Azərbaycan Teatr Xadimləri İttifaqının 125 illiyinə həsr olunmuş "Milli klassika" festivalının açılış mərasiminin vaxtı dəyişib.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Teatr Xadimləri İttifaqı məlumat yayıb. Bildirilib ki, dekabrın 10-a nəzərdə tutulan açılış mərasimi 11 dekabrda saat 11:30-da keçiriləcək.
Saat 12:00-da elə həmin məkanda Ağdam Dövlət Dram Teatrının "Ağakərim xan Ərdəbili" (N.Vəzirov) tamaşası oynanılacaq.
Dekabrın 16-na kimi davam edəcək festivalda 11 teatr və 1 təhsil ocağı ümumilikdə 13 tamaşa ilə iştirak edəcək. Lənkəran Dövlət Dram Teatrı festivala müsabiqədənkənar qoşulacaq. Tamaşalara münsiflər heyəti tərəfindən baxış keçirilib.
Festivalın məqsədi Azərbaycan teatrında, ümumilikdə milli mədəniyyət məkanında yaradıcılıq proseslərini fəallaşdırmaqdır.
Qeyd edək ki, festivalın tamaşaları ATXİ-nin səhnəsində, Akademik Opera və Balet Teatrında, Şuşa Dövlət Musiqili Dram Teatrında, Azərbaycan Dövlət Kukla Teatrında oynanılacaq.