22 İyun 2022 14:46
13 157
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com “Lara Martin's Jazz Club” tamaşasının məşq prosesindən reportajı təqdim edir.

Saat 11:00-da fotoqrafımız Rüfətlə birlikdə Musiqili Teatrdayıq. Bura yeni hazırlanan “Lara Martin's Jazz Club” tamaşasının son məşq prosesini izləməyə, bir az da söhbətləşməyə gəlmişik.

Aleksandr Ostrovskinin "Cehizsiz qız” əsəri əsasında hazırlanan tamaşada hadisələr caz klubda baş verir. Deyəcəksiniz ki, "Cehizsiz qız” hara, caz klub hara? Tələsməyin, bir azdan bütün suallara cavab tapa biləksiniz.

Öncə qısa bir haşiyə: Rejissoru Prezident təqaüdçüsü İradə Gözəlova olan tamaşada əməkdar artistlər Nərgiz Kərimova, Fərid Əliyev, Şövqü Hüseynov, Naidə Orucova, Rauf Babayev, Emil Heydərov, Əliməmməd Novruzov, Məhəmməd Məhəmmədov (MC), Nərmin İsmayılova (pianist) çıxış edirlər.

Tamaşanın musiqi rəhbəri teatrın baş dirijoru Fəxrəddin Atayev, rəssamı Vüsal Rəhim, xoreoqrafı Emin Alıyevdir. Tamaşanın bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.

Teatrın mətbuat xidmətinin rəhbəri Fəridə Aslanova bizi mehribancasına qarşılayıb, zala qədər yoldaşlıq edir. Qaranlıq yollarla gəlib, zala daxil olub, səhnəyə qalxırıq. Tamaşanın araya-ərsəyə gəlməsində iştirak edən əksər insanlar buradadır. Səhnə tərtibatını isə fotoqrafımızın gözündən görəcəksiniz.

Yəqin məşq başlayan kimi mən də daxil olmaqla hamı zala düşəcək deyə bir anlıq duruxdum və anladım ki, bura caz klubdu və mən də digər insanlar kimi caz kluba gələn müştəri olacağıq. Deməli, belə…

Həyəcanlıyam, məşqin başlamasını səbirsizliklə gözləyirəm, amma iş başında olduğumu da unutmuram. Elə isə başlayaq…

Tanıdığımız Paratov bu dəfə daha fərqli...

Tamaşada baş rolu ifa edən Fərid Əliyev səhnədə ilk addımlarını Musiqili Teatrda atdığını deyir. Amma sonra yollar ayrılıb: “2011-ci ildə Musiqili Teatrdan ayrılıb Opera və Balet Teatrına getdim. Neçə illər o teatrda çalışdım.

Yenidən teatra qayıdışım məhz bu tamaşa ilə oldu. Buna çox sevinirəm. Həyatda heç nəyin səbəbsiz baş vermədiyinə inanıram. Tamaşada baş rolun ifaçısı, dostum Nərgiz Kərimova uzun illər teatrda, konsertlərdə tərəf-müqabilim olub. O dedi ki, bu layihə sənin xoşuna gələcək və mən ona inandım. Gəldim tamaşanın rejissoru İradə xanımla tanış oldum.

Bilirsiniz ki, mən Koroğlu, Balaş, “Traviata” operasında Alfredo oxuyuram. Amma bu tamaşa tamamilə başqa formatda təqdim edilir. Yeniliyə həmişə açıq insan olduğuma görə bu, məni çox maraqlandırdı.

Tamaşada rolum Ostrovsikinin “Cehizsiz qız” əsərindən hamının tanıdığı Paratov obrazıdır. Obraz maraqlıdır, amma onu daha maraqlı edən yeni quruluşdur, yeni baxışdır.

Rejissor aktyorla işləyəndə gərək ona motivasiya versin. İradə xanım bunu edir. Nəticədə gözəl bir iş alınır. Məncə, bu cür format Azərbaycanda ilk dəfə olacaq. İnanıram ki, tamaşa seviləcək və uzun ömürlü olacaq”.

“Laranın möhtəşəmliyi ilə baş-başa qalırıq”

Quruluşçu rəssam Vüsal Rəhim “Lara Martin's Jazz Club”-nın teatrın repertuarında olan digər tamaşalardan fərqləndirən cəhətlərindən danışır: “Ənənəvi quruluşda tamaşaçı zalda oturub səhnəyə baxır. Bu dəfə əksinədir: tamaşaçılar səhnədə oturacaqlar, həmçinin səhnənin içərisində səhnə olacaq. Hazırda həmin səhnənin üzərində söhbət edirik. Pərdələr bağlanandan sonra insan özünü caz klubda hiss edir. Tamaşanın finalında isə əsas qəhrəman boş zalda son ifasını oxuyur. O zaman biz zalın və Laranın möhtəşəmliyi ilə baş-başa qalırıq.

Azsaylı tamaşaçılar üçün nəzərdə tutulan tamaşanın hazırlıqlarına pandemiyadan əvvəl başlamışdıq. Ona görə tamaşa üç illik bir yol qət etdi. İki aydır ki, dayanmadan məşqlərimiz olur və prosesdən çox keyf alırıq.

Ən çox vaxt aparan tamaşanın geyimləri idi. Çünki Laranın geyimlərinin üzərində işləmələr çoxdur. Bu gün məşqdə siz geyimlərin şahidi olacaqsınız”.

Canlı caz, içki və sevgi

Cazı çox sevdiyini deyən rejissor İradə Gözəlova elit tamaşa hazırlamaq arzusunda olub: “Tamaşanın ideyası mənə məxsusdur. Caz musiqini çox sevirəm, bu öz yerində, amma hər zaman elit tamaşa hazırlamaq arzum olub. Ostrovskinin “Cehizsiz qız” əsərinin süjeti və caz klub... İkisinin vəhdəti məhz bu tamaşanı yaratdı. Caz ab-havasında əsərin süjet xətti inkişaf edəcək.

Tamaşaçı özünü caz klubda hiss etməlidir - əsas məqsədim bu idi. Və hər şey və hər kəs məhz bu atmosferi yaratmaq üçün səfərbər olmalıdır.

Üç il bundan əvvəl belə bir ideyam olduğunu teatrın bədii rəhbəri Əliqismət Lalayevə deyəndə, çox bəyəndi və maraqlı təkliflər verdi. Mənə və tamaşaya inandığına görə ona çox təşəkkür edirəm.

“Lara Martin's Jazz Club”da mövzu sevgidir, sevgi isə hər zaman aktualdır. Mən daha çox aktyor və yaradıcı heyətdən danışmaq istəyirəm. Tamaşanın rəssamı Vüsal Rəhim çox gözəl işə imza atdı. Canlı musiqi, gözəl canlı caz ifaları, hətta tamaşaçılara içkilər də təklif olunan VİP stollar... Hər şey səhnədə baş verəcək. Təxminən 70 nəfər tamaşaçı üçün nəzərdə tutulur.

Klubun içərisində balet aktyorlarından yaratdığımız “Birds” adlı rəqs qrupu fəaliyyət göstərir və siz tamaşada bir neçə dəfə rəqs nömrələrini görəcəksiniz. Rəqslərə baletmeystr Emil Alıyev quruluş verib. Aktyorlarımız çox peşəkardırlar. Mən heyətdən məmnunam və hər birinə təşəkkür edirəm”.

Masa arxasında oturan və məşqin başlamasını səbirsizliklə gözləyən aktyorlara yaxınlaşıram.

Emil Heydərov: "Mən varlı-pullu iş adamıyam. Hər gün caz kluba gəlib, pul verib mahnı sifariş edirəm. İlk dəfədir belə bir tamaşada və bu cür quruluşda yer alıram".

Rauf Babayev söhbətə qoşulur: "Eksperimental tamaşadır. Biz səhnədə tamaşaçılarla birlikdə olacağıq. Açığını deyim ki, klassik aktyor olduğumuza görə bizə tamaşanın belə quruluşu qəribə, eyni zamanda maraqlı gəlir. Tamaşaçılarla səhnədə olmaq bizə necə təsir edəcək, bunu demək çox çətindir. İndiyə qədər biz səhnədə oynayırdıq, tamaşaçını zalda görürdük. İndi yanımızda hiss edəcəyik".

Emil Heydərov: "Onu da əlavə edim ki, ilk dəfədir belə ciddi bir obraz yaradıram. Komediya aktyoru olmuşam, tamaşaçı da məni hər zaman komik rollarda görüb. Amma Rauf ciddi romantik qəhrəmandır".

- Bu aktyor üçün maraqlı deyilmi? Adət etdiyiniz rollardan fərqli bir rol yaradacaqsınız.

Rauf Babayev: "Mən əslində klassik vokalçıyam. Musiqi Akademiyasını bitirmişəm, opera ifaçısıyam. Mənim üçün bir az qəribə gəlir. Çünki burada əsər, partiya ifa etmirəm. Mənə tamaşaçıların arasında məsuliyyətli tamaşaçı deyə bilərsiniz. Mən də tamaşada caz kluba gələn tamaşaçıyam".

“43 ildən sonra arzum həyata keçdi”

Aktrisa Nahidə Orucova tamaşada Larisanın anasını- Xarita İqnatyevna Oqudalovanı canlandırır: “Bu ana yaman anadır... Kluba gələn kişilərin hər birinə xoş münasibət göstərib, yaxınlıq etməyə çalışır və bunun nəticəsində qızına yol açmaq istəyir. Təki Lara varlı bir adama ərə getsin. Öz aləmində ona xoş həyat, daha doğrusu, pullu həyat arzulayır. Üç qızı var, amma hamısını pula görə yerbəyer etmək istəyib. Hamısı da bədbəxt olur.

Yaradıcılığımda ilk dəfədir belə bir obrazla rastlaşıram. Bilirsiniz ki, mən teatrın Azərbaycan bölməsinin aktrisasıyam. Amma rus dilində təhsil almışam. Hələ Hacıbaba müəllimin, Siyavuş müəllimin zamanında xahiş edirdim ki, mənə rus dilli tamaşalarda obraz versinlər. Onlar da deyirdilər ki, o bölmənin öz aktrisaları var. Axır ki, 43 ildən sonra arzum həyata keçdi.

Mənim dayəm də rus olub. O ruhda tərbiyə almışam. Ona görə əsər mənə yaxındır, burada hər bir sözü mətnaltı da çatdıra bilərəm”.

Nərgiz Kərimova: “Mən çox şad və xoşbəxtəm ki, teatrımızda belə bir zövqlü caz tamaşa oynanılır. Tamaşanın reallaşması üçün bizə şərait yaratdığına görə direktorumuz Əliqismət Lalayevə çox minnətdaram. Sevinirəm ki, zövqlü və istedadlı rejissorla işləyirəm. Canlı musiqi, çox gözəl dekorasiyalar..."

- Tamaşada baş rolu Laranı canlandırırsınız. Lara ruhən sizə yaxındırmı?

- Mənim yaratdığım Lara Martin sadəcə sevgi istəyir, sevgi gözləyir. Tamaşada ifa etdiyim caz kompazisiyalarını özüm seçmişəm. Musiqiləri seçəndə özümü fikirləşirdim. Oxuyan qadın mənə ruhən yaxındır.

“Onların arasını vurmağa qadirəm”

Əliməmməd Novruzov: “Mən barmen obrazındayam. Eyni zamanda Laranı sevirəm və istəyirəm ki, mənim olsun. Əlimdən gələni edirəm ki, hamı ondan üz döndərsin. Paratovla Laranın arasını vurmağa belə qadirəm. Amma çox təəssüflər olsun ki, sonda Laranı mən ..."

Əliməmməd bəyin cümləsini burada yarımçıq qoyub, siz tamaşaçıları bir balaca intizarda saxlamaq istəyirəm.

Əlavə edim ki, ötən gün Akademik Musiqili Teatrda tamaşasının ilk premyerası keçirildi. Geniş tamaşaçılar üçün isə tamaşa 3 və 15 iyulda nümayiş etdiriləcək.


Müəllif: Nərmin Muradova, Foto: Rüfət Mikayılov