"Mərmər soyuğu” tammetrajlı bədii filmi 28 fevral-7 mart tarixlərində Fransanın Vesoul şəhərində keçirilən 29-cu Asiya Filmləri Beynəlxalq Festivalının (Festival International des Cinémas d'Asie) müsabiqə proqramında iştirak edəcək.
Bu barədə Teleqraf.com-a “Azərbaycanfilm” kinostudiyasından məlumat verilib.
Bildirilib ki, filmin festival marşrutu mart ayı ərzində davam edəcək.
“Mərmər soyuğu” 16-31 mart tarixlərində Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən 27-ci Sofiya Beynəlxalq Film Festivalının beynəlxalq müsabiqə proqramında yarışacaq.
Uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edən filmdə həbsdən evə qayıdan ata oğlunun həyatına müdaxilə etməyə çalışır.
Filmin baş prodüseri Arzu Əliyeva, ssenari müəllifləri Asif Rüstəmov və holland həmkarı Roelof Jan Minneboo, rejissoru Asif Rüstəmov, quruluşçu operatorları Oktay Namazov və Adil Abbasov, quruluşçu rəssamı isə Rafiq Nəsirovdur. Prodüserlər Fariz Əhmədov, Orman Əliyev və Guillaume de Seille, kreativ prodüser isə İradə Bağırzadədir.
Baş rollarda Elşən Əsgərov, Natavan Abbaslı və Xalq artisti Qurban İsmayılov çəkiliblər.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası, İctimai Televiziya, Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətlərinin birgə istehsalı olan film dünya premyerasını 2022-ci ilin noyabr ayında PÖFF Tallin Qara Gecələr Film Festivalında edib.
“Mərmər soyuğu” festivalın əsas müsabiqə proqramında iştirak edərək “Ən yaxşı aktyor” (Qurban İsmayılov) mükafatına layiq görülüb. 2022-ci ildə “Mərmər soyuğu” Hindistanın Qoa şəhərində keçirilən 53-cü Hindistan Beynəlxalq Film Festivalının əsas proqramda və 16-cı Avrasiya Beybəlxalq Film Festivalında da iştirak edib. Sonuncu festivalda film “Ən yaxşı rejissor” (Asif Rüstəmov) mükafatına layiq görülüb.