“Çox təəssüf ki, bizdə aktyor agentliklərinə inamsızlıq var. Etiraf etməliyəm ki, bizim nəsil bu kimi məsələlərə isti yanaşmır. Amma müasir dövrdə hər bir aktyor və aktrisanın agenti, meneceri olmalıdır".
Bunu Teleqraf.com-a əməkdar artist Sənubər İsgəndərli deyib.
O, yaxın günlərdə Qazaxıstanda premyerası olacaq “Canım Qazaxıstan” filminə əməkdaşlıq etdiyi agentlik vasitəsilə çəkildiyini deyib.
Aktrisa bir neçə ildir Səbuhi Məmmədovun rəhbəri olduğu “Actors Agency of Azerbaijan”la çalışır.
"Səbuhi bəy uzun illərdir ki, bu sahədədir və işinin peşəkarıdır. Bir neçə ildir bərabər çalışırıq, işimizdən də məmnunam. Aktyorların agentliyə bağlı fəaliyyət göstərmələri onlara yeni imkanlar açır, eyni zamanda bu, bir çox məsələlərdə rahatlıq yaradır".