Kəramət Böyükçöl tənqidçi Zakir Məmmədlə şair Ramiz Qusarçaylının şeirini müzakirə edir.
Qəbul otağında ağlayan əlil
Kimin qəbuluna gəlmisən, qağa,
Kimin qapısına atıblar səni.
Gör kimin yolunda ölmüsən, qağa,
Gör kimin kefinə satıblar səni ...
Kimin nə vecinə nə gündəsən sən,
Ayağın hardadı,
əlin hardadı ?!.
Evinin içində sürgündəsən sən,
Torpağın hardadı, elin hardadı ?!.
Səngərə bənzəyir qapının ağzı,
Qapının ağzında abrın sürünür,
Dəlir qulağını yaylım atəşi,
Qapının ağzında səbrin sürünür,
Üzür ürəyini yardım atəşi...
Burda yalan-yalan qəlpələnirsən,
Burda boş vədlərə səpələnirsən...
Yalana qarışıb məmurun başı,
Talana qarışıb məmurun başı,
Verənə qarışıb məmurun başı
Alana qarışıb məmurun başı,
Qapının ağzında qəbrin sürünür,
Yurdunu ağlaya bilməyənlərin
Səni ağlamağı gülünc görünür ...
Bilirəm, Allaha qalıb əlacın,
Hər günün taleyin gizlənpaçıdı.
Səni süründürən çörək ağacı
Səni dik saxlayan əl ağacıdı ...
İllərdi yuxundan gülləlr keçir,
Varından, yoxundan güllələr keçir,
Uzaqdan, yaxından güllələr keçir,
İllərdi abrını güllələyirlər,
İllərdi səbrini güllələyirlər,
Solundan, sağından güllələr keçir,
Güllə qaytarmağa əl-ayağın yox
İllərdi qəlbini güllələyirlər...
Yurdundan yağını qova bilmədin,
Qovdun bədənindən əl-ayağını.
Qovulan ayağın
qovulan əlin
Payına şəriklər tapılır burda,
İndi də özünü qov bu qapıdan
Üzünə bağlıdır qapılar burda.
Haqqın düyün düşən bağı çürüyüb,
İnsafın, mürvətin tağı çürüyüb,
Nə ocaq, nə də ki, yada yurd düşür,
Bu pərdə gözlərdən çəkilən deyil ?!.
Sən görən Vətənə elə qurd düşüb
Zəl-zələ qopsa da tökülən deyil...
Köksün Daşaltıdı,
sinən Şellidi,
Ölən kim, qaçan kim, sənə bəllidi...
Şəhidi bəllidi
əlili bəlli,
Sənə bu millətin zəlili bəlli...
Gör kim başa çəkir zəlil başları,
Çörəyə oynadır əlil başları...
Nə şahə qaldırır,
nə atdan düşür,
Qarabağ savaşı urvatdan düşüb ...
İllərdi ağzının dadı əlildi,
Divardan asılan ələyin əlil,
İllərdi gözünün odu əlildi,
İllərdi dilənən biləyin əlil.
Hərəmiz bir cürə əlilik, qağa,
Sən candan əlilsən,
bədəndən əlil,
Mən yurddan əliləm, Vətəndən əlil,
Sən əldən əlilsən, ayaqdan əlil,
Mən yad əlindəki torpaqdan əlil...
Bu dünya mənim də qəbul otağım,
Hələ çox qapımı bağlar içimdə.
Təbrizli, Dərbəndli əlil torpağın
Arazı, Samuru ağlar içimdə.
Qara yellar öpür Xarı bülbülü,
Mən əsir torpağın gül əliliyəm.
Şairinki sözdü,
şairinki dil,
Neynim ki, yanında dilim qısadı,
Mən sənin yanında dil əliliyəm,
Əlindən tutmağa əlim qısadı
Mən sənin yanında əl əliliyəm.
Oynayıb yerindən bu baş, bu beyin,
Gözüm gözləməkdən yorulub mənim.
Sınıb şüşə kimi Şuşa ürəyim
Qarabağ qanadım qırılıb mənim...
Mənə göz dağıdı,
Sənə göz yaşı,
Göz-göz, ürək-ürək çürüyən bədən,
Qoru göz yaşını, əlil qardaşım,
Qoru, göz yaşıyla göyərməz Vətən ...
Nə hönkür dərdini, nə giley daşı,
Yüz üzdə, yüz adda gözlərdən qoru.
Qoru, göz yaşını, əlil qardaşım,
Aşağı, yuxarı ... bizlərdən qoru ...
– Zakir bəy, Ramiz Qusarçaylının bu şeiri nə üçün sizin xoşunuza gəldi?
– Ümumiyyətlə, Ramiz Qusarçaylı şeirin yazılışını elə bir həddəcən davam etdirir ki, məqsədinə axıracan nail olsun. Şair istədiyini o zaman əldə edir ki, qurduğu mətni, necə deyərlər, nöqtə-vergülünəcən poetik örtüyə bürümüş olsun. "...Əlil" şeirində forma, üslub, məzmun bir-brinə yaraşır. Tək bir adamın yox, az qala bir xalqın əlillik nişanələri düzgün kodlaşdırılıb. Konkret bir şəraitdə konkret bir icmanın ömür başa vurmağında hansı ağır mənəvi əzablara qatlaşmağa məhkum olunduğunu bu şeirdə güzgüdə gördüyümüztək görürük.
– Şeirin üslubu, intinasiyası sizə hansı şairləri xatırladır?
– Ramiz formaca o üslubun təmsilçisidir ki, ədəbiyyat tarixçiləri onu Səməd Vurğun ədəbi məktəbi kimi təsnif edirlər. Ancaq Səməd Vurğundan bu günəcən həmin üslub uzun bir yeniləşmə yolu keçibdir. Məsələn, ilk şeirləri Vurğunu çox xatırladan, lakin az bir vaxtdan sonra tam fərqli bir intonasiya ilə məşhurlaşan Məmməd Araz mərhələsi yarandı. Metodoloji oriyentasiya baxımından Ramiz Qusarçaylının Məmməd Arazla, Məmməd İsmayıl, Musa Yaqubla yaxınlığını qeyd edə bilərik. Amma ayrı-ayrılıqda bu şairlərin hər birinin fərdi üslubu açıq-aşkar seçilir. Ramiz Qusarçaylıda şeirə lazım olan bütün poetik vasitələrin vəhdəti və sıxlığı daha güclüdür.
– Şeirin konkret bu bəndi haqqında nə deyə bilərsiniz? Burda hansı poetic həqiqət var?
Kimin qəbuluna gəlmisən, qağa,
Kimin qapısına atıblar səni.
Gör kimin yolunda ölmüsən, qağa,
Gör kimin kefinə satıblar səni ...
– Bu sətirlər şeirin başlanğıcı rolunu oynayır, "böyük əhvalata" girişdir və publisistik məzmunludur. Şair el dili ilə xırda deklarativ detalları təqdim edir. Əsil poeziya hadisəsi sonra baş verir.
– Təxminən, bilirdim bu cür cavab verəcəksiniz. Aydındır. Bəs bu bəndə nə deyirsiniz? Bu ki başlağıc deyil, adi həyat həqiqətlərini şeirə olduğu kimi gətirmək sizcə, hansısa məharət tələb edir? Konkret bu bənddə hansı bədii həqiqət var?
Yalana qarışıb məmurun başı,
Talana qarışıb məmurun başı,
Verənə qarışıb məmurun başı
Alana qarışıb məmurun başı,
– Burda birinci növbədə sosial həqiqətin təfərrüatları əksini tapıb. Şairin məqsədi əlilliyin əsil səbəblərini göstərməkdir. İnsanın qolunu, qıçını itirməsi əlilliyin ictimai bəla kimi anlaşılmasına səbəb olmur. Ona görə də "xalqdan əlil", "dildən əlil" olmaq aqibəti millətin üzünə bağlanan qapılarla, o qapılardan içəri baş verən yalanlarla, talanlarla da bağlıdır.
– Bəzən deyirlər ki, şeir təhlil olunmur. Şeir ya oxucunun xoşuna gəlir, ya da gəlmir. Bu fikirlə razısınız?
– Şeiri təhlil etmək vacib deyil. Təhlilə o zaman ehtiyac duyulur ki, məsələn, indi biz şairin uğur qazanıb-qazanmadığını bilmək istəyirik. Şeir, oxumaq üçün olsa da, onu oxuyan ayrı-ayrı adamlar bir-neçə kəlmə ilə də olsa, münasibətlərini ifadə edirlər. Məsələn, "yaxşıdır", "xoşuma gəlmədi" və s. Təhlil etmək də münasibət bildirməkdir, amma bu, peşəkarcasına edilmiş bir hərəkətdir.
– Fikirlərinizi Ramiz Qusarçaylının haqqında danışdığımız şeiri üzərində bildirsəniz yaxşı olar.
– Bax, Ramizin bu şeiri adamı danışmağa məcbur edir. Söhbət həm də əsərin dəyərləndirilməsindən gedir ki, gərək dediklərini sübut edəsən. Şairin niyyəti nədirsə, bu, oxucu üçün maraqlıdır. Müharibə həm bitib, həm davam edir. Şair Qarabağ savaşından bəhs edərək, bir yandan atəşkəs nəticəsində döyüşlərin müvəqqəti olaraq saxlandığına işarə etsə də, digər yandan başqa bir daha qəmli müharibənin ölkə içində ürəklərə yara vurduğunu deyir. Biz öz həyat tərzimizdən razı deyiliksə, bunun səbəblərindən danışan adama qulaq asmağa həvəs göstəririk.
– Məncə, Ramiz müəllimin bu şeiri ayrı-ayrı gözəl misralardan ibarətdir. Şeir bütöv deyil. Misraları təsirlidir. Zakir bəy, yanıla da bilərəm, siz necə düşünürsünüz? O fikir də var ki, şeir bir neçə misrada özünü göstərə bildisə, deməli, ortada poetic fakt var və deməli, şeir alınıb.
– Bayatı cəmi dörd misradan ibarətdir. Bunun da əlli faizi poetiklikdən, bəzən də normal məzmundan məhrum olur. Ən yeni dövrün bir çox tanınmış şairləri şeir quruculuğuna dediyiniz şəkilədə yanaşıblar. Əlbəttə, yaxşı olar ki, şeirdə obrazlar zəngin olsun. Poetik fiqurlardan tez-tez istifadə olunsun. Poeziyanı publisistikadan fərqləndirən əsas cəhət budur. Mirzə Cəlilin felyetonları bədii üslubun tələblərinə nə qədər cavab versə də, Sabir daha maraqla oxunur. Çünki onda obraz daha çoxdur. Qusarçaylının da obraz yaratmaqda, forma axtarışları aparmaqda uğurları çoxdur. Heca ahəngi ilə bərabər, sait və samitlərin harmonik rəqsi də şeirin bədii keyfiyyətinə təsir edir.
– Bu şeirdə vətənə ironiya var? Yoxsa şair bütün misralarda ciddidir?
– Ramiz Qusarçaylının şeirlərində həm ironiya, həm də incə bir yumor müşahidə edilir. Bu şeirdə:
Sən görən Vətənə elə qurd düşüb
Zəl-zələ qopsa da tökülən deyil...
– Aha…
– Olduqca tutarlı ifadələrdir. Müalicə olunmayan canlıya – bu daha çox davara, qoyun-quzuya aiddir – qurd düşəndə bəzən qarşısını almaq çətin olur. Vətən belə bir canı orqanizmlə müqayisə edilir. Bununla belə şeirdə qoyulmuş problemin ciddiyyətinə şübhə ola bilməz. Şair torpağın əsir olduğunu deyərkən, elə işğal olunmuş yerləri nəzərdə tutmur. Çox incə detallara qədər qələmini işlədir: "Mən əsir torpağın gül əliliyəm". Xarı bülbülü nəzərdə tutur. Kəramət bəy, siz deyin, şair əlil obrazını yarada bilibmi? Əsas şərt budur.
– Zakir bəy, şeirin məqsədi əlilin obrazını yaratmaqdırsa, yarada bilib. Ancaq mənə elə gəlir ki, burda ən çox əlil olan elə şeirin özüdür. Çünki müasir poeziyada vətənə, millətə, xalqa münasibət atrıq ötən onillikdəkindən fərqlidir. Ramiz Qusarçaylının istedadla yazlımış bu şeirində isə məncə, vətənə, vətəndaşa, əlilə və əlilliyə fərqli münasibət yoxdur. Sanki, şeir ayrı-ayrı gözəl misraların arxasında gizlənib oxucuya göz-qaş edir.
– Bu vətəndə əlilliyi doğuran səbəblər dəyişməyib axı. Və tarixi də Samurun, Arazın keçmişi və bu günü ilə bağlıdır. Əgər yazırsa, "səni süründürən çörək ağacı", indi bu "zəlillik" təkcə Qarabağ qazilərinə aid deyil, hamıya aiddir. Düz deyirsiz ki, bu, dünən də belə idi. Lakin "on ildi, ağzının dadı əlildi" yazan şairin dəsti-xəttinin başqalarından fərqləndiyi də görünür.
Kəramət Böyükçöl