23 Yanvar 2015 16:07
1 128
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı Xoreoqrafiya Akademiyasının kollektivi ilə görüşüb.

Mədəniyyət və Turizm Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, nazir görüşdə yeni təyin edilmiş rektoru kollektivə təqdim edib.

Nazir bildirdi ki, 2014-cü il Azərbaycan xoreoqrafiya sənətində çalışanlar və bu sahədə təhsil alanlar üçün yaddaqalan bir il olub. Prezident İlham Əliyevin mədəniyyətimizə, incəsənətimizə göstərdiyi diqqət və qayğının daha bir nümunəsi olaraq Bakı Xoreoqrafiya Akademiyası yaradılıb. Bu hadisə xoreoqrafiya sənəti tariximizdə yeni bir mərhələ və gələcəkdə görüləcək böyük işlərin başlanğıcı olacaq.

Son illərdə bu sahədə əldə edilən uğurlardan danışan nazir xoreoqrafiya ənənələrinin qorunaraq inkişaf etdirilməsində göstərdiyi gərgin əməyə görə tədris ocağının kollektivinə təşəkkürünü bildirib. Bakı Xoreoqrafiya Akademiyasının bundan sonra da öz məzunları ilə ölkəmizi beynəlxalq səviyyədə tanıdacağına əminliyini vurğulayan Əbülfəs Qarayev yeni müəssisənin müasir tələblərə uyğun fəaliyyət göstərəcəyini, fasiləsiz davamlı təhsilə təkan verəcəyini qeyd edib. O həmçinin qeyd edib ki, Cənubi Qafqaz regionunda yeganə Xoreoqrafiya Akademiyası olan tədris ocağının yeni binasının layihəsi tanınmış avstriyalı memar Frans Yants tərəfindən hazırlanacaq.

Məlumat üçün bildirək ki, Prezident İlham Əliyev 30 aprel 2014-cü il tarixində Bakı Xoreoqrafiya Məktəbinin bazasında ümumi, orta ixtisas və ali təhsil proqramlarını həyata keçirən Bakı Xoreoqrafiya Akademiyası yaradılması haqqında sərəncam imzalayıb. Sənədə əsasən, yeni tədris ocağı ölkəmizdə xoreoqrafiya sənəti ənənələrinin qorunması və inkişaf etdirilməsinə, bu sahə üzrə yüksəkixtisaslı kadrların hazırlanmasına töhfə verməlidir. Dövlət başçısının 26 dekabr 2014-cü il tarixli sərəncamı ilə Timuçin İlyas oğlu Əfəndiyev Bakı Xoreoqrafiya Akademiyasının rektoru təyin edilib.

Nərmin


Müəllif:

Oxşar xəbərlər