23 Noyabr 2022 12:30
1 395
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevir Dövlət Dram Teatrına direktor təyin olunan, Əməkdar artist İntiqam Soltan Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

"Bəzi teatr işçiləri, aktyorlar bunu bilmir..."

- İntiqam bəy, yeni təyinatınız uğurlu olsun.

- Təşəkkür edirəm. Mən Mingəçevir teatrına sadəcə kömək məqsədilə gedirəm. Teatrı ayaq üstə qaldırıb, layiqli direktoru ora təyin edib, sonra öz yerimə qayıdacam.

- Mingəçevir Teatrında düzəni necə yoluna qoyacaqsınız?

- Mənim idarəçiliyim çox sadədir. Yalnız o adamları idarə edirəm ki, onlar özlərini idarə edə bilmirlər. Düşünmürəm ki, Mingəçevir teatrında belə işçi çox olsun. Çünki Mingəçevirin ab-havası, quruluşu, yerləşdiyi yer çox gözəl, oranın adamları, teatrın işçiləri yetərincə sivil insanlardır. Ümumiyyətlə, teatrın bərbad vəziyyətə düşməyinə səbəb onun işçiləri, aktyorları deyil, rəhbərliyi olur. Müdiriyyət yerində olmayanda müəssisə bu vəziyyətə düşür. Mən ora sevgi ilə, kollektivə layiq olduğunu qaytarmağa və hər kəsə öz hüququnu göstərməyə üçün gedirəm.

Cığallıq edən çox insan var. Belələri demokratiya ilə özbaşınalığı səhv salır. Bütün demokratiyalar müəyyən çərçivə daxilindədir. Çərçivədən çıxanda diktatura ilə qarşılaşa bilərlər. Teatrda isə mütləq bir qayda var: daxildə diktatura olmasa teatr demokratiyanı təbliğ edə bilməz. Tamaşa müddətində aktyor yalnız tamaşaçınındır. Əgər aktyor özünə qarşı bu diktatorluğu edə bilməsə başqası –kənardakı diktatorluq edəcək. Yaxud tamaşaçı aktyoru hansı formada görmək istəyirsə, mütləq o formada olmalıdır.

Mən aktyor olaraq səhər tikintidə işləyib, axşamüstü hansısa çayxanada oturub, şaqqanaqla gülüb söyüşlərə ortaq ola bilmərəm. Çünki mənim tamaşaçının fantaziyasını zorlamağa ixtiyarım yoxdur. Sabah mən o tamaşaçını Əmir Teymura baxmağa dəvət edəcəm. Onu necə inandıracam?

Ona görə də aktyor tamaşaçı qarşısında belə rahatlıqla açılmalı deyil. Bunu bəzi teatr işçiləri, aktyorlar özləri də bilmirlər.

“Hamı oranı fəlakətli yer adlandırır”

- Son günlər Mingəçevir teatrındakı qalmaqalları, içəridə baş verən hadisələri media da işıqlandırdı. Kənardan olub-bitənlər sizə necə görünürdü, prosesləri necə dəyərləndirirdiniz?

- Mənə gələn zənglərdə, mesajlarda hamı oranı fəlakətli yer kimi qiymətləndirirdi. Mənsə elə düşünmürəm. İnsan əhvalının şkalaları var. Sonuncu şkala ölüm şkalasıdır. Əgər sonumuz ölüm şkalasına qədər gəlib çatmayıbsa, deməli, ümid var.

Hazırda teatrda məşqlər gedir, iki-üç gündür teatrı telefonla idarə edirəm. Güman ki, ən qısa zamanda təqdimatım olacaq, rəsmən işə başlayacam.

Rəhbərliyin zəifliyi ucabatından teatra kənar əllər girib. İstəyirəm bunu bütün idarə və təşkilatlar eşitsin. Teatr tədbir təşkilatı deyil. Teatr tamaşa hazırlamaq üçün yaranmış bir qurumdur.

Mən teatrın keçmiş rəhbərliyi haqqında mənfi fikirdə olmaq istəmirəm. Sadəcə, onu demək istəyirım ki, rəhbərlik teatrın ətrafındakılara qarşı həddən artıq yumşaq olduğuna, həmçinin kənardan gələn zərbələrə baryer qoymadığına görə bu hadisələr baş verib. Aktyor oyuncaq deyil ki, hara gəldi göndərəsən, necə gəldi ondan istifadə edəsən.

Düşünürəm ki, rəhbərlik gələn zərbələri neytrallaşdırıb kollektivə ötürməyi bacarmalıdır. Teatr rəhbəri teatrın baş fəhləsidir.

Dünyada elə teatr rəhbərləri var ki, aktyorla tamaşaçı görüşünə çox ciddi qadağa qoyur. Tamaşaçı aktyoru görmək üçün nələr etmir... Amma bizim aktyorların bəziləri metroda belə ağızlarına gələni danışıb, istədikləri hərəkəti edirlər. Bu cür aktyor olar? Belə halda teatrın sehri, illuziyası itir. Mən hətta onlara aktyor demək istəmirəm, onlar teatrda ştatı məşğul edən adamlardır.

Elə rəhbərlər də var, teatra qazanc mənbəyi kimi baxırlar. Qazanc istəyirsən, buyur, əlavə iş tap, əlavə gəlir götür. Dövlətin teatrın inkişafına ayırdığı pulları mənimsəmək sadəcə əbləhlikdir.

“Hiss etsələr ki, mən oradan çıxmışam sabahı gün teatr dağılacaq”

- Mingəçevir teatrında görüləcək çox işləriniz var. Bəs direktoru olduğunuz Uşaq və Gənclər Teatrındakı işinizi kimə həvalə edəcəksiniz?

- Daxili əmrlə işimi kollektivdən birinə həvalə edəcəm. Uşaq və Gənclər Teatrını özüm yaratdığım üçün onlar mənim gözümü qırpmamdan nə demək istədiyimi anlayırlar. Müəllif teatrıdır. Bizim teatrda çox gözəl qaydalar var: demokratik şəraitdir, hər kəs özünü gözəl idarə edir. Mən olmasam belə, teatr öz işini davam edəcək. Amma hiss etsələr ki, mən oradan çıxmışam, sabahı gün teatr dağılacaq.

- Mingəçevirə köçməyi düşünürsünüz?

- Mingəçevir yaxın ərazidir. Nəzərə alsaq ki, özüm də pis sürücü deyiləm, zənnimcə, yol mənim üçün problem olmayacaq. Yetər ki, içində istək və sevgi olsun. Sevgi insanı idarə edən gözəgörünməz enerjidir.

- Təqdimatınız nə vaxt olacaq?

-Nazirlikdə işlər çox olduğuna görə məsələ yubandı. Düşünürəm ki, yaxınlarda təqdimat olacaq və hər şey yoluna qoyulacaq.

“Qaliblər mükafatlandırılacaq, çox zəiflər isə...”

- Teatrda ilk işiniz nə olacaq?

- Layihələri indidən açıqlamaq istəmirəm. Yalnız onu demək istəyirəm ki, Mingəçevir teatrına çox maraqlı layihələrlə gedirəm. Bir-iki layihəm barədə məlumat verim: Mingəçevir şəhəri üzrə Yalan bayramı keçirməyi düşünürəm. Bura daha çox yuxarı sinif şagirdləri cəlb olunacaq. İlk on yeri qazanan gənc teatrda yaradılan studiyanın dinləyicisi olacaq.

- Niyə Yalan bayramı?

- Çünki aktyor yaxşı yalan danışa bilən adamdır... Digər layihəm “İki teatr bir tamaşa” olacaq. Uşaq və Gənclər Teatrı və Mingəçevir Teatrında eyni tamaşa hazırlanacaq və aktyorlar mübadiləli şəkildə iki teatrda oynayacaqlar.

Bundan başqa, teatr daxilində “Mono tamaşalar” festivalı keçirəcəm. Teatrda 30-dan çox aktyor var. Bir aktyor tamaşada digər aktyorun arxasında gizlənə bilərlər. Amma mono tamaşada bu, mümkün deyil: bu meydan, bu şeytan. Festivalın sonunda qaliblər mükafatlandırılacaq, çox zəiflər kursa göndəriləcəklər.

Görüləsi işlər, həyata keçirmək istədiyim layihələr çoxdur. Zamanla hər şeyə şahid olacaqsınız.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər