Bu gün Xalq artisti, sevilən aktyor Yaşar Nurinin doğum günüdür.
Teleqraf.com xəbər verir ki, aktyorun qızı Ülkər Yaşarqızı bununla bağlı paylaşım edib.
“Sənsiz sənin doğum günündür! 10 il kimləri tanıtdı mənə! Qohumları, tanışları…Sənin sağlığında üzümüzə gülüb, qapımızda yatan bəzilərini tanıtdı sənsizlik mənə! Hər şeyi, hamını, həyatın buynuzunu tanıtdı mənə! Amma sınmadım, tacımı yerə qoymadım!!!
Nə yaxşı ki, sənin qızınam. Ad günün mübarək! Həyatımda çatışmayan yeganə varlığım- atam! Allah sənə rəhmət eləsin!”
Azərbaycan Dövlət Mükafatı laureatı Yaşar Nuri 1951-ci il sentyabrın 3-də Bakıda aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib. O, Azərbaycan teatrında və kinosunda onlarla obraza səhnə, ekran ömrü bəxş edib.
Yaşar Nurinin iştirakı ilə çəkilən televiziya tamaşaları bu gün də sevə-sevə baxılır. “Alma almaya bənzər”, “Yol əhvalatı”, “Bəyin oğurlanması”, “Ölsəm, bağışla”, “Qətl günü”, “Mənim ağ şəhərim”, “Ağ atlı oğlan”, “Yoxlama” və s. kimi məşhur filmlərdə sevilən rolları ilə yadda qalıb.
Yaşar Nuri uzun sürən ağır xəstəlikdən sonra 2012-ci il noyabrın 22-də, 61 yaşında Bakıda dünyasını dəyişib. İkinci Fəxri Xiyabanda dəfn edilib.