16 İyun 2022 19:54
1 242
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq İlqar Fəhminin "Balaca kişilər" pyesi əsasında hazırlanan tamaşanın məşqlərinə başlanılıb.

Bu barədə Teleqraf.com-a teatrdan məlumat verilib.

"Balaca kişilər" Gənc Tamaşaçılar Teatrının Qarabağ – Vətən müharibəsi mövzusunda elan etdiyi pyes müsabiqəsinin qalibi olub.

Tamaşanın rejissoru Əməkdar artist Nicat Kazımovdur. Tamaşanın tərtibatçı rəssamı Yekatirina Xaritonova, geyim rəssamı İradə Heydərovadır. Döyüş və fəndlərin quruluşu İsa Əsədova, musiqi tərtibatı Zaur Rəşidova aiddir.

Tamaşanın premyerası Zəfər günümüzə nəzərdə tutulub.

Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə saytımıza açıqlamasında tarixi qələbəni səhnədən layiqincə göstərməli olduğumuzu bildirib:

"Arzu edirəm, elə bir tamaşa qurulsun ki, qazilərimiz, o yerlərdə döyüşən oğullarımız bizə baxıb alqışlasınlar. Yeni gələn nəsillər bu gün baş verənləri, xalqımızın tarixindəki bu parlaq hadisəni, böyük qələbəni həm də bizim tamaşadan öyrənsinlər. Biz 44 gündə bəlkə 44 ilə sığmayacaq duyğular yaşadıq. Böyük qələbə ilə yanaşı həm də şəhidlər, qazilər kimi ağrılarımız var. Ayrı-ayrı ailələr balalarını, əzizlərini itirdilər. Amma bu itkilər hamımızın itkisidir. Sənət həmin ağrıları da ovutmağa çalışmalıdır", - deyə direktor bildirib.

Nicat Kazımov bu mövzuda tamaşa qurmağın həm də vətəndaşlıq borcu olduğunu qeyd edib:

"Xatırlayıram ki, Xocalı soyqrımının onuncu ildönümündə tamaşa qurmuşdum. O zaman tamaşaçılar arasında Qarabağdan məcburi köçkün düşən soydaşlarımız da vardı. Məndən ötrü onların səhnədə baş verənlərə reaksiyası, sonradan dedikləri fikirlər ən böyük dəyər idi. Onda anladım ki, sənət meyarları və peşəkarlıq öz yerində, amma xalq üçün belə həssas mövzularda əsərlər qurulanda vətəndaşlıq duyğuları hər şeydən öndə olmalıdır. Müharibələrdən sonra yaxşı əsərlərin yazılması üçün zamana ehtiyac var. Amma çox istedadlı yazıçı-dramaturq İlqar Fəhminin bu mövzuya müraciət etməsi bir vətənpərvərlik nümunəsidir. Biz də bütün yaradıcı heyət böyük qələbəmizə yaraşan tamaşa araya-ərsəyə gətirməyə çalışmalıyıq".

Qeyd edək ki, tamaşada əsas rolları Əməkdar artistlər Şövqi Hüseynov, Rasim Cəfər, Elnur Kərimov, aktyorlar Araz Pirimov, Bəhram Həsənov, Hilal Dəmirov, Xaliq Bəkirov, Mətləb Abuşov, Ümman Budaqov, Nurlan Süleymanlı, Mirsənan Kazımlı, İlhan Sadıqov, Rəşad Səfərov, Ramiq Nəsirov, Müşfiq Əliyev, Ceyhun Məmmədov, Anar Seyfullayev, MirzəAğa Mirzəyev, Əbülfəz İsgəndərov ifa edirlər.


Müəllif: Nərmin