16 Dekabr 2014 15:54
2 396
12 Punto 14 Punto 16 Punto 18 Punto

Musiqi sahəsində dünyanın ən məşhur mükafatlarından olan Beynəlxalq “Grammy” mükafatının “Klassik musiqi” nominasiyasında namizədlərin adı açıqlanıb.

Teleqraf.com xəbər verir ki, sözügedən nominasiya üçün seçilən üç namizəddən biri dünya şöhrətli bəstəkarımız Firəngiz Əlizadədir. O təəssüratlarını saytımıza açıqlamasında belə ifadə edib:

“Mən bu şad xəbəri “Hans Sikorski” Yayım Evinin xəbər lentindən əldə etdim. Orada üç bəstəkarın adı qeyd edilib. Bunlardan biri müasir musiqi sahəsində böyük müvəffəqiyyətlər əldə etmiş ən məhsuldar nümayəndələrindən olan amerikalı bəstəkar Lera Auerbaxdır. Siyahıda adı qeyd olunan digər bəstəkar Meçislav Vaynberq - yaşlı nəslin nümayəndələrindəndir və onun “Anna Frankın gündəliyi” operası dünyanın bir çox ölkəsində səhnəyə qoyulub. Mənim üçün əlamətdar məqam odur ki, bu ali mükafata məşhur amerikalı skripkaçı, meqa-star Hillari Hanın “Deutsche Grammofon”da işıq üzü görən musiqilərimdən ibarət alboma görə namizəd göstərilmişəm. Fəxrlə deyə bilərəm ki, üç namizəddən biri olmaq mənim üçün böyük uğurdur. Bu mükafatı almağa nə qədər şansımın olduğunu deyə bilmərəm, lakin 2015-ci il fevralın 8-də keçiriləcək təqdimat mərasiminə artıq dəvət almışam”.

Qeyd edək ki, Beynəlxalq “Grammy” mükafatı musiqi sahəsində dünyanın ən məşhur mükafatı sayılır və “Oskar”ın musiqi variantı hesab edilir. Azərbaycan bəstəkarlıq məktəbi tarixində ilk dəfədir ki, bəstəkarımız belə bir məşhur mükafata namizəd göstərilir.

Nərmin


Müəllif:

Oxşar xəbərlər