27 İyun 2022 00:50
1 498
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollivud ulduzu Robert De Niro Türkiyəyə gedib.

Teleqraf.com xəbər verir ki, o ortağı olduğu Yapon restoran şəbəkəsinin İstanbul filialında keçirilən tədbirə qatılıb.

Jurnalistlərə açıqlamasında restoran işinin çətin olduğunu bildirən aktyor hələ ki, İstanbulda film çəkmək niyyətində olmadığını bildirib:

"Əvvəllər İstanbula gəlmişəm, amma uzun müddət qalmamışam. Burada olmaq həqiqətən əladır. Hələlik İstanbulda film çəkmək fikrində deyiləm. İlk növbədə yaxşı ssenari yazılmalıdır. Təəssüf ki, türk kinosu barədə məlumatım yoxdur".

50 ilə yaxındır ki, Al Paçino ilə dostluq edən De Niro fikirlərini belə ifadə edib:

"Biz dostuq. Bir-birimizi hər gün görmürük, amma möhkəm dostluğumuz var. Həmişə bir-birimizlə söhbət etməkdən həzz alırıq. Bu, karyeramızla bağlı ola bilər, qarşılıqlı məsləhət və ya tamam başqa bir şeylə bağlı ola bilər".

Aktyor sosial media hesablarının olmadığını etiraf edib.

"Zarafat edirsiniz? O cəfəngiyatın içərisində yer alacağımı düşünürsünüz? Mən belə xoşbəxtəm. Buna kimin ehtiyacı var? Sənin, onun yaxud digərlərinin? Sosial mediada hər kəsin sizinlə bağlı fikri var, mənim o fikirlərə ehtiyacım yoxdur.

Tvitter çox qorxunc yerdir. Dünyanın ən saxtakar insanı ilə mübarizə etmək məcburiyyətində qaldıq. Onun da başına nələr gəldiyini hamınız yaxşı bilirsiniz", -deyə aktyor qeyd edib.


Müəllif: Pərvin Cəfərova