15 İyun 2022 11:46
1 732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Bakı Bələdiyyə Teatrının təqdimatında “Xan qızı” tamaşasının premyerası keçirilib.

Teleqraf.com xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində nümayiş olunan tamaşa Xurşidbanu Natəvanın 190 illik yubileyi münasibətilə hazırlanmış, Azərbaycan xalqının Milli Qurtuluş Gününə, eyni zamanda yazıçı dramaturq İlyas Əfəndiyevin və Xalq artisti Amaliya Pənahovanın xatirəsinə həsr olunub.

İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesi tarixi mövzuda yazılan, müasir həyatımızla səsləşən ən qiymətli əsərlərdən biri hesab olunur. Sonuncu Qarabağ xanının qızı, təmiz və incə duyğulara malik bir şairənin əsərlərindəki kədər sosial səciyyə daşıyır ki, bu da yazıçını daha çox cəlb edib.

Pyes əsasında rejissor Mərahim Fərzəlibəyovun 1981-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram teatrının səhnəsində hazırladığı eyni adlı tamaşada Natəvan obrazını görkəmli teatr və kino aktrisası Amaliya Pənahova yaradıb.

Azərbaycan teatr tarixində Xurşidbanu Natəvan obrazını ilk dəfə Amaliya Pənahovanın bənzərsiz və özünəməxsus şəkildə yaratması onu sadəcə bir şairə kimi deyil, eyni zamanda böyük bir şəxsiyyət, özünün siyasi görüşləri olan, dövrünün çatışmazlıqları ilə mübarizə apara bilən bir azərbaycanlı qadını kimi canlandırması geniş tamaşaçı auditoriyasının yaddaşında silinməz izlər buraxmaqla, eyni zamanda teatr tarixinə qızıl hərflərlə yazılıb.

Tamaşanın yeni quruluşunun müəllifi və rejissoru görkəmli teatr rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyovdur. Tamaşanın quruluşçu rəssamı İlham Əsgərovdur, plastik səhnələrin quruluşu Bəhruz Vaqifoğluna məxsusdur.

Yeni quruluşda Natəvanın həyatından dramatik səhnələr yer alıb: onun 1872-ci ildən rəhbərliyilə sarayında davam etdirilən, otuzdan çox üzvü olan “Məclisi-üns” və şəxsi həyatı, eyni zamanda tamaşada şairənin şerlərinə də geniş yer verilib.

Xurşidbanu Natəvanı aktrisa, Humay mükafatı laureatı Ülviyyə Rza canlandırıb. Tamaşada aktyorlar Tural Əhməd, İsmayıl Atakişiyev, Rafiq İbrahimov, Toğrul Rza, Əhməd Salahov, Mehman Abdullayev, Zülfiyyə Qurbanova, Təzəgül Məmmədova, Zülfiyyə Məmmədova, Aynur Abbasova, Günel Həmidova , Əzizə Həşimova yer alıb.


Müəllif: Nərmin Muradova