29 May 2022 09:09
1 197
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 28-i Prezident mükafatçısı, Gənc Tamaşaçılar Teatrının aktrisası, Xalq artisti Naibə Allahverdiyevanın doğum günüdür.

Aktrisa 1963-cü ildə Tbilisi şəhərində doğulub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirən aktrisa təyinatla Naxçıvan Dövlət Musiqili-Dram Teatrına işləməyə göndərilib. Elə ilk gündən cavan aktrisaya etibar edib, Dudarevin "Astana" tamaşasında baş rol olan Alina rolunu veriblər. Sonra "Apardı sellər Saranı" tamaşasında Saranı, "Gülən adam"da Hersoginanı oynayıb. Qısa vaxtda teatrın əsas repertuarına daxil olan aktrisa üç il bu teatrın səhnəsində çoxlu rollar oynayıb.

1994-cü ildən Gənc Tamaşaçılar teatrında aktrisa kimi fəaliyyət göstərir. Teatrda ilk rolu D. Mehdinin "O da mənəm, bu da" (rejissor Ağaxan Salmanlı) tamaşasında Nazlı rolu olub.

Maraqlı obrazları ilə teatrsevərlərin rəğbətini qazanan aktrisa bir sıra filmlərdə, televiziya tamaşalarında rol alıb, yaddaqalan obrazlarla tamaşaçı sevgisi qazanıb.

Teleqraf.com xalq artistinin doğum günü təəssüratlarını öyrənib. Onunla qısa müsahibəni təqdim edirik.

-28 mayda dünyaya gəlmişəm, bu mənim üçün ikiqat bayramdır. Allah bizim ölkəmizə əmin –amanlıq versin. Bir vətəndaş, bir insan, bir qadın, bir aktrisa kimi bir arzum var: sülh, əmin-amanlıq olsun, müharibə olmasın.

Prezidentimizə təşəkkür edirəm ki, bu il mən də mükafat alanlar sırasında yer aldım. Çox sevinirəm. Bu, bizə verilən yüksək dəyərdir. Allah başda tarix yazan Prezidentimiz olmaqla xalqımızı qorusun.

- Naibə xanım, doğum gününüz neçə keçdi?

- Televiziyalardan biri məni efirə qonaq çağırdı. Diqqətə görə onlara təşəkkür edirəm. Bilirsiniz, bu, bir dəyərdir. İnsana dəyər veriləndə yenidən həyata gəlir, yenidən yaşamaq istəyir. Bu dünyada hər şey yalandır. Var-dövlət, zənginlik...Əsas dəyərdir. Bu dəyəri kimlərdənsə görürsə, deməli xoşbəxt olur. Mənim üçün xoşbəxtlik bir andır. Bu gün bu anı mənə yaşadanlara təşəkkür edirəm. Sosial şəbəkələrdə təbriklər yazırlar, jurnalistlər zəng edirlər. Hər kəsə minnətdaram.

- Naibə xanım, siz həm xoşbəxtliyinizi, həm də kədərinizi sosial şəbəkədə paylaşan sənətçilərdənsiniz. Bəzən birmənalı qarşılanmırsınız. Bu, sizə necə təsir edir?

- İctimai insanıq. Hər zaman tamaşaçıların gözü önündəyik. Yaradıcı insan da olduğumuza görə həssasıq. Hiss etdiyimizi tamaşaçılarımızla paylaşmaq istəyirik.

Bu gün oturub fikirləşirdim ki, nə yaxşı ki, mən aktrisa oldum. Bu qədər məhəbbət, sevgi, diqqət...Bəlkə də başqa bir sahədə olsaydım, bu qədər sevilməzdim, diqqət və qayğı ilə qarşılanmazdım.

Bu sənətin sahibləri tamaşaçılarla bağlı insanlardır. Onlar bizi yüksədirlər, müəyyən mərtəbəyə gətirirlər. Tamaşaçı səni tənqid də edə bilər. Bunu normal qarşılayıram. Onlar bizi əzizləyiblər də, danlayıblar da...Heç bir tamaşaçıdan incimirəm. Düşünürəm ki, yəqin nəsə xoşuna gəlmir, ona görə yazır, deyir. Doğrudur, bəzən qərəzli insanlarla da qarşılaşırıq. Amma elə də olur ki, irad bildirən tamaşaçıya haqq qazandırıram. Mən onun iradını diqqətə alıb, düzəltməyə çalışıram. Bu mənada tamaşaçının fikri mənim üçün önəmlidir. Mən şəxsən onlarla yaşayıb, onlarla nəfəs alıram.

- Aktrisa hər zaman səhnədə olmaq istəyir. Bu il səhnə fəaliyyətinizi necə qiymətləndirirsiniz?

- “Romeo və Cülyetta”nı yenidən bərpa ilə təqdim etdik. Bu, bir məhəbbət faciəsidir. Rolumu çox sevirəm. Tamaşaçılar tərəfindən də çox gözəl qarşılanır.

Bilirsiniz ki, teatrımıza yeni baş rejissor - Mehriban Ələkbərzadə gəlib. Ümidlərimiz çoxdur.

Bəli, haqlısınız, aktrisa mütləq səhnədə olmalıdır. Teatrda gələcək fəaliyyətimi zaman göstərəcək. Gələn il həm də yubileyimdir.

- Yubileyinizi yeni tamaşa ilə qeyd etməyinizi arzulayırıq. Adətən aktyor və aktrisalar mono-tamaşa təqdim edirlər.

- Mono-tamaşa istəmirəm. Mənim pərəstişkarlarım çoxdur, mono-tamaşa zalına yerləşməzlər.

Yaxşı bir tamaşa ilə tamaşaçılarımla görüşmək arzusundayam. Onların qarşısına möhtəşəm bir rolla çıxmaq istəyirəm. Yubiley həm də hesabat deməkdir.

- Hansı rolla pərəstişkarlarınız sevindirmək istəyirsiniz?

- Arzusunda olduğum bir neçə rol var. Görək teatr rəhbərliyi nə qərar verəcək.


Müəllif: Nərmin Muradova