“Borcumuz var, bu da bir çox problemlərimizlə əlaqəlidir. Amma Emil Quliyevə heç kim deməyib ki, filmdən yığılan məbləğlə işıqpulunu ödəmişik. Pandemiyadan sonra kassa yığan filmlərimiz yoxdur, tamaşaçı axını azalıb və bundan qaynaqlanan problemlərimiz var. Biz tam təsərrüfat hesablı qurumuq. Ona görə sözsüz ki, çətinliklərimiz var. Amma müqavilə əsasında biz o pulu ödəyəcəyik”.
Bu sözləri Teleqraf.com-a Nizami Kino Mərkəzinin direktor əvəzi Arzu Əhədova rejissor Emil Quliyevin iradlarına cavab olaraq deyib.
Qeyd edək ki, rejissor Emil Quliyev sosial şəbəkə hesabında "Mən burada tək olmuşam" filminin prokatından yığılan məbləği hələ də ala bilmədiyini yazmışdı.
“Təxminən bir il bundan qabaq Nizami Kino Mərkəzində "Mən burada tək olmuşam" filminin prokatı baş tutdu. Prokat dövrü ərzində müəyyən bir məbləğ yığıldı. Getdim pulumu almağa, dedilər ki, sənin puluna kinoteatrın işıqpulunu ödəmişik. mişik. Onların yerinə mən utandım, inanın Allaha.
Hələ də pulumu ala bilməmişəm. Əslində, heç almaq fikrim də yoxdur. Kinomuzun işığı olmasa da kinoteatrımız işıqlı olsun”- deyə rejissor bildirib.
Sosial şəbəkədə geniş müzakirə olunan mövzuya prodüser, rejissor Fehruz Şamıyevin mövqeyi belə olub: “Rejissor Emil Quliyev Nizami Kino Mərkəzindən öz filminin nümayişindən gələn vəsaitini istəyib. Rejissorun dediyinə görə, Mərkəzdən bildiriblər ki, onun vəsaiti ilə kinoteatrın işıq borcunu ödəyiblər və o da bu cavaba görə utanıb.
Statusda yazıldığından fərqli olaraq mən statusda yazılan mənada utanmalı bir məsələ görmürəm. "Nizami" onsuz da hər gün hər rejissorun əvəzinə utanır, hər prodüserin əvəzinə əzilib, sıxılır ki, onların vəsaitini qaytara bilmir.
Rejissorun, prodüserin pulunu sağa- sola xərcləmir, sadəcə kino camiəsinin ticarət mərkəzlərində, hansısa dəxlisiz zallarda toplanmasına imkan verməmək üçün binanın fəaliyyətini davam etdirməsinə xərcləyir.
Nizami Kino Mərkəzində hər il dövlət idarələrinə məxsus onlarla tədbir, film təqdimatları keçirilir. Amma çoxlarının xəbəri yoxdur ki, bu tədbirlər üçün Nizami Kino Mərkəzinə heç bir manat da ödənilmir. Niyə?
Ona görə ki, hörmətli Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi buna icazə vermir. Nazirlik əsas gətirir ki, mərkəz Mədəniyyət Nazirliyinin balansındadır və o da film təqdimatları və tədbirləri üçün öz idarəsinə vəsait köçürə bilməz. Digər tərəfdən, Nizami Kino Mərkəzi təsərrüfat hesablı idarədir.
Nizami Kino Mərkəzi isə bu qarışıqlıqda borc içində boğulur və problem neçə ildir davam edir”.