30 Aprel 2015 16:37
2 180
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kəramət Böyükçöl tənqidçi Zakir Məmmədlə şair Sevinc Elsevərin şeirini müzakirə edir.

Hesab dərsi

Balaca Rəşid
saydı barmaqlarını, saydı
“bir... iki” dedi, dayandı
böyüklər nə dillər tökdü
üçü, dördü yedi
elə “bir, iki” deyib
sözünün üstündə durdu

Saydı, ağacları saydı
maşınları
evləri
otaqları
pəncərələrdə işıqları saydı
hamısının cəmi iki elədi

Bircə göydəki ayı, günəşi düz saydı
səhər günəşə bir dənədi dedi
ikinci günəşi tapa bilmədi
axşam aya...
ulduzları da
topladı
çıxdı
vurdu
böldü
yenə cavab iki elədi...

– Zakir bəy, Sevinc xanımın bu şeirini uşaq ədəbiyyatı nümunəsi saymaq olarmı?
– Bəli, necə deyərlər, uşaq ədəbiyyatının gözəl nümunəsi saymaq olar.

– Sizə görə, uşaq şeiri ilə uşaq haqqında şeir arasında fərq varmı?
– Uşaq şeiri ilə uşaqlar haqqında şeiri və ya hekayəni eyniləşdirmək olmaz. Uşaq şeirində uşaq düşüncəsinə daha çox istinad olunur, uşaqların həyatını əks etdirən əsər isə müəllifin və ya toplumun problemə münasibəti üstünlük təşkil edir. Uşaq şeiri üçün çıxış nöqtəsi uşaq təfəkkürü, digər halda uşaq aləmi və cəmiyyətin maraq və arzuları sayıla bilər.

– Necə düşünürsünüz, Sevinc xanımın sözügedən şeirini uşaq oxuyub asanlıqla nəsə anlaya bilərmi?
– Müəllimin bələdçiliyi ilə uşağın anlaması çətin deyil. Sevinc xanımın uşaq şeirlərini oxumuşdum. Onun, əsasən, həcmcə iri olan "böyüklər üçün yazdığı" şeirlərindən birini seçməyi qərara almışdım. Təsadüfən, bu şeiri tapdım və müzakirə üçün faydalı hesab etdim. Sevinc Elsevər o şairlərimizdəndir ki, onlar şeirdən nəsrə keçid mərhələsini başa çatdırmaq üzrədirlər və onların daha çox sosial-psixoloji problemləri əks etdirən şeirləri daxili bölgüyə əsaslanmayan misralardan ibarətdir. Biz Ana dili və ədəbiyyat dərsliklərimizi forma və məzmunca yeniləşdirmək istəyiriksə qafiyəsiz, bölgüsüz şeir nümunələrini də şagirdlərə təqdim etməliyik.

– “Hesab dərsi” şeiri ən çox nəyi ilə əhəmiyyətlidir?
– Uşaq ağlı ilə nəzərdən keçirilən bu "hesab məsələsi", fikrimcə, ona görə əhəmiyyətlidir ki, uşaq düşüncəsini bərkdən-boşdan keçirmək gücünə malikdir. İndi orta məktəb dərsliklərimizin tipik qüsurlarından biri kitablarda çox bəsit mətnlərin yer almasıdır. "Kurikulum" deyilən yeni proqram üçün düşündürən və uşaq təfəkkürünün çalışdırılmasına impuls verən belə mətnlərin seçilməsi çox vacibdir.

– Elə uşaq şeirləri var müəllim də anlamır.
– Təəssüf hissi ilə deməliyik ki, bir qədər analitik mətnləri müəllimlərimiz özləri anlaya bilmirlər. Hətta bizim bir çox dərslik müəllifləri hələ də “xalq nağılları”ndan ayrıla bilmirlər.

– Düzü, mən özüm bu şeiri anlamaqda çətinlik çəkirəm. Məncə, uşaq təfəkkürü şeirdə poetik həllini o qədər tapmayıb. Siz necə bilirsiniz?
– Ümumiyyətlə, bizim uşaq ədəbiyyatında güclü poetik obrazlara çox rast gəlmirik. Nəsrdən fərqli olaraq şeirdə uşaq təfəkkürünün inkişafına daha çox diqqət yetirilir. Çox zaman da fikir bədiiliyi üstələyir. Bu şeir aşağı yaşa uyğun olduğuna görə nəzərdə tutduğumuz poetizmin az, ya çox dərəcədə olması əsas deyil.

– Nədir əsas olan?
– Siz deyirsiniz, obraz yoxdur. Ancaq bənzətmə və müqayisələrə diqqət vermək lazımdır. "Balaca Rəşid saydı barmaqlarını, saydı". Sonra sayılan əşyalar olduqca maraqlı və rəngarəngdir. Şair təklik və çoxluq anlayışından yazmaqla təkcə "hesab" öyrətmir, dünyanın azının-çoxunun, hələ ki, gözlə gördüklərimizin düzgün sayılmasını öyrədir. Uşağın hələ "bilmədiyi, bacarmadığı" gerçəklərdən uşaq üçün də maraqlı ola biləcək əsil gerçəklərə baxış yaxşı tərbiyə üsuludur. Birmənalı olaraq təhsil prosesində tədris mənbəyi olan kitabın və ya mətnin səviyyəsi ondan istifadə edənlərin səviyyəsindən bir neçə dəfə yuxarı olmalıdır.

– Elədir.
– M. Ə. Sabirin "Uşaq və buz" şeirində buz elmsizliyin, biliksizliyin rəmzi deyilmi? Şair deyir ki, uşaq dərsə gedəndə, hələ savadı olmadığı üçün ayağı sürüşüb yıxılır, amma yazda dərs ili başa çatdıqdan sonra "qar və buz əriyir", indi ayağı üçün yer dayağa çevrilir. Deməli, buz savadsızlığın rəmzidir. Bunu hansı ibtidai sinif müəllimi uşağa başa salır?

– Başa salmır.
– Yaxşi haldır ki, indi millətimizin gələcəyi üçün prioritet olan dərslik probleminə az da olsa, toxuna bildik. Zənnimcə, bu məsələ ədəbiyyatşünas alimlərimizin, şair və yazıçılarımızın daim diqqətində olmalıdır. Bugünkü uşaq sabahın oxucusu sayılır.

– Bəs şeirin dili haqqında nə demək olar? Məncə, şeirdə çoxlu artıq sözlər var. Hansı ki, o sözlər şeirdən çıxsa belə fikir yenə ifadə olunur.
– Məsələn, hansı sözləri deyirsiniz?

– “Bircə göydəki ayı, günəşi düz saydı...” Məgər yerdə Ay, Günəş olur? Olmaz ki, belə yazaydı: “Bircə Ayı, Günəşi düz saydı”.
– Məntiqcə haqlısınız. Amma uşaq ağlında, təfəkküründə "göydəki ay", "göydəki günəş" qəlibi daha asan anlaşılır. Tədrisdə əyanilik deyilən bir vasitə var. Elə böyüklər də ritorikaya qapılanda belə danışırlar.

– Zakir bəy, bu şeirin girişi, çıxışı, əvvəli, sonu varmı? Söhbət şeirin texnikasından gedir. Şeir öz çevrəsini qapaya bilirmi, fəlsəfəsi varmı?
– Uşaq şeiri olduğuna görə bunun tədris əhəmiyyəti də nəzərdən keçirilməlidir. Yeni proqramın bir tələbi fənlərarası inteqrasiyadan istifadə edilməsidir. Riyaziyyat, texnologiya və s. fənlərlə əlaqə yaratmaq çox asandır. Şeirin adında ifadə olunan "hesab dərsi" bir neçə mənada özünü doğruldur. Şair saya bilmək və saya bilməmək şəklində bir texnoloji sxem vasitəsilə sayılan və ya sayıla bilməyən şeyləri(əşyaları) sadədən mürəkkəbə prinsipi ilə düzür. Bu şeirin fəlsəfəsi ikili məntiqə əsaslandığı üçün anlayışların seçilib ayrılmasında meyar birinci və ikinci dərəcəli əşyalar və informasiyalar şəklində müəyyənləşir.

– Sonra...
– Axşam və səhər, gecə və gündüz, bir və iki təsəvvürü nəzəri bilik nümayiş etdirməsə də antitezanın gözəl nümunələridir. "Pəncərədəki işıqlar"ın sayılmasında məsələnin mahiyyətinin bir qədər də dərinləşdirilməsi niyyəti güdülür. Pedaqoji ictimaiyyətə bir mesaj olaraq sözümü həm də o yerə yönəldirəm ki, belə ədəbi nümunələrin məktəbdə öyrədilməsi lazımdır və bizim xeyrimizədir.


Müəllif:

Oxşar xəbərlər