“Axırıncı 10-11 ayı bir yerdə olmuşuq. O müddət ərzində o vidalaşırdı. Qəbiristanlıqlara tez-tez gedərdik, qohum-əqrabası ilə vidalaşırdı. Hər halda mən bunu başqa cür adlandıra bilmirəm. O bilirdi ki, xəstəliyi müalicə olunan deyil. Çünki xərçəngin dördüncü mərhələsindəydi".
Teleqraf.com xəbər verir ki, bunu AzTV-nin sədr müavini, tanınmış teleaparıcı Rafiq Həşimov “O üz” verilişində deyib.
Onun sözlərinə görə, Fuad Poladov xəstəliyini bildiyi son bir il müddətində hər gün sanki ölüm məşqi edirdi.
“Günlərin birində dedi ki, gedək “Qurd qapısı” qəbirstanlığına. Gördüm orada daşın üstündə - F.P. yazılıb. Sən demə yer götürüb. Dedi, yəqin burada dəfn olunaram.
Evə qayıdanda söylədi ki, birdən həmin gün külək olar, xahiş edirəm, oğlu da cavan idi, birdən özünü itirər, evlərin arxasında xeyir-şər yeri var, camaat da soyuqda qalmasın, orada keçirərsiniz. O, bir il müddətində hər gün sanki ölüm məşqi edirdi. Bunu başqa cür adlandıra bilmirəm. Bəlkə də bu cür deməyim yersizdir, amma mənə belə bir təəssürat bağışlayırdı. Hər gün sanki ölməyi öyrənirdi”.
Qeyd edək ki, Fuad Poladov 2018-ci il mayın 5-də uzun sürən xəstəlikdən sonra 69 yaşında vəfat edib.