8 Dekabr 2022 18:44
1 973
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ötən ilin dekabr ayında Kukla Teatrının 90 illiyi oldu. Bütün söz-söhbətlər də həmin tədbir günü və o ərəfələrdən başlayıb. Mənim mətbuatda çıxan müsahibəmdən sonra bir balaca təzyiq oldu, teatrın yubiley günündə keçmiş nazir müavini Elnur Əliyevlə aramızda olan söhbətdən sonra dövlət teatrlarının hamısında dövlət planı aşağı salındı, bizdə isə artdı. 65 min dövlət planımız idisə, bu rəqəm 91 minə qalxdı. Bununla bağlı bir neçə dəfə müraciət etdim, hörmət edib 8 min aşağı salıb 83 min etdilər. Bu ilin yay aylarında verdiyim müsahibədə bütün bunlarla razılaşmadığımı bildirdim, etiraz etdim".

Teleqraf.com xəbər verir ki, bu sözləri Kukla Teatrının direktoru Rəşad Əhmədzadə bu gün keçirilən mətbuat konfransında deyib.

"Müsahibədə bildirdim ki, bura dövlət teatrıdır, Gənc Tamaşaçılar, Rus Dram Teatrlarının yubileyləri dövlət səviyyəsində qeyd olunur, təqdimatlar olur, insanlar mükafatlandırılır, ancaq bizim teatr bütün bunlardan kənarda qalıb. Bir müddət sonra həyat yoldaşım, teatrın quruluşçu rejissoru (red- Səidə Haqverdiyeva) müsahibə verdi. O, mənim həyat yoldaşım olmamışdan qabaq bu teatrın əməkdaşı idi və bu teatrda quruluşçu rejissor vəzifəsində işləyirdi. Onun müsahibəsindən bir həftə sonra bizim teatra yoxlama gəldi. Yoxlama teatrın istirahət günü-1-ci gün gəldi", - direktor bildirib.

Onun sözlərinə görə, yoxlamalara qarşı narazılığını ilk gündən bildirib: "Maraqlı məqam odur ki, yoxlama barədə əmr bizim teatra gəlib çıxmamış və komissiya üzvləri teatra daxil olanda mətbuatda xəbər yayıldı ki, Kukla Teatrına yoxlama gəlir. Hər bir cəhətdən bu məsələni bizim teatrla əlaqələndirmək istədilər. Bu nə dərəcədə mümkün olan məsələdir, mən bilmirəm, çünki belə məsələlərin ictimailəşməsi teatrın fəaliyyətinə pis təsir göstərir. İstər tamaşaçılar, istər körpə uşaqlar baxımından... Komissiya işə başladı, mən bildirdim ki, mənə qanuni əmri gətirin. Qanuni əmri gətirdilər, amma ona baxıb gördüm ki, o da qanuni əmr deyil. Ondan da əvvəl mən dəftərxanaya zəng eləyib soruşdum, onlar bildirdilər ki, belə bir əmr yoxdur. Komissiyanın sədri dəftərxanaya getdi və əmrlə geri döndü. Hər iki əmrdə çatışmazlıqlar var idi. İkinci dəfə əmrin düzgünlüyünü isbat etmək üçün məktub göndərdim. Məktub ayrı mövzudaydı, festivalda iştirakımızla bağlıydı. Ümid edirdim ki, bundan sonra düzgün qeyd olunar. Amma olmadı, söhbət ondan ibarətdir ki, nə nazir, nə də nazirliyin 100-dən artıq əməkdaşı Kukla Teatrının rəsmi adını bilmir. Nazirlər Kabinetinin əmri ilə bizim teatrımızın adı belə adlanır: Azərbaycan Dövlət Kukla Teatrı. Bu əmrdə isə yazılıb: Abdulla Şaiq adına Kukla Teatrı. Buna baxmayaq mən dedim ki, yoxlamanızı davam etdirin, elə başa düşülməsin ki, biz hər vəchlə yoxlamaya mane olmaq istəyirik. İki gün sonra nazirlikdən zəng olundu ki, Fərəh xanım (red: Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Acalova) sizinlə görüşmək istəyir. Mən də bildirdim ki, mən nazir Anar Kərimovdan başqa heç kimlə görüşmək istəmirəm. Bir neçə saatdan sonra Fərəh xanım zəng elədi və görüşmək istədiyini bildirdi. Dedim sizin soyadınıza çox böyük hörmətim var, amma öz soyadım da mənim üçün qiymətlidir. Söz vermişəm ki, cənab nazirlə görüşməmiş heç kimlə görüşməyəcəm. Fərəh xanım da məni nazirliyin yanındakı kafeyə dəvət elədi. Belə hesab elədim ki, çox səmimi görüş alındı, amma elə deyilmiş. Bu iş çox böyük ssenari üzərində qurulub".

Direktor əlavə edib ki, hazırda teatrda yoxlamalar daha da sərtləşib: "Mənim cənab nazirlə görüşüm oldu, çox mehriban insandır, nazirə də dedim ki, 90 yaşlı kollektiv sizi görmək istəyir. Bir neçə ildir ki, çalışırsınız, amma hələ də bizim teatrda olmamısınız. Nazirlə görüşəndən sonra düşündüm ki, bütün məsələlərə aydınlıq gətirilər, yoxlama daha da tezləşdirilər. Yoxlama daha da sərtləşir. Mən nazirlə görüşdə də demişdim ki, olarmı ki, yoxlamaya teatrı anlayan adamlar gəlsin. Bizim işçilərin komissiyadan şikayət ərizələri burdadır, özlərinə aid olmayan suallar ünvanlanır..

Bizimlə əlaqədə olan sponsorlar, ictimai birliklərə də təzyiq olunur ki, burada korrupsiya aktı var. Sanki burada Mədəniyyət Nazirliyinin yox, daha böyük idarənin yoxlaması aparılır. Mənim istər ətrafım, yaxınlarım, istər dostlarım, istər düşmənlərim bilir ki, adım korrupsiyada hallana bilməz. Bunu öz adıma, soyadıma təhqir hesab edərəm. Birinci gündən indiyə kimi bu sözü deyirəm və arxasında da dayanıram. Bu əzmkar kollektivlə birlikdə istənilən yoxlama gələ bilər, istənilən fakt aşkarlanarsa, hüquqi dövlətin qanunları çərçivəsində həll oluna bilər. Amma hələ əvvəldən akt yazılmamış kiməsə “burda korrupsiya aktı var” kimi yazmağa təzyiq olunursa, onda mən başa düşdüm ki, daha ciddi oyun gedir. Mən heç bir vəzifəyə kimdənsə xahiş edib gəlməmişəm. Kukla Teatrında da heç bir korrupsiyadan söhbət gedə bilməz. Bayaq da dediyim kimi plan 91 min qalxmışdı, sonra 83 minə salındı. Hamınızın qarşısında deyirəm ki, bu gün mən planı 103 min vermişəm. Teatrın bileti heç bir yerdə məcburi satılmır, bilet satışı üzrə müvəkkilər yoxdur, Azərbaycanda yeganə teatrdır ki, açıq kassaya işləyir".

Rəşad Əhmədzadə bildirib ki, nazirlə görüşdə o da məlum oldu ki, indiyədək teatr tərəfindən Anar Kərimova ünvanlanan müraciətlər əslində ona təqdim olunmayıb. "Mən cənab nazirlə görüşəndə dedim ki, bu, mənə yönəlmiş plandır. Bu planın arxasında kim dayanıb onu da bilirəm. O adamın məni işdən çıxarmağa, yerimə kimisə təyin etməyə səlahiyyəti yoxdur. Sifarişi verən Mədəniyyət Nazirliyində sektor müdiri vəzifəsində işləyən Könül Cəfərovadır. Yuğ Teatrında qısa müddətdə direktor vəzifəsini icra edəndə Könül Cəfərovanın adı 44 nəfərin içində - işdən azad olunan adamların siyahısında idi. Cənab nazirlə söhbətimizdə o dedi ki, sizdən heç bir məktub gəlməyib. Teatrın yubileyi ilə bağlı üç, kondisionerin təmiri ilə bağlı üç, festivallarla bağlı iki yaxud üç, dam örtüyü ilə bağlı bir, iki məktub göndərmişəm. Festivallar üçün müraciət edirəm, bizim teatr üçün pul tapılmır, bir neçə gündən sonra başqa kollektiv daha böyük tərkibdə başqa festivalda iştirak edir. İki ildir adicə kondisioner təmirinə nazirlik pul ayıra bilmir. Ümumi təmir qiyməti 7 mindir. Ancaq digər teatrlara 80, 140, 145, 250 min məbləğində dövlət sifarişi ilə tamaşaların hazırlanması üçün pul ayrılıb. Bu illər ərzində dövlət səviyyəsində tamaşanın hazırlanması üçün bizə bir qəpik də ödənməyib. Nizami ili keçirildi, mükafatlar paylanıldı, baxmayaraq ki, bizim dörd əməkdaşımız həmin tədbirdə gözəl çıxış etdilər. Amma biz heç o mükafatlandırmada da iştirak etmədik.

Mənim sözüm kollektivimin hansısa layiq olduğu yerə çatmasına görədir. Heç vaxt heç kimin oyununa getməmişəm. İnsanı işə təyin edər, işdən azad edərlər. Bu, hamısı qanun çərçivəsində olmalıdır. Əgər işimdə olan hər hansı problem varsa, mən cavab verməyə hazıram. Ancaq sifarişli olmasın".

Teatrın quruluşçu rejissoru Səidə Haqverdiyeva teatra yoxlamanın ona görə gəldiyini söyləyib: "Mətbuata verdiyim müsahibədə haqlı iradlarımı bildirmişdim. Teatrımızın əməkdaşları niyə mükafat almır? Niyə sorğuya bir əməkdaşı bir neçə dəfə çağırırlar, amma məni çağırmırlar?"

Onun sözlərinə görə, bütün baş verən hadisələrin məqsədi Rəşad Əhmədzadəni teatrdan yola salmaqdır: "Onu korrupsiya ilə şərləmək istəyirlər. Bu, yolverilməzdir".

Teatrın mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova bildirib ki, yoxlamanın ictimailəşdirilməsi narahatlıq doğurur: “Əslində bu yoxlamalar nazirliyin daxili audit şöbəsinin qanuni yoxlamasıdır. Sadəcə olaraq yoxlamanın ictimailəşdirilməsi, media orqanlarına informasiyaların ötürülməsi çaşqınlıq və narahatlıq yaradır. Nəzərə alsaq ki, bizim teatr uşaqlarla işləyən qurumdur. Teatrın ətrafında belə qalmaqalın yaradılması istər teatrın, istərsə də nazirliyin imicinə mənfi hesablanmış addımdır”.

Teatrın baş rəssamı İqbal Əliyev Rəşad Əhmədzadənin sözünə qüvvət olaraq bildirib ki, komissiya üzvləri teatrın əməkdaşlarına çox qəribə suallar ünvanlayırlar: “Komissiya üzvləri ayın 21-dən bizim iş prosesimizə mane olurlar. Sexdən hər dəfə bir nəfər çağırılır, iki saat dindirilir. Foyedə belə qarşılaşanda filankəsi tanıyırsan, necə tanıyırsan kimi suallar verirlər, halbuki dəfələrlə demişik ki, bizə işimizlə bağlı suallar verin. Nazirlikdən xahiş edirəm, göndərdikləri adamlar mütəxəssis olsun. Teatrımızın rəssamı Rəna xanıma sual verilir ki, foyedə olan əsər sənin əsərindirmi? Həmin əsər Toğrul Nərimanbəyovun əsəridir. Mənə elə gəlir ki, bu adamlar ya bizi ələ salır, ya da onlar qeyri-peşəkardırlar. Dərziyə necə sual vermək olar ki, siz sapdan istifadə edirsiniz?”

Xatırladaq ki, noyabrın 21-dən Mədəniyyət Nazirliyi Azərbaycan Dövlət Kukla Teatrında yoxlamalara başlayıb.


Müəllif: Nərmin, Foto: Elnur Muxtar

Oxşar xəbərlər