6 Sentyabr 2022 09:55
1 978
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Məşhur məktublar” layihəmizin bu dəfəki qonağı Xalq artisti, Akademik Milli Dram Teatrının direktoru və bədii rəhbəri Azər Paşa Nemətovdur.

Onunla söhbəti təqdim edirik.

“Dostumun bacısı məktub yazdı...”

- Azər müəllim, məktublarla aranız necədir?

- Əvvəllər məktub alırdım, özüm də yazmağı xoşlayırdım. Çox vaxt məktublarımda şeirlər də yazırdım...

- Şairlərin şeirləri idi, yoxsa özünüzün?

- Özüm yazırdım.

- İlk məktubu nə vaxt almısınız?

- Yadıma gəlmir.

- İlk dəfə siz kimə sevgi məktubu yazmısınız?

- Yoldaşıma.

- Cavab vermişdi?

- Əlbəttə. Çox vaxt ona şeir yazırdım.

- Heç gözləmədiyiniz kimdən sevgi məktubu almısınız?

- Olub. Bir dostumun bacısı, o biri dostumun qızı yazıb.

- Bəs siz nə etdiniz?

- Dostlarla əlaqəmi kəsdim. Nə danışdım, nə də onlara getdim. Bunu düzgün hesab etmədim.

"Hökümə Qurbanovaya məktub yazmışam"

- Bəs tanınmışlardan məktub almısınız?

- Çox olub ki, az olmayıb... Amma mən çoxunu cavabsız qoymuşam.

- Saxladığınız məktublar var?

- Əvvəllər saxlayırdım. Sonra hamısını bacıma verdim.

- Bəs tamaşaçı məktublarını oxuyurdunuz?

- Bəzələrini oxuyurdum. Bəzən kiməsə deyirdim ki, həvəsin varsa, ona bir cavab yaz.

- Azər Paşa Nemətov özü hansı məşhurlara məktub yazıb?

- Hökümə Qurbanovaya məktub yazmışam. Yadımdadır ki, o məktubda da şeir yazmışdım. Məktəbdə oxuyurdum, Hökümə xanımın bütün tamaşalarına gedirdim, hər dəfə də gül alırdım. Mənə evdən məktəbdə yemək üçün pul verirdilər, onları yığıb Hökümə xanıma gül almağa xərcləyirdim.

“Onunla qarşı-qarşıya gələndə...”

- Məktub yazdığınızı sonralar ona etiraf etmisiniz?

- Yox, deməmişəm. 23-24 yaşım olardı, bir dəfə teatrın qapısı ağzında qarşı-qarşıya gəldik. Onu görən kimi divara söykəndim, “Hər vaxtınız xeyir, Hökümə xanım” dedim. Dəqiq xatırlamıram ya Əliağa Ağayev, ya da Lütfi Məmmədbəyov orada idi. Dedi, Hökümə xanım, bilirsiniz bu kimdir? Zəfər Nemətovun oğludur, adı Azər Paşadır.

Dedi, onun haqqında eşitmişəm. Üzümə baxaraq: “Bəs mənimlə nə vaxt işləyəcəksən?” soruşdu. Dedim, Hökümə xanım mən sizin hər tamaşanıza baxmışam. “Bəs mənə niyə yaxınlaşmamısan” soruşanda dedim, sizə həmişə gül verən oğlan mən idim. Güldü, dedi xatırladım.

Onu aktrisa kimi çox sevirdim.

- Siz uşaqlıqdan teatr cameəsində olmusunuz. Daha tez tanına bilərdiniz...

- Amma tanınmırdım. Məni Barat Şəkinskaya yaxşı tanıyırdı. Çünki oğlu Elçinlə dost idim. Hər dəfə Elçinlə görüşəndə gedib ona da baş çəkirdik, sevinirdi. Məni çox istəyirdi, söhbət edirdi, arada Elçin deyirdi: “Azər, sən qal burda, mən getdim. Mamanı əyləndir, onunla danış, kefi açılsın”.

- Bəyəndiyiniz başqa aktrisalar kimlər idi?

- Mənim çox istədiyim aktrisalar Hökümə Qurbanova, Leyla Bədirbəyli, Barat Şəkinskaya olub. Onlara heyran idim. Tamaşalarına da çox həvəslə gedib baxırdım.

- Bəs atanızın işlədiyi Gənc Tamaşaçılar Teatrında hansı aktrisaya heyran olmusunuz?

- Bu üçünə olan münasibətim bir başqaydı. Gənc Tamaşaçılar Teatrında istedadlı aktrisalar var idi: Əminə Yusifqızı, Firəngiz Şərifova, Solmaz Qurbanova.

“Atam da o cür olub”

- 75 yaşınızı arxada qoydunuz, Azər müəllim. Doğum günü ərəfəsində Prezident sizi "Şərəf" ordeni ilə təltif etdi. Bu əlamətdar hadisələri neçə dost məclisi ilə qeyd etdiniz?

- Ancaq ailəmlə.

- Dostlar qalmayıb, yoxsa?..

- Yaxşı dostlarım var. İnsanın ən təmiz vaxtı uşaqlığı, gəncliyi, cavanlığıdır. O vaxtdan indiyə qədər münasibət saxladığım dostlarım var. Bəziləri artıq haqq dünyasındadırlar, bəziləri isə indi də yanımdadırlar. Sinif yoldaşım Fuad Qasımovun məndən bir həftə sonra 75 yaşı tamam oldu. Sentyabrın 20-də o biri dostumun doğum günü olacaq. Daha bir dostum Balahüseyn Muradovun mart ayında 75 yaşı oldu.

Biz eyni dövrün uşaqlarıyıq. Onlarla dostluğum indiyə qədər davam edir. Çünki təmiz adamlardırlar.

- Həm də eyni sahənin adamısınız?

- Yox, eyni sahənin adamı deyilik. Biri bizneslə məşğul olub, o birisi fabrik direktoru, sonra nazir müavini olub. Digəri mağaza sahibi...

- Güman ki, tamaşalarınızın da birinci tamaşaçılarındandırlar?

- Bəli, gəlirlər və mənimlə fərəhlənirlər.

- Onların fikirləri sizin üçün önəmlidirmi?

- Tamaşaçıdırlar, onların da, əlbəttə, öz fikirləri olur. Deyirlər, Azər bu hissəni yaman yaxşı qurmusan, çox təsirlidir.

- Bəs peşəkarlardan kimlərin fikirlərini diqqətə almısınız?

- Var idi o cür insanlar. İndi haqq dünyasındadırlar.

- Kimləridi?

- Həsənağa Turabov, Elçin Məmmədov, Eldar Quliyev. Üç yaşımda məni Elçinin 4 yaşı münasibəti ilə hazırlanan ad günü məclisinə aparıblar. O vaxtdan Elçinin son anına kimi bir yerdə olmuşuq.

Mən haqq-ədalət tərəfdarıyam. Çünki özüm elə yaşamışam. Məni elə tərbiyə ediblər. Atam da o cür olub.

Sevdiyim adamlardan biri də Müslüm Maqomayev idi. Baxın, hamısının şəkli otağımdadır.

- Radioda işlədiyiniz günləri necə xatırlayırsınız?

- O vaxt institutda oxuyurdum, bizi seçib radioya aparmışdılar. Baş redaktor Fəridə xanım Babayeva, sədrimiz Ənvər Əlibəyli, Teymur Əliyev idi. Onlar məni, mən də onları çox istəyirdim. Nəbi Xəzri televiziyada müavin idi. 1966-cı ildən 1970-ci ilə qədər radioda işlədim.

Televiziyada da işlədim, amma çox az. Orda Arif Babayev, Rauf Kazımovski kimi nəhəng insanlar çalışırdı. Sonra Arif Babayev kinoya getdi, Rauf Kazımovski dünyasını dəyişdi. Teymur Əliyev əvvəlcə Kommunist Partiyasının mədəniyyət şöbəsinin müdiri, sonra nazir müavini oldu. Uşaq şairi idi, çox savadlı idi.

Aydın Qaradağlı həm böyük diktor, həm baş rejissor idi.

Mənim işimə Teymur Əliyev, Ənvər Əlibəyli qiymət verirdilər. Əvvəl məni assistent ştatına işə qəbul etdilər, sonra rejissor ştatına keçirdilər.

“Teatrda məni çox incitdilər”

- Radiodan sonra Gənc Tamaşaçılar Teatrına gəldiniz?

- Diplom tamaşası hazırladım və qərara gəldim ki, televiziya və radioda heç vaxt işləməyəcəm. Çünki sevdiyim sahə teatrdır və mən orada olmalıyam.

Teatrda isə məni çox incitdilər. Güman ki, istedadıma görə mənim başıma oyun açmağa başladılar. Və mən ordan uzaqlaşıb Rusiyaya getdim.

- Amma siz teatra gedəndə azdan-çoxdan sizi nələrin gözləyə biləcəyini təxmin edərdiniz...

- Bilmirdim... Daha doğrusu, o qədəri bilmirdim...

- Axı atanız Zəfər Nemətovun da başı az çəkmədi. Teatrın intriqaları...

- Zəfər müəllim böyük rejissor idi. Hər şeyə cavabdeh idi. Zəfərin düşmənləri dedilər ki, özü gedib, indi də oğlu gəlib...

İntriqasız teatr yoxdur ki... Amma intriqa gərək mənalı olsun. Bütün yaradıcı adamların hərəsinin bir dərdi-səri var. Amma tülkülük eləmək lazım deyil.

“Mən çox qəliz adamam”

- Yəni demək istəyirsiniz ki, bizim intriqalar fərqlənir?..

- Bəli. Çox fərqlənir. Rusiyada şüurla, ağılla fikirləşirlər.

- Yəni istedadlını teatrda saxlayırdılar?

- Saxlayırdılar. Hər halda məni saxlamışdılar. Mən çox qəliz adamam, amma Rusiyada uzun illər çalışdım.

- Kim, yaxud nə məcbur etdi ki, qayıtdınız?

- Məşhur bəstəkar Tofiq Quliyev məcbur etdi: “Deyirəm, sənə dur gəl”- dedi.

- Qohumsunuz?

- Uzaq qohum olsaq da qardaşdan yaxın olmuşuq. Tofiq müəllimin oğlu Eldar mənim üçün çox əziz adam olub. Mərd, çox savadlı, bilikli rejissor idi. Bir qızı Moskvada yaşayır, bir qızı da Amerikada. İkisi də zəng edib, məni təbrik etdi.

- Bildiyim qədər “Debüt” studiyasında film çəkmək istəmisiniz. Doğrudur?

- Yaxşı bir film ideyam var idi. Eldar dedi, 38 yaşın var, Əməkdar incəsənət xadimisən, “Debüt”də gənclər film çəkir. Dedim, mən axı kinoda heç nə etməmişəm. Kinoda mən sənin yanında uşağam, teatrda isə sən mənim yanımda. Onunla güclü zarafatlarımız var idi...

- Eldar müəllim, gənclərə çox şərait yaradırdı.

- Mən də yaradıram. Gənclər məni çox istəyir. Mənə isə heç vaxt heç kəs kömək etməyib. Maneələrim çox olub. Elə indi də az deyil. Mənim yolum heç vaxt asan olmayıb. Amma həmişə mən qalib gəlmişəm.

FOTO: Elmin Zahidzadə


Müəllif: Nərmin Muradova