28 Mart 20:08
1 524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə şirkətləri ilk dəfə olaraq Azərbaycanın kino sənayesinə investisiya yatırır.

Teleqraf.com-a xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Kino Agentliyi məlumat yayıb.

Qeyd olunur ki, Azərbaycan və Türkiyə arasında olan kino platforması çərçivəsində Azərbaycan Respublikasının Kino Agentliyi ilə qardaş Türkiyənin tanınmış film şirkətləri olan ”Skala Film Prodüksiyon” və “Tulpar Film” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən yaxın vaxtlarda "Qızıl qatarı" (Altun tren) adlı Azərbaycan və Türkiyə bazarlarına çıxacaq birgə filmin istehsalı nəzərdə tutulur. Filmin istehsalı istiqamətində birgə fəaliyyətləri müəyyən edən üç tərəfli Anlaşma Memorandumunu Azərbaycan tərəfdən Kino Agentliyinin baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu Türkiyə tərəfdən isə “Skala Film” şirkətinin idarə heyətinin sədri İsmayıl Bəyazid imzalayıb.

Çəkilişlərinin Azərbaycanda aparılması planlaşdırılan filmin mövzusu XX əsrin əvvəllərində Türkiyə və Azərbaycanın qarşılıqlı əlaqələrindən bəhs edir. Xilaskar Nuru Paşanın Azərbaycana köməyə gəlməsi, həmçinin Azərbaycandan qardaş Türkiyəyə qızıl yüklü vaqonların göndərilməsi filmin əsas sujet xəttini təşkil edir.

Qeyd edək ki, Türkiyə şirkətləri tərəfindən ilk dəfə olaraq Azərbaycanın kino sənayesinə investisiya yatırılır. Filmin maliyyə tərəfi qardaş ölkənin istehsalçıları tərəfindən həyata keçiriləcək.


Müəllif: Pərvin Cəfərova