8 İyun 2022 22:26
1 561
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı tələbələrin iştirakı ilə hazırlanan Aleksandr Ostrovskinin “Tufan” tamaşası Türkiyədə keçirilən 34-cü Dənizli Beynəlxalq Teatr Festivalında təqdim edilib.

Bu barədə Teleqraf.com-a tamaşanın rejissoru əməkdar artist Nofəl Vəliyev məlumat verib.

O bildirib ki, festivala bu il Mədəniyyət və İncəsənət Universitetinin “Sabah” qruplarının 4-cü kurs tələbələri iki diplom tamaşası ilə qatılıb.

“Bunlardan biri Aleksandr Ostrovskinin “Tufan” faciəsi, digəri isə Mixail Sebastianın “Adsız ulduz” tamaşasıdır. “Tufan” artıq festival çərçivəsində nümayiş olunub. İyunun 10-da isə Dənizli tamaşaçılarına “Adsız ulduz” tamaşası təqdim ediləcək. Festivalda münsiflər heyəti yoxdur, amma müşahidəçilər var ki, onlar tamaşaları izləyib, fikirlərini bildirirlər.

Sarayköy Bələdiyyəsində baş tutan “Tufan” tamaşasının nümayişi çox gözəl keçdi. Bələdiyyə başqanı bizi xüsusi qəbul edib, çox xoş sözlər dedi”.

Əməkdar artist ölkəmizdə də bu cür teatr festivallarının keçirilməsini vacib hesab edir: “Dənizli Beynəlxalq Teatr Festivalı artıq 34-cü dəfədir ki, keçirilir. Arzu edirəm ki, bizim də şəhərlərimizdə bu cür festivallar keçirilsin. Məhz teatr festivalları... Burada şəhərin bütün küçələrini festivalın afişaları bəzəyib”.


Müəllif: Nərmin Muradova