20 Yanvar 2015 10:40
2 350
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstiqlal Muzeyində bir gün

“Gündəlik Teleqraf” “Bir neçə saat muzeydə” rubrikası çərçivəsində ilk reportajını Azərbaycan İstiqlal Muzeyindən başladı. İstiqlal tariximizi özündə əks etdirən muzeydən yolumuzu salmaq heç də təsadüfi deyil. Bu gün 20 Yanvar faciəsinin 25-ci ildönümünü qeyd edirik və bu muzey Azərbaycanın belə dərin və həssas mövzularını hər zaman gündəmdə saxlamağı bacarır. Muzeyə ziyarətimiz elə 20 Yanvarla bağlı tədbirin başlamasına iki saat qalmış gerçəkləşdi. Fotoqrafımız Elçin Muradla həm tədbirə hazırlıq prosesinə müşahidə etdik, həm də sərgilənən eksponatlar haqqında reportaj hazırladıq.

Azərbaycan İstiqlal Muzeyi Muzey Mərkəzində yerləşir. Muzeydə bizi giriş qapısında dayanan gülərüzlü xanımlar qarşıladılar. Onlardan muzeyin direktoru Fəridə (Fəridə Şəmsi) xanımı xəbər aldıq. Hazırlıqla əlaqədar direktorun gərgin iş rejimində olduğunu öyrənirdik ki, Fəridə xanım içəri daxil oldu. Onunla çox qısa söhbətimiz əsasən 20 Yanvar tədbiri və bununla əlaqədar hazırlanan sərgi salonu ilə bağlı oldu: “Tədbirə hazırlaşırıq. Muzey olaraq hər zaman Azərbaycanın həssas mövzularına çox anlayışla yanaşırıq və hər il tədbirlərimiz olur. 20 Yanvarla bağlı bu il də müxtəlif eksponatlar əldə etmişik”.

İstiqlal Muzeyinin fərqi

Daha sonra muzeyin elmi-kütləvi işlər şöbəsinin müdiri Sədi Mirseyibli bizə muzeyin tarixindən danışdı: “İstiqlal Muzeyi 1919-cu il dekabr ayının 7-də parlamentin yaranmasının bir illiyi münasibətilə təsis edilib. 1920-ci il istilasından sonra altı ay fəaliyyət göstərdi və onun məlum olan eksponatları müxtəlif yerlərə dağıdıldı. Muzey 1991-ci il yanvarın 9-da Nazirlər Kabinetinin qərarı ilə yenidən fəaliyyətə başladı. O vaxt muzeyin cəmi 7000 eksponatı olub. Kollektivin birgə səyi və axtarışları sayəsində hazırda bu göstərici 21 minə yaxınlaşır. Eksponatlar maddi nümunələrdən, fotoşəkillərdən, rəsm əsərlərindən, sənədli materiallardan və s. ibarətdir. Əslində, bizim muzey Azərbaycanın dövlətçilik tarixini özündə əks etdirir. Diqqətlə baxsanız, görəcəksiniz ki, muzeyimiz XVIII əsrdən, xanlıqlar dövründən başlayaraq müstəqil Azərbaycan tarixinə kimi olan bir dövrü əhatə edir”.

O, İstiqlal Muzeyinin Tarix Muzeyindən əsas fərqi barədə bunları söylədi: “Muzeyin əsas vəzifəsi qədim zamanlardan bu günədək Azərbaycan xalqının milli-azadlıq hərəkatını işıqlandırmaqdır. Tarix Muzeyi Azərbaycanın qədim tarixindən başlayaraq bu günə kimi olan faktları özündə əks etdirirsə, İstiqlal Muzeyi Azərbaycanın ancaq qəhrəmanlıq tarixini sərgiləyir. Məsələn, Cümhuriyyət dönəmində Azərbaycanda olan dövlətçilik quruluşunu bütün detalları ilə bu muzeydə görə bilərsiniz. Eləcə də Cənubi Azərbaycan hərəkatı ilə bağlı faktları, sənədləri... Hazırda da biz Cənubi Azərbaycan zalındayıq. Bilirsiniz, biz eyni profilə malik olsaq da, fərqimiz dövlətçilik tariximizi özündə əks etdirməyimizlə bağlıdır. 20 Yanvarla bağlı eksponatların sərgiləndiyi zalda 1989-1993-cü illər Azərbaycanı: Qarabağ hadisələri, Xocalı faciəsi, milli qəhrəmanlar, 20 Yanvar faciəsi, Meydan hərəkatına aid olan fotoşəkillər, sənədlər əks olunub”.

Altı zəngin zal

Sədi bəyin sözlərinə görə, muzeyin ekspozisiyası altı zalda nümayiş olunur: “Birinci zalda ümumi atributikadır və orada Azərbaycanın qədim zamanlardan XIX əsrə qədər olan tarixi göstərilir. İkinci zal XIX əsrin ikinci yarısı və XX əsrin əvvəlləri dövrünü əks etdirir. Üçüncü, yəni hazırda biz olduğumuz zal XX əsrin birinci yarısında Cənubi Azərbaycanda olan milli-azadlıq hərəkatlarına aid olan eksponatları sərgiləyir. Dördüncü zalda Azərbaycanın repressiya illərində və Böyük Vətən Müharibəsi illərindəki tarixi nümayiş olunur, beşinci zal XX əsrin axırlarında Azərbaycan milli-azadlıq hərəkatına, Qarabağ müharibəsinə həsr edilib. Sonuncu, altıncı zal müstəqil Azərbaycan Respublikasının tarixi və ümummilli lider Heydər Əliyevin fəaliyyəti əks etdirir”.

Tarixdə on şəxsə verilmiş “Səttarxan” ordeni

“Eksponatları necə və hansı zaman kəsiyində əldə edə bilirsiniz?” sualına müsahibimiz belə cavab verdi: “Arxivlərdən əldə edirik. Bəzən görkəmli tarixçilər əcnəbi arxivlərdə aşkara çıxardıqları materialların nüsxələrini muzeyə hədiyyə edirlər. Bəzən materiallar şəxslərin övladları, yaxın qohumları tərəfindən muzeyə verilir. Məsələn, Cənubi Azərbaycanda general Cəfər Kavyanın şəxsi arxivini, tarixdə on şəxsə verilmiş ”Səttarxan" ordenini onun oğlu Marks Kavyan muzeyə hədiyyə edib. Bunun üçün elmi işçilər müxtəlif danışıqlar aparırlar. Ümumiyyətlə, muzeyə hər hansı materialın gətirilməsi çox çətin prosesdir. Bəzən bir materialı əldə etmək üçün üç il fasilə vermədən işləyirik. Baxın, 20 Yanvar şəhidi Novruzbəyli Ağabəylinin materialları ilk dəfə 2007-ci ildə muzeydə nümayiş olunmuşdu. Amma bu materiallar müvəqqəti xarakter daşıyırdı. Övladı ilə uzun danışıqlardan sonra, nəhayət, 2011-ci ildə Novruzbəylinin bütün şəxsi əşyaları muzeyə təhvil verildi.

Tələsin...

İstiqlal Muzeyində daimi ekspozisiyaya salınmayan müvəqqəti eksponatlar da var. Sədi bəyin sözlərinə görə, bəzən hansısa sərgilərdə yaxın qohumlar tərəfindən muzeyə verilən eksponatlar müəyyən müddət ərzində sərgilənir: “O müddət başa çatan kimi biz materialları həmin şəxslərə olduğu kimi qaytarırıq. Hazırda 20 Yanvarla əlaqədar olaraq Fərizə və İlhamın şəxsi əşyaları muzeyimizdə nümayiş edilir. Bunlar müvəqqəti eksponatlardır. Bir neçə gündən sonra hansı formada onları qəbul etmişiksə, eləcə də sahiblərinə qaytaracağıq. Əgər onlar o əşyaları bizə hədiyyə etsələr, biz onu daimi eksponat kimi siyahıya əlavə edəcəyik”.

Odur ki, bu əşyalara tamaşa etmək istəyənlər tələssinlər, vaxt məhduddur.

Maraqlı tarixçələr

Muzeyə daxil olan hər kəsi ikinci zalda yerləşən “XX əsrin əvvəllərində neft buruqları” adlı maket və tarixi bir iş masası heyran edir. S.Mirseyiblinin sözlərinə görə, bu iki eksponat aid olduqları dönəmləri xarakterizə etdiyinə görə muzeydə sərgilənir.

Digər zalda sərgilənən üçrəngli bayraq diqqətimizi cəlb edir. Sadə bir qadının əllə tikdiyi bu bayrağın çox maraqlı tarixçəsi var. 1989-cu ildə may ayının 28-də Azərbaycanda fövqəladə vəziyyət və komendant saatı rejiminin olduğu vaxtda milli azadlıq hərəkatının bir neçə fəalı Xalq Cümhuriyyətinin üçrəngli bayrağını saat 11 radələrində Qız Qalasında ucaldır. Sadə azərbaycanlı qadının əli ilə tikdiyi bu bayraq xalq hərəkatının simvoluna çevrilir. Muzeyin bir maraqlı eksponatı var ki, həcminin böyüklüyündən sözügedən heç bir zalda nümayiş oluna bilmir. Onun yeri Muzey Mərkəzinin birinci mərtəbəsindədir. Bu 1900-cu ilə aid “Universal” tipli mətbəə çap maşınıdır. Deməli, 1920-ci ilin dekabrında Azərbaycanın Quba qəzasının kəndliləri VIII Ümumrusiya Sovetlər qurultayının ünvanına bir vaqon alma sovqatı göndərirlər. Lenin hədiyyə üçün Quba kəndlilərinə minnətdarlıq edərək almaların Moskvanın uşaq bağçaları arasında paylanması üçün göstəriş verir. Öz növbəsində Lenin Quba zəhmətkeşlərinə hədiyyə olaraq mətbəə çap maşınını göndərir. Bunun sayəsində 1921-ci ilin aprel ayından etibarən Qubanın tarixində ilk qəzet - “Əxbari” (Xəbərlər) adlı qəzet çap olunmağa başlayır. Bu, bütün Respublikada ilk rayon qəzeti idi.

Eksponatlar fondda saxlanılır

O, deyir ki, muzey işçisi üçün burada olan bütün eksponatlar əziz və dəyərlidir: “Bütün eksponatlar böyük zəhmət və əziyyət hesabına muzeyə daxil olub. Ona görə ayrı-seçkilik etmirik. Muzeylərin ən yaralı yeri eksponatların saxlanılması məsələsidir. Bizim muzeydə eksponatların saxlanması baxımından problemimiz olmur. 8 fondumuz var və hər növ eksponatlar orada saxlanılır”.

İndisə, muzeyə giriş qiymətləri barədə... Sədi bəy deyir ki, qiymətlər çox sərfəlidir. Yəni əcnəbi vətəndaş üçün muzeyə giriş 5, yerli sakinlərə 2, tələbələrə 1 manat, tələbə statusundan aşağı təbəqə üçün isə 50 qəpikdir. Fiziki qüsurlu insanlar, şəhid ailələri üçün isə giriş hər zaman sərbəstdir: “Muzeyimizdə ildə bir neçə dəfə açıq qapı günləri olur. 20 Yanvar, Xocalı, Abidələrin mühafizəsi günü, 18 aprel, 18 may, Beynəlxalq turizm günləri bu qəbildəndir. Bu günlər ziyarətçi bol olur”.

Nərmin Muradova

Fotolar Elçin MURADINDIR


Müəllif:

Oxşar xəbərlər