11 İyun 2015 16:02
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Musiqili Teatrında Üzeyir Hacıbəylinin “Ər və arvad” musiqili komediyası 45-ci dəfə nümayiş olunacaq.

Teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu qəzetimizə açıqlamasında bildirib ki, tamaşanın bu dəfəki nümayişinin özəlliklərindən biri də ingilis dilində tərcümə sətirlər – qaçan titrlər vasitəsilə tamaşaçılara təqdim olunmasıdır: “I Avropa Oyunları ilə əlaqədar ölkəmizə təşrif buyuran qonaqlara daha yüksək keyfiyyətli mədəni xidmət göstərilməsi üçün Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin xüsusi dəstəyi ilə teatrın repertuarındakı bir sıra əsərlər ingilis dilinə tərcümə olunub. “Ər və arvad” da həmin tamaşalardan biridir. Ümumiyyətlə, Musiqili Teatrın iyun repertuarı xüsusi şəkildə təşkil olunub və I Avropa Oyunları ilə əlaqədar tamaşalar əsasən ingilis və rus dillərində təqdim olunacaq”.

Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Yusif Əkbərov, quruluşçu-dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı əməkdar rəssam Eldar Qurbanov, quruluşçu-baletmeysterləri Yelena və Zakir Ağayevlərdir. Əsərin yeni redaktəsi və orkestrləşdirilməsi əməkdar incəsənət xadimi Sərdar Fərəcova məxsusdur.

Tamaşada rolları xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamal, əməkdar artistlər Nahidə Orucova, Ələkbər Əliyev, Əkbər Əlizadə, Emma Məlikova, aktyorlar Əliməmməd Novruzov, Ruslan Mürsəlov, Gülcahan Salamova, Ağaxan Şərifov və Fərid Rzayev ifa edəcəklər.

Tamaşa iyun ayının 13-də saat 19.00-da başlayacaq.

Nərmin


Müəllif:

Oxşar xəbərlər