerjimi insanlarla bölüşə bilirəm. Həm onlara enerji ötürürəm, həm də onlardan enerji alıram.

- Bir teatr mövsümünün sonuna yaxınlaşırıq. Bu mövsüm sizin üçün necə keçdi?

- Hazırda “Medeya” adlı yeni monotamaşa üzərində iş gedir. Tamaşaya gənc rejissor Emil Əsgərov quruluş verir. Tamaşanın gələn ay təqdim olunması gözlənilir. Düşünürəm ki, elə “Medeya” tamaşası ilə builki teatr mövsümünü yekunlaşdıracam. Gələn ilə isə ümidlərim çoxdur...


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər