16 İyun 2022 16:17
1 298
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akademik Milli Dram Teatrında mövsümün bağlanışı "Zəfər yolu" tamaşası ilə olacaq.

Bunu Teleqraf.com-a teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı deyib.

Onun sözlərinə görə, teatrda bu ay ərzində mövsümün son tamaşaları təqdim ediləcək. Daha sonra teatrın kollektivi yay tətilinə yollanacaq.

İyunun 17-də teatrsevərlərə Həsən Həsənovun “Qürbətdən gələn məktublar” tamaşası təqdim olunacaq. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur. Səhnə əsərinin quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadədir.

Teatrının repertuarında maraqlı tamaşalardan olan, görkəmli şair Mikayıl Müşfiqin xatirəsinə ithaf edilmiş Əli Əmirlinin “Ah, bu uzun sevda yolu” tamaşası iyunun 18-də nümayiş ediləcək. Səhnə əsəri ikihissəli tale dramıdır. Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.

Tamaşaçılar iyunun 19-da “Cəhənnəm sakinləri” tamaşasına baxacaqlar. Xalq yazıçısı Elçin Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı Xalq artisti Azər Paşa Nemətovdur.

25-26 iyun tarixlərində isə “Zəfər yolu” tamaşası nümayiş olunacaq. Teatrın bağlanış mərasimi məhz bu tamaşa ilə olacaq. Səhnə əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbəyə ərməğan olan yeni tamaşanın müəllifi və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, rəssamı Azər Paşa Nemətov və Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.


Müəllif: Nərmin Muradova