20 Avqust 2015 11:31
1 958
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oleq Əmirbəyov: “İllər sonra buna baxıb, özündən soruşacaqsan...”

Müsahibim Rus Dram Teatrının gənc, perspektivli aktyoru, eyni zamanda, teleaparıcı Oleq Əmirbəyovdur. Onunla böyük sənətkar Müslüm Maqomayevin anım mərasimində görüşdük. Deyir, Müslüm Maqomayevin doğum və vəfatının ildönüm günlərində mütləq ailəsi ilə birgə onun məzarını ziyarətə gəlir.

- Gəlin, söhbətə Müslüm Maqomayevlə tanışlığınızdan başlayaq...
- Müslüm Maqomayevlə 2005-ci ildən tanışıq. Amma ondan da öncə mən hələ uşaqkən onun səsinin vurğunu idim. Bir dəfə televiziyada “Oxuyur, Müslüm Maqomayev” adlı sənədli film nümayiş olunurdu. Filmə baxdım və orada səslənən bir mahnı yaddaşımda həmişəlik həkk oldu. Ondan sonra hər dəfə məktəbdə məndən soruşanda ki, ən sevimli müğənnin kimdir, deyirdim Müslüm Maqomayev. Amma o vaxtlar heç ağlıma da gəlməzdi ki, nə vaxtsa bu böyük sənətkarla bir masa ətrafında oturub, ifasına canlı-canlı qulaq asacam. İnternetdən sıx istifadə etməyə başlayanda Müslüm Maqomayevin musiqilərini axtarışa verdim. Bir gün bir sayt qarşıma çıxdı, ordan Müslüm Maqomayevin musiqilərini yükləmək olurdu. Sonra bildim ki, məhz bu sayt vasitəsilə Müslüm Maqomayev öz pərəstişkarları ilə əlaqə saxlayır. Bir dəfə doğum günü münasibəti ilə Müslüm Maqomayevə məktub yolladım. O da mənə cavab verdi və beləliklə, ondan sonra biz məktublaşmağa başladıq. Yəqin, balaca, bakılı bir oğlanın ona olan belə marağı onun diqqətini çəkmişdi ki, mənimlə çox sıx maraqlanmağa başladı. Biləndə ki, mən aktrisa Rita Əmirbəyovanın oğluyam, çox təəccübləndi. Məlum oldu ki, onun musiqisini yazdığı Eldar Quliyevin “Diversiya” filmində aparıcı rollardan birini mənim anam oynayıb. Ona görə hər dəfə söhbətimizin sonunda o, məndən anama salam göndərməyimi xahiş edirdi.

2005-ci ildə Müslüm Maqomayev özünün doğum günü münasibəti ilə sayt vasitəsilə əlaqə saxladığı insanları bir yerə topladı. Məni də dəvət etdi, getdim və biz əyani tanış olduq. Moskvada oxuduğum zamanlarda tez-tez onların evinə gedərdim, ona görə bizim aramızda çox xoş dostluq münasibətləri var idi. İndinin özündə belə Tamara xanımla tez-tez zəngləşirik. Ona görə də hər il həm Müslüm Maqomayevin doğum və rəhmətə gedən günü bura gəlib, onu ziyarət edirik.

O, çox yaxşı insan idi. Yadımdadır, Moskvada universitetə daxil olanda mənə zəng etdi və dedi ki, mənim köməkçimlə görüş, sənə hədiyyə gətirəcək. Köməkçisi ilə görüşdüm və baxdım ki, mənə noutbuk göndərib.

- Sizin aktyor olma hekayəniz necə başlayıb?
- Xüsusi bir hekayəsi yoxdur. Atam böyük aktyor Arnold Xarçenko və anam Rita Əmirbəyova teatr adamlarıdır. Anam Azərbaycanın əməkdar artistidir və 37 ildir ki, səhnədədir. Hazırda da Rus Dram Teatrında çalışır. Atam isə rəhmətə gedib. Qardaşım operatordur. Bizə teatr uşaqları deyirdilər. Çünki uşaqlıqdan teatrın içində böyümüşük.

- Ötən teatr mövsümü Sizin üçün necə yadda qaldı?
- Açığını deyim ki, ötən mövsüm teatrda yeni tamaşalarda çıxış etmədim. Bunun da müəyyən səbəbləri var. Teatr olaraq cəmi üç tamaşa təhvil verdik.

- Rus Dram teatrı üçün bu, çox da yaxşı nəticə deyil. Çünki hər il teatrda 5-6 tamaşa hazırlanırdı. Xüsusi səbəbi varmı?
- Bəli, hər il çox əsərlər səhnəyə qoyulurdu. Sadəcə, ötən mövsüm teatrımızda yubileylər çox oldu. Hacımurad Yegizarovun yubileyi ilə əlaqədar olaraq rejissor İlqar Safat “Artist və onun kölgəsi” adlı bir tamaşa hazırladı. Mənim kimi teatrımızın bir çox aktyor və aktrisaları tamaşada iştirak etdilər. Doğrudur, tamaşa boyu heç bir sözümüz yox idi, amma bütün hallarda Hacımurad müəllim kimi böyük sənətkarla bir səhnəni bölüşmək fəxr idi. Bundan başqa, Lyudmila Duxovna və Yuli Baliyevin də yubileyi ilə əlaqədar teatrda tamaşalar hazırlandı, orada da kiçik bir rol ifa etdim. Amma yubiley tamaşaları birdəfəlik olur. Və başqa vaxt oynanılmır.

- Hər il yeni tamaşaların olmaması sizin kimi gənc aktyora necə təsir edir?
- Elə il olur ki, teatra məşqdən məşqə gedirsən. 11-də məşq başlayır, sonra fasilə, daha sonra yenə məşqlər olur. Saat 7-də isə tamaşanı təqdim edirik. 2014-cü ildə üç, dörd tamaşada rol aldım. Bu il bir az zəif oldu, amma ümidvaram ki, 95-ci teatr mövsümündə biz tamaşaçılarımızı yeni tamaşalarla sevindirəcəyik.

- Yeni mövsümdə nələr olacaq?
- Yeni mövsüm barədə hələ ki heç bir şey deyə bilmərəm. Çünki mövsüm sentyabr ayının 18-də start götürəcək. Yaradıcılıqla bağlı planlar barədə rəhbərlikdən soruşmaq lazımdır. Bu barədə bizim heç bir məlumatımız yoxdur.

- Bəzən olur ki, ötən mövsümün sonlarından yeni mövsümdə oynayacağınız rollarınız qismən bəlli olur.
- Bu il bir az fərqli oldu. Çünki dekabr ayında teatrımızın 95 illiyi olacaq. Bununla bağlı teatrın müəyyən planları var. Amma dəqiq nə olacağını deyə bilmərəm.

- Bəs kino karyeranızda hansı yeniliklər var?
- Sonuncu dəfə Mirzə Fətəli Axundzadəyə həsr olunan “Sübhün səfiri” filmində rol aldım. İndi kinostudiyada da işlər zəif gedir. Bu yaxınlarda kinostudiyaya məni dəvət etmişdilər. Yeni çəkilməli olan filmin ssenarisini verdilər, oxudum, amma onun gələcəyi necə olacaq, bilinmir.

- Filmlərdən normal qonorar ala bilirsiniz?
- İlk dəfə 2011-ci ildə rejissor Samir Kərimoğlunun çəkdiyi “Mən evə qayıdıram” filmində çəkildim. Filmin rejissoru əvvəl Şamil Əliyev idi, o məni Losev roluna çağırmışdı. Sonradan filmin heyəti dəyişməli oldu. Rejissor Samir Kərimoğlu mənə baş rolu - baş leytenant Atatoli Vasilenko obrazını canlandırmağı həvalə etdi. “Sübhün səfiri” filmində isə şair Mixail Lermontov roluna dəvət aldım. Əvvəl bir az təəccüblənmişdim, amma sonra o obraza təsdiqləndim və oynadım. Roluma hazırlanarkən Lermontovun gündəlikləri, məktubları, onun Azərbaycana səfərləri barədə geniş məlumat aldım və bunlar hamısı mənə çox gərəkli oldu. O ki qaldı qonorar məsələsinə...Avropa, Amerika ilə nisbətdə Azərbaycanda aktyora verilən ən çox qonorar belə o ölkələrlə müqayisə olunmaz dərəcədə azdır. Ona görə bizdə hər aktyor özü müəyyən edir: onun üçün yaxşı qonorar nə qədərdir.

- Sizin üçün yaxşı qonorar nə qədərdir?
- Bunu açıqlamaq istəmirəm. Kommersiya sirridir. Hər aktyor öz qonorarını necə danışırsa, elə də alır. “Həyat çiçəyi” serialına çəkiləndə ən yaxşı qonorarlardan birini orada aldım. Amma təəssüflər olsun ki, serialın ömrü qısa oldu. Cəmi 10 seriya lentə alındı.

- Hər serial təklifinə razılıq verirsinizmi?
- Xeyr, hər seriala razılıq vermirəm. Dəvət edirlər, sadəcə olaraq keyfiyyət məsələsinə görə razılaşmıram. İnsan gərək özü-özünə hörmət etsin. Pul naminə iki, üç, dördüncü dərəcəli serialda çəkilmək olar, amma bunların hamısı internetdə, televiziyanın arxivində qalır. İllər sonra bu seriallara baxıb, özündən soruşacaqsan ki, hansı ağılla razılıq verib bu seriala çəkilmisən. Kino və teatrda yeniliklər olmadığına görə ötən mövsüm yaradıcılıq cəhətdən zəif oldu.

- Onda fəaliyyətinizin əsas hissəsini nəyə həsr etdiniz? Televiziyaya?
- Qismən demək olar. 2014-cü ildən televiziyada efirə gedən “Mən azərbaycanlıyam” milli bilik yarışmasının aparıcısıyam. Ondan başqa, Qəbələ Beynəlxalq Musiqi Festivalı, Polad Bülbüloğlunun yubiley gecəsinin, eləcə də, Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən çoxsaylı tədbirlərdə aparıcı qismində iştirak etmişəm.

- Sizin baş rolu oynadığınız “Qürur və qərəz” tamaşasında yaratdığınız mister Darsi dünyaca məşhur olan bir obrazdır. Teatrda Sizin ifanızda bu rol necə qarşılandı?
- “Qürur və qərəz” teatrımızın ən populyar tamaşalarından biridir. Bu, kinorejissor İlqar Safatın teatrda ilk işi idi. Tamaşa və rolumla bağlı “Facebook” sosial şəbəkəsində tamaşaçılardan çox müsbət fikirli mesajlar alıram. Yazırlar ki, “tamaşaya baxdıq, ifanızı bəyəndik” və s. Tamaşaçılar bunu yazırsa, demək, onlar bəyəniblər. Biz də tamaşaçılara görə işləyirik.

- Demək olar, o tamaşa sizi məşhurlaşdırıb?
- O tamaşadan öncə də tanıyırdılar. Əlbəttə, bu dünya ədəbiyyatında və eləcə də, kinematoqrafiyada çox məşhur bir obrazdır. Bilirsiniz ki, bu rolu kinoda Kölen Fört canlandırıb. Belə rolların hər bir aktyorun repertuarında olması çox yaxşıdır.

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər