Kinonun Əlavə Dəyər Vergisindən (ƏDV) azad olunması ilə bağlı Milli Məclisin Mədəniyyət Komitəsinin iclası keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Fazil Mustafa deyib.
“Yaxın 10 gündə Milli Məclisin Mədəniyyət komitəsində kino sənayesi, filmlərin çəkilişi və kinoların ƏDV-dən azad olunması ilə bağlı dinləmə keçiriləcək. Dinləməyə rejissorlar, prodüserlər və başqa sənət adamları dəvət olunacaq. Bu istiqamətdə iş gedir”, - deyə deputat vurğulayıb.
Əməkdar incəsənət xadimi, rejissor Elxan Cəfərov saytımıza açıqlamasında bildirib ki, kino ƏDV-dən azad olunsa bu, çox böyük addım sayılar və Azərbaycan kinosunun inkişafına mühüm təkan verər:
“Azərbaycan kinosunun güclü qazancı yoxdur ki, hələ ƏDV də ödəsin. Bildiyimiz kimi kino texniki sənətdir və maliyyədən asılıdır. Təkcə əməkhaqqıdan söhbət getmir, kino bir neçə mərhələ üzrə texniki maliyyələşdirilməlidir. Bu baxımdan hesab edirəm ki, ƏDV-nin ləğvi kino xadimləri üçün böyük hədiyyə olar.
ƏDV-nin ləğvi birbaşa maliyyəyə xidmət edəcək. İndiki halda filmə ayrılmış maliyyənin 18 faizinin büdcəyə qayıtması absurd durumdur. Onda filmin maliyyə dəyəri də az olur. ƏDV üçün nəzərdə tutulan məbləğ az deyil. Bu maliyyəni filmin yaxşı yaradıcı və texniki təchizatla təmin olunmasına yönəltmək mümkündür”.
Elxan Cəfərov hesab edir ki, kinoya dəstək verən iş adamlarına da müəyyən güzəştlər olunmalıdır.