14 May 2023 00:14
2 333
12 Punto 14 Punto 16 Punto 18 Punto

25 sentyabr 1939-cu ildə Ankarada Kitab Sevənlər Qurumu adlı cəmiyyət yaradılıb.

Cəmiyyətin fəxri sədri ədliyyə naziri Fethi Okyar olub. Təsisçiləri isə aşağıdakı tanınmış şəxslərdi:

Kütahya millət vəkili və Ankara Dil, Tarix və Coğrafiya Fakültəsinin professoru Besim Atalay;

Türkiyə Böyük Millət Məclisi Kitabxanasının müdiri Nebil Buharalı;

TBMM-də İnşaat Komissiyası üzvü Reha Oğuz Türkkan;

Kadastro fənn məmuru Ertuğrul Lami Yener.

Cəmiyyətin qurucu üzvləri 23 oktyabr 1939-cu ildə yığıncaq keçirərək ilk idarə heyətini seçiblər. Seçkilər nəticəsində:

Danışman: Qurumun yolgöstərəni: Besim Atalay (Kütahya millət vəkili və professor)

Sədr: Mehmet Sadık Aran (“Cumhuriyet” qəzetinin mühərriri və müxbiri)

Sədr müavini: Nebil Buharalı (TBMM Kitabxana müdiri)

Ümumi katib: R.Oğuz Türkkan (TBMM-də İnşaat Komisiyasından)

Mühasib və xəzinədar: Ertuğrul Yener

Cəmiyyət Ankara-Yenişehirdə Deliller təpəsi Kavaklıdərə caddəsi 32/1 ünvanında yerləşib. Qurumun universitetlər üzrə təmsilçisi İsmet Tümtürk olub.

Cəmiyyətin nizamnaməsinə görə qurum aşağıdakı mövzulu əsərləri çap və təmin etməli idi:

Türk inqilabına xidmət edən və altı ox (cümhuriyyətçilik, xalqçılıq, dünyəvilik, milliyyətçilik, dövlətçilik, inqilabçılıq) prinsiplərini mədəni dünyamıza daxil edən;

Ümumi mədəniyyəti artıran və elmi zehniyyəti aşılayan;

Münəvvərdə, xalqda və gənclikdə millətin tərəqqisi üçün faydalı hisslərin kök atmasına yarayan;

Uşaqlar üçün yurd, millət, bilgi, vəzifə və tərəqqi məfhum və sevgisini aşılayacaq rəsmli və elmi-pedaqoji əsərləri.

Nizamnaməyə görə, əgər bu mövzuda kitablar nəşr edilibsə, qurum nəşriyyatlardan və ya şəxslərdən mətbəə qiymətinə üzvləri üçün satın almalı, xalqın ümumi istifadəsi üçün bu kitablardan və müxtəlif dillərdən bu mövzulu əsərlərdən ibarət kitabxana təsis etməli idi. Qurum yuxarıda adı çəkilən mövzuda əsər yazan müəlliflərlə anlaşaraq onların kitablarının nəşrinə nail olmalı idi. Bunları edərkən məqsəd ölkədə mədəni səviyyəni artırmaq olduğu üçün nə qurum, nə də müəlliflər qazanc əldə edirdi.

Hər bir türk vətəndaşı quruma üzv ola bilərdi. Bunun üçün 4 fotoşəkil və 16 quruşluq marka tələb olunub. Cəmiyyət başqa şəhərlərdə də şöbə açmaq səlahiyyətinə sahib idi. Hər yüz nəfərin seçdiyi bir nəfər qurumun ümumi heyətinin üzvü ola bilərdi. Ümumi heyət ildə bir dəfə toplanmalı idi. İdarə heyəti cəmiyyətin ilk quruluşu əsnasında müəssislər tərəfindən təsis edilib. Lazım gəldiyi təqdirdə idarə heyəti altı şəxsdən ibarət elmi heyət də seçə bilərdi. Əsərlərin nəşri, seçilməsi, müəlliflərlə müzakirə, uzlaşma, kitabların yayımı, üzvlərlə olan münasibətlər, büdcə və sair idari işlər idarə heyətinin vəzifələrinə daxildi. İdarə heyəti 5 nəfərdən ibarətdi: Müşavir, sədr, sədr müavini, ümumi katib, mühasib. Lazım gələrsə, heyət idari məclisə daxil olmayan şəxslərdən məmurlar da çalışdıra bilərdi. Cəmiyyətin üzvləri ayda 25 quruşdan 10 lirəyə qədər üzvlük haqqı verməli idilər.

Nizamnaməyə görə kitabdan əldə edilən gəlir növbəti kitabın çapına xərclənməli idi.

9 mart 1940-cı ildə Ankara Xalq Evinin Şərq salonunda qurumun ümumi heyətinin yığıncağı keçirilib, gündəliyə bu məsələlər çıxarılıb: Yığıncaq rəisinin seçilməsi; Dörd aylıq fəaliyyət raporu; Nizamnamənin yenilənməsi; yeni idarə heyətinin seçilməsi; Təkliflər. Qurumun fəxri sədri, ədliyyə naziri Fethi Okyarın rəyasətində baş tutan illik toplantıda millət vəkilləri və professorlar da iştirak ediblər. Okyar qurumun gələcək inkişafından, ölkəyə xeyirli xidmət göstərəcəyindən ümidvar olduğunu bildirib. Toplantıda bildirilib ki, qurum Ziya Gökalpın “Türkçülüyün əsasları” adlı kitabını ilk dəfə olaraq latın qrafikasında çap edib. İki kitabın da nəşri həyata keçiriləcəkdir. Fethi Okyarla xatirə şəkil çəkdirilib, tezliklə qurumun “Bozkurt” adında jurnalının da çıxacağı bildirilib.

“Vakit” qəzetində cəmiyyət haqqında çıxan xəbərdə qurumun fəaliyyəti müsbət dəyərləndirilib: “Ankarada bir kitab sevənlər cəmiyyəti qurulmuş. Başlarında ədliyyə naziri Fethi Okyar kimi ciddiyyəti və yaradıcı qüdrəti ilə tanınmış bir şəxsiyyət də var. İdarə heyəti arasında da bir çox tanınmış elm və sənət adamlarının adlarına rast gəlirik... Çağımız “milliyyət əsri” damğasını daşıyır. Bəzi millətlər öz qan qardaşlarının yüzdə iyirmi-otuzunun yaşadığı torpaqları açıqca mənimsədikləri “anşlüslər” arxasınca qaçdıqları bir dövrdə bizim də özümüzü, öz cövhərlərimizi araşdırmağımız yerində bir əmək sayılır”.

27 aprel 1940-cı ildə qurumun ikinci ümumi toplantısı baş tutub. Bu toplantı ilə bağlı xəbərlərdən aydın olur ki, cəmiyyətin ikinci kitabı da işıq üzü görüb. Bu, Əhməd Hikmət Müftüoğlunun “Çağlayanlar” adlı əsəridir. Bu toplantıdan sonra Kitab Sevənlər Qurumu Xalq Evlərinin tabeliyinə keçib, fəaliyyətinə orada davam edib. 2 may 1940-cı ildə “Vakit” qəzetində çap olunan məqalədə qurumun fəaliyyəti tənqid edilib, cəmi iki kitabın köhnə əlifbadan transliterasiya edildiyi bildirilib. Məqalə müəllifi qurumun İngiltərədəki “Book Society” kimi fəaliyyət göstərməsinin gərəkliliyini qeyd edib, oradakı kimi tanınmış bir yazıçının idarə edib, faydalı əsərləri xalqa tövsiyə edə biləcəklərini yazıb.

Beləliklə, 1939-cu ilin sentyabrında fəaliyyətə başlayan Kitab Sevənlər Qurumu 1940-cı ilin aprelində Xalq Evlərinin tabeçiliyinə verilib, bununla da müstəqil fəaliyyəti sona çatıb. Reha Oğuz Türkkanın 1944-cü il türkçülük-turançılıq mühakiməsi ilə bağlı çıxışında söylədiklərinə görə, Kitab Sevənlər Qurumunun Türkiyə xaricində yaşayan türklərlə bağlı iş görməsi CXP ümumkatibi Fikri Tüzerin müdaxiləsinə səbəb olub və o, cəmiyyəti Xalq Evlərinə birləşdirib.

Qurumun ilk kitabı olan Ziya Gökalpın “Türkçülüyün əsasları” 1940-cı ildə İstanbulda nəşr edilib. Kitaba qurumun ümumi katibi R.Oğuz Türkkan ön söz yazıb. Bu ön sözdə cəmiyyətin məqsədi bu şəkildə izal olunub: “Kitab Sevənlər Qurumu Türk kültürünü ucaltmaq, türkçülüyü ilkin elmi əsaslarla izah etmək, sonra bu idealı bütün Türk ruhlarının günəşi etmək üçün çalışacaqdır... Qüdrətli kadrlarla türkçülüyü yepyeni bir metod daxilində hər cəbhədən izah edəcəyik”.

Ön sözdən aydın olur ki, Zeki Velidi Toğan, Şevket Raşit Hatipoğlu, Abdülkadir İnan, Besim Atalay, Mahmut Esat Bozkurt, Y.Ziya Özer kimi professorlar, eləcə də Avni Motun, Saffet Engin, Orhan Babaoğlu, Şerif Korkut, Vefik Vassaf Akan, F.Nafız Uzluk və s. alimlərin əsərləri cəmiyyətin nəşrləri arasında çıxacaqdı. Kitabın ön sözünün ətək qismində idarə heyətinin üzvlərinin adları yazılıb, orada sədr Mehmet Sadık Aran sabiq Azərbaycan məbusu və jurnalist kimi qeyd olunub. Bizi maraqlandıran da bu məsələdir.

Mehmed Sadıq Aran (Məhəmmədsadıq Axundzadə) Azərbaycan Cümhuriyyəti dövründə Zəngəzurun deputatı olub, işğaldan sonra ömrünü İran, Finlandiya, Türkiyə kimi ölkələrdə keçirib. Türkiyədə Azərbaycan dərnəyi qurub, “Cumhuriyet” qəzetinin əməkdaşı olub. “Türk yolu”, “Şərq yolu” kimi qəzetlər çıxaran Aran bir neçə kitabın da müəllifidir. 1971-ci ildə İstanbulda vəfat edib. Cəmiyyətin ömrü qısa olduğu üçün mətbuatda da məlumat olduqca azdır. Bu məlumatlar arasında Sadıq Aranın qurumda nə kimi işlər gördüyünü müəyyən etmək olmadı.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər