Çoxdan gözlənilən “İyirmi birinci möcüzə” filminin qala gecəsi keçirilib.
Teleqraf.com xəbər verir ki, gecədə filmin yaradıcı heyəti, sənət adamları, tanınmış simalar iştirak edib.
Ekran əsərinin rejissoru Şahin Qəhrəman, ssenari müəllifi Elçin Muradov, operatoru Şahmar Səfəroğlu, rəssamı Vüqar Qurbanov, bəstəkarı Rüstəm Zeynallı, filmin direktoru Sain Qəhrəman, baş prodüseri Ələsgər Mehdiyevdir.
"NM Film" prodakşının istehsalı olan filmdə rolları Nicat Mehdi, İbrahim Çingiz, Kəmalə Piriyeva, Məhəmməd Verdizadə, Mətanət Əhmədova, Tural Əhməd, Fidan Axundova, Elman Rəfiyev, Ülviyyə Rza, Toğrul Rza, Məryəm Hüseynova, Kamil Heybətov və başqaları canlandırıb.
Fərid (Nicat Mehdi) və Ramal (İbrahim Çingiz) Bakı küçələrində böyüyən kimsəsiz gənclərdir. Ramal Fəridin saflığından istifadə edib, işləməyə məcbur edir ki, guya bu pulu toplayıb anasını tapmağa gedəcəklər. Günlərin birində varlı ailədən olan Ayanı təsadüf nəticəsində xilas edirlər. Ayan (Kəmalə Piriyeva) dərdini bu gənclərə danışır. Fərid isə bu dərdə çarə tapır. Belə ki, plana görə Ramal ilə Ayan guya bir-birini sevir və evlənəcəklər. Elə hər şey də bundan sonra başlayır.
Filmin rejissoru Şahin Qəhrəman bildirib ki, filmlə cəmiyyətə çox vacib mesajı çatdırmaq istəyir.
"Filmdə daun sindromlu bir uşağın hekayəsi danışılır. Ətrafımızda bu cür uşaqlar çoxdur. Bu filmlə biz o uşaqlara, o uşaqların valideynlərinə dəstək olmaq, onlara motivasiya vermək istəyirik. Bilsinlər ki, onlar tək deyillər".
Fərid obrazını canlandıran Nicat Mehdi filmlə bağlı olan fikirlərini qısaca belə ifadə etdi: "Çəkildiyim ilk filmdir. Çəkilişlər də yaxşı keçdi. Gəlin, bu filmə baxın"
Aktyor İbrahim Çingiz rolu barədə danışmaq istəmədi: "Həqiqətən rolum barədə danışmaq istəmirəm. Çünki istəyirəm tamaşaçılar özləri gəlib kinoteatrda filmi izləsinlər. Bu filmdə tamaşaçılar həm güləcək, həm də ağlayacaqlar. Ən əsas da hər bir yaş kateqoriyasını əhatə etməyə çalışmışıq. Hər kəs ailəsi, dostları ilə gəlib filmə baxa bilər. Filmlərin sayının çox olması yaxşıdır, bununla biz tamaşaçıları kinoteatra gətirə bilərik. Bu filmin mesajı odur ki, biz fərqli insanlara düzgün münasibət göstərməliyik. Onları özümüzdən kənarlaşdırmamalıyıq".